Accessibility links

Azərbaycan və Ermənistan qüvvələri arasında şiddətli döyüşlər davam edir


Noyabrın 4-də Azərbaycan və Ermənistan qoşunları arasında şiddətli döyüşlər davam etməkdədir. Tərəflər bir-birini humanitar atəşkəsi pozmaqda günahlandırır. Hər iki tərəfdən itkilər var.

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-də Azərbaycan Ordusunun daha 7 kəndə nəzarəti ələ aldığını bildirib.

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Əliyev tvitter səhifəsində yazıb.

Ermənistan rəsmiləri bu məlumatı təsdiqləməyib.

Azərbaycan tərəfinin rəsmi məlumatlarına görə, hərbi əməliyyatların başladığı sentyabrın 27-dən indiyədək Azərbaycamn Ordusu 4 rayon mərkəzi, 3 qəsəbə və 200-dən çox kəndə nəzarəti ələ keçirib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan bildirib ki, noyabrın 3-ü səhərdən başlayaraq Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdə “Qarabağ Ordusu”nun mövqelərinə hücum cəhdləri edib.

“Martuni (Xocavənd) qəsəbəsi, Çartar qəsəbəsi və Şuşi (Şuşa) meşələrində döyüşlər davam edir. Bu gün (oktyabrın 3-də) boyunca həm cəbhə xəttində, həm də Qarabağa nüfuz edən düşmənin ayrı-ayrı təxribat qruplarına qarşı döyüşlər olub. Səhər Martuninin cənubunda Azərbaycan Silahlı Qüvvələri zirehli texnika, aviasiya və artilleriyanın dəstəyi ilə mövqelərimizə hücum etməyə çalışıb. Ancaq, çoxlu sayda canlı qüvvə və texnika itki verərək geri çəkilib. Günün qalan vaxtında Ermənistan Silahlı Qüvvələri düşmən üzərində üstünlüyünü saxlayıb.

Şimal istiqamətinə gəlincə Azərbaycan ordusu günortaya qədər Karvaçar (Kəlbəcər-red) tərəfdə tüstü şaşkasından istifadə edərək təmas ərazisinə nüfuz etməyə çalışıb. Lakin düşmənin hərəkəti dərhal hiss olunub və dəqiq artilleriya atəşi ilə dayandırılıb. Təxribat qrupu xüsusilə Taqavat kəndi istiqmətində hərəkət etməyə cəhd edib. Düşmənin itkilərinin çoxluğu onların döyüş potensialının zəifləməsinə təsir edib. Onlara qarşı döyüşmək ilk günlərdə olduğu kimi o qədər də çətin deyil,” Hovanisyan qeyd edib.

Özünü “Dağlıq Qarabağın Müdafiə Ordusu” adlandıran qurum bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupu Şuşa istiqamətində irəliləməyə cəhd edib.

"Gecə boyunca bütün istiqamətlərdə durum nisbətən sabit-gərgin olaraq qalıb. Düşmən yalnız “Müdafiə Ordusu”nun mövqelərini deyil, dinc yaşayış məntəqələrini də atəşə tutmaqda davam edib. Mülki əhali arasında itkilər var. Gecə yarısından sonra düşmənin təxribat qrupu Şuşi (Şuşa) istiqamətində müvəffəqiyyət əldə etməyə çalışıb, lakin “Müdafiə Ordusu”nun bölmələrinin və könüllülərin müqaviməti ilə qarşılaşıb. Ağır itkilər verərək geri çəkilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin qrupunun mühasirəyə alınaraq məhv edilməsi üçün cəhdlər edilir. Cəbhə xəttindəki əməliyyat-taktiki vəziyyət “Müdafiə Ordusu”nun nəzarətindədir,” məlumatda deyilir.

Hər iki tərəf gün ərzində ərazilərdəki mülki yaşayış yerlərinin atəşə tutulması barədə məlumat yayıb.

Azərbaycan Baş Prokuroru bildirib ki, sentyabrın 27-dən noyabrın 3-dək Azərbaycanın ümumilikdə 91 mülki vətəndaşı həlak olub, 405 nəfər yaralanıb, 2488 yaşayış evinə, 97 çoxmərtəbəli binaya, 461 mülki infrastruktur obyektinə, minlərlə nəqliyyat vasitəsinə ziyan dəyib.

Ermənistan rəsmilərinin mülki itkilərlə bağlı fikirləri müxtəlifdir.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun Fövqəladə Vəziyyət Xidməti kimi təqdim edən qurum bildirir ki, oktyabrın 4-nə gecə Dağlıq Qarabağın Xankəndi (Stepanakert) və Şuşa dinc yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb, dağıntılar və dinc sakinlər arasında xəsarət alanlar var.

Son məlumatlara görə, Azərbaycan tərəfinin atəşə tutması nəticəsində ümumilikdə 46 mülki şəxs həlak olub, 142 nəfər yaralanıb, 13100 ev dağılıb, 2700 mülki infrastruktura, 2000 nəqliyyat vasitəsinə ziyan dəyib,” məlumatda deyilir.

Amma bu məlumat müstəqil ekspertlər tərəfindən təsdiq edilməyib.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin mülki yaşayış yerlərinin atəşə tutulması barədə məlumatlarını təkzib edib.

“Ermənistan mətbuatı bu gün işğal altında olan yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən müxtəlif silahlardan atəşə tutulması ilə bağlı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatlar yayıb. Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır,” Müdafiə Nazirliyi bildirib.

Hərbi itkilərə gəlincə, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.

"Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır," Putun qeyd edib.

Ermənistan oktyabrın 29-dan noyabrın 2-dək hərbi itkiləri barədə məlumat yaymayıb. Yalnız, noyabrın 2-də 11 hərbiçisinin, o cümlədən tanınmaış “Dağlıq Qarabağın müdafiə nazirnin” iki müavininin həlak olduğunu bildirib. Beləliklə, rəsmi məlumatların yekunu olaraq Ermənistan Ordusu 1177 hərbiçisini itirib. Lakin bu məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatına görə, noyabrın 3-də cəbhəboyu ərazilərdə 2 ədəd 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmisi, 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmisi, 1 ədəd 300 mm-lik raket (9M528) zərərsizləşdirilib.

Ümumilikdə agentlik tərəfindən sentyabrın 27-dən noyabrın 3-dək317 ədəd partlamamış hərbi sursat (PHS), 1 627 ədəd piyada əleyhinə mina, 276 ədəd tank əleyhinə mina, 460 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 173 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 21 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 723 ədəd partlamış raket hissələri aşkar oluub.

​2020-ci il sentyabrın 27-də qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

XS
SM
MD
LG