Bu gün, avqustun 30-da Ağdamın “Qarabağ” futbol klubu Bakıda UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində cavab matçında Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.
“Qarabağ” “Şerif” üzərində inamlı qələbə qazanaraq UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Baxmayaraq ki, Ağdam təmsilçisi bir həftə öncə Moldovada “Şerif”ə 1:0 hesabı ilə məğlub olmuşdu. Amma Bakının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda bu dəfə rəqibi 3:0 hesabı üstələyən “Qarabağ” klubu iki oyunun nəticəsinə görə, mübarizədən üstün çıxıb.
Hər iki komanda mübarizəyə UEFA Çempionlar Liqasından başlayıb. “Şerif” II təsnifat mərhələsində Makedoniyanın “Şkendiya” klubuna iki oyunun nəticəsinə əsasən məğlub olub.
“Qarabağ” isə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya”, II mərhələdə isə Albaniyanın “Kukesi” komandasını mübarizədən kənarlaşdırıb. Ancaq Ağdam təmsilçisi III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olmuşdu.
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə bu uğura, artıq dördüncü dəfə yiyələnmiş olur.