Qarabağ Komitəsi dekabrın 15-də Bakı şəhərində "Məhsul" stadionunda "Qarabağa azadlıq!", "İşğala son!" şüarları ilə mitinq keçirmək istəyir. Bu barədə komitənin noyabrın 28-də keçirilən iclasında qərar qəbul edilib.
Qarabağ Komitəsi 2018-ci ilin iyulunda təsis edilib. Komitəyə Klassik Xalq Cəbhəsi, Müsavat, Milliyətçi Hərəkat, İslam, Xalq, Ağ, Vərəndaş Həmrəyliyi, Mili Demokrat partiyaları, Qarabağ Azadlıq Təşkilatı, Qərbi Azərbaycana Qayıdış İctmai Birliyi, Qarabağ Qaziləri təşkilatı və çoxsaylı Qarabağ müharibəsi iştirakçısı daxildir.
Komitənin məqsədi Qarabağ probleminin daim ictimai diqqətdə saxlanılmasıdır. Komitə bunun üçün mütamədi olaraq mitinqlər, yürüşlər, elmi konfranslar, sərgilər, görüşlər və digər ictimai tədbirlər keçirməyi qarşısına məqsəd qoyub.
Komitə sentyabrın 29-da Bakıda, Məhsul stadionunda “Qarabağa azadlıq!”, “Köçkünləri yurdlarına qaytarın!” şüarları ilə mitinq keçirib.
Amma, Bakı şəhər İcra Hakimiyyəti komitənin noyabrın 8-də piket, noyabrın 24-də mitinq keçirməsinə icazə verməyib.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər erməni silahlı birləşmələrinin nəzarətinə keçib.
Münaqişənin sülh yolu ilə nizamlanması üçün aparılan danışıqlar hələ bir nəticə verməyib.