Accessibility links

Azərbaycan müdafiə rəsmiləri Qarabağda silahlı qarşıdurma olduğunu deyir


Silahlı qarşıdurma

Dekabrın 27-də Dağlıq Qarabağda yaranan silahlı qarşıdurma nəticəsində 7 nəfər həlak olub.

Azərbaycan Müdafiə Nazirliynin məlumatında deyilir ki, Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir Azərbaycan hərbi qulluqçusu həlak olub. Rəsmi Bakı "hücum edən" erməni hərbçilərin öldürüldüyünü bildirir.

"Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir," Müdafiə Nazirliyi bildirilib.

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Ordusunun hərbçiləri həmin ərazidə hər hansı əməliyyatda iştirak etməyib.

“Artsax (Dağlıq Qarabağ) “Müdafiə Ordusu”nun birlikləri ilə əlaqəli də hər hansı hadisə qeydə alınmayıb,” nazirlik qeyd edir.

Hadrutun keçmiş meri Vahan Savadyan ehrimal edir ki, ərazidə "Qarabağ Müdafiə Ordusunun hərbçiləri qala bilər."

Adı çəkilən ərazidə bundan öncə də silahlı insident baş verib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən, Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

XS
SM
MD
LG