Accessibility links

Qasım Süleymaninin öldürülməsinin İran-Azərbaycan münasibətlərinə təsirləri - ekspertlərlə müsahibələr


Qasım Süleymani
Qasım Süleymani

İranın elitar Qüds Korpusunun komandanı general Qasım Süleymaninin Bağdadda öldürülməsi Azərbaycanda geniş müzakirələrə səbəb olub. Azərbaycan hökuməti qonşu dövlətə başsağlığı verib. İctimai fikirdə isə müxtəliflik var. Bir qrup insanlar Süleymaninin Azərbaycan Respublikasına və İran Azərbaycanına qarşı münasibətdə insan hüquqlarına, beynəlxalq hüquq normalarına zidd mövqedə olduğunu bildirir. Digərləri isə onu "azadlıqsevərlərinin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi" kimi təqdim edir.

General Süleymaninin öldürülməsindən sonra yaranmış gərginliklərin Azərbaycana mümkün təsirləri, yarada biləcəyi risklər barədə ekspertlər - AMEA-nin şöbə müdiri Fərda Əsədov, Azərbaycanın Rusiyada keçmiş səfiri, politoloq Hikmət Hacızadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi​, şərqşünas alim Aida Qəmbər​, Milli Şuranın Rəyasət Heyətinin üzvü Tofiq Yaqublu​, şərqşünas Zərdüşt Əlizadə və siyasi icmalçı Rauf Mirqədirov​ ilə müsahibələri təqdim edirik.

Fərda Əsədov: Milli Azərbaycan hissləri regionda böyük sarsıntıların kölgəsindədir

Azərbaycan Milli Elmlər Aakademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədov Amerikanın Səsinə müsahibəsində bildirib ki, general Süleymaninin öldürülməsini 2011-ci ildə eyni ittihamlarla, yəni terrorçuluq və başqa ölkə vətəndaşlarının həyatlarına təhlükə yaratmaqda təqsirli bilinmiş Usama bin Ladenin qətli ilə müqayisə etmək olar.

“Səkkiz il yarım bundan öncəki qətlə münasibət islamçı radikallar müstəsna olmaqla, dünyada soyuqqanlılıq və anlaşma ilə müşahidə olundu. Hətta ərazisində ABŞ xüsusi dəstələrinin əməliyytından guya xəbəri olmayan Pakistan höküməti belə etirazını bildirmək deyil, beş il sərhədləri daxilində sığınacaq tapmış Usama ben Laden haqqında xəbərsiz olduğunu izah etməli oldu. İndiki halda nə dəyişdi? Çoxları şərhlərində qeyd edir ki, bu dəfə Amerika prezidenti müəyyən qırmızı xətti keçdi. Bu qırmızı xətt haradan keçir? Birincisi odur ki, general Süleymani yüksək rütbəli hərbi dövlət məmurudur. Bu öz-özlüyündə onun fəaliyyətini və ona qarşı qoyulan terrorçuluq ittihamlarını hüquqi tərəfdən şübhə altına gətirir. İkincisi, indiki qətl əməliyyatı ABŞ-ın Yaxın Şərq siyasətinin indiyə qədər birtərəfli və bir çox digər ölkələrdə tənqidlə qarşılanmış başqa addımları-məsələn, Qüdsin İsrail paytaxtı kimi elan edilməsi, Qolan təpələrinin İsrail ərazisi hesab edilməsi kimi ABŞ prezidentinin qərarları (Qolan təpələri İsrailin şimal-şərqində Suriya, Livan və İordaniya ilə sərhəd ərazidə yerləşir. 1967-cil ildə altı günlük müharibə zamanı İsrailin nəzarətinə keçib. 25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverinliyini tanıyıb) ilə bir sırada durur. Bir halda ki, Usama bin Laden kateqoriyalı insanlar və “Əl-Qaidə” bənzər təşkilatlar qanun xaricində və rəsmi hökümətlərdən rəsmən gizli şəkildə fəaliyyət aparmışlar, general Süleymaninin taleyi digər ölkə məmurları arasında anlaşılmazlıq və çaşqınlıq da yaratmaya bilməzdi. Bunu hətta ABŞ isteblişmenti sıralarında da müşahidə etmək olur.”

Fərda Əsədov
Fərda Əsədov

Ekspertin fikrincə, bu il keçiriləcək ABŞ prezident seçkilərinin yaxınlaşması da Trampın siyasi rəqiblərin münasibətinə təsir göstərə bilər.

“Yuxarıda göstərilmiş xüsusiyyətlər ABŞ siyasətində son zamanlar tələsik, danışıqlar deyil, güc tədbiri tətbiq etmək və hədələmə tədbirlərinə qarşı narazılıq və məyusluq hisslərini artırır, hiddətləndirir və bu hisslərə əsaslandırma, legitimlik gətirir,” o qeyd edib.

Fərda Əsədov “İran dəfələrlə Azərbaycanı təhdid edib. Vaxtı ilə İran gəmiləri Azərbaycanın geoloji kəşfiyyat işləri aparan gəmisinə hücum edib, İran təyyarələri dəfələrlə güc nümayişi məqsədi ilə Azərbaycanın hava məkanına soxulub. Bəzi məlumatlara görə, İran Azərbaycanı Xəzər dənizində təhdid edəndə general Süleymani Neft daşlarına hücum edəcəklərini bildirib. Bu halda bəzi azərbaycanlıların və təşkilatlaın İranı müdafiə etməsi haradan qaynaqlanır?” sualının cavabında deyib ki, ABŞ siyasətinə rəqib olmuş yüksək rütbəli dövlət məmurunun öldürülməsi və ABŞ-ın Yaxın Şərq siyasətinin son zamanlar birtərəfli kəskinləşdirici addımları İranın və Süleymaninin Azərbaycana qarşı bildirilmiş mövqelərində əsas münasibət formalaşdırıcı amil deyil.

“Süleymaninin sözləri, Azərbaycana münasibəti insan yaddaşında həkk edilmədi. Bəlkə də buna səbəb o da oldu ki, Azərbaycan ictimaiyyəti və hökümətinin İranla munasibətlərdəki gərginlik və çətinliklərə dair, düşündüyüm qədər, haqlı olaraq soyuqqanlı və məsuliyyətli, daha cöx xoş qonşuluq dəyərlərinə yönəlik münasibəti olmuşdu.


“Süleymaninin sözləri, Azərbaycana münasibəti insan yaddaşında həkk edilmədi. Bəlkə də buna səbəb o da oldu ki, Azərbaycan ictimaiyyəti və hökümətinin İranla munasibətlərdəki gərginlik və çətinliklərə dair, düşündüyüm qədər, haqlı olaraq soyuqqanlı və məsuliyyətli, daha cöx xoş qonşuluq dəyərlərinə yönəlik münasibəti olmuşdu,” o qeyd edib.

Alim “azərbaycanlılar özlərini dini mənsubiyyətinə, yoxsa milli kimliyinə görə indentifikasiya etməlidir?” sualını milli kimlik məsələsində böyük sadələşdirmə hesab edir.

“Milli dirçəliş dövrümüzün başlanğıcı, müstəqilliyimizin şəfəqi dövründən azərbaycançılıq nəzəri islam, türkçülük və müasirlik (Avropa ilə yaxınlaşma) dəyərlərinin birliyi üzərində qurulub. Türkçülük öz növbəsində dini kimliyinin inkarı demək deyil. Bunu Türkiyə kimliyi misalında görmək olar. Başqa tərəfdən, Azərbaycan kimliyi məsələsi çox mürəkkəb münasibət sistemlidir. İran türkləri arasında bu daha az öz inkişafını tapmış dəyərdir. Şimalda isə bu məfhumun etnik müxtəliflik anlayışı ilə yaxınlaşdırmaq tendensiyası da müşahidə olunmaqdadır, çünkü müasir Azərbaycan kimliyi müasir dövlətçiliyimizin, Azərbaycan Xalq Cümhuriyyəti ənənələrindən başlanğıcını alan inkişafa söykənir. Əlbəttə, əhalinin hamısı, 100 faiz eyni fikirdə olmaya bilər, milli təşəkkül prosesi davam etməkdədir. Lakin istiqamət bu tərazlığı və bağlılığı saxlamağa və artırmağa doğru olduğu halda azərbaycançılıq inkişaf edə biləcəkdir. Bəlkə, elə bu səbəbdən Azərbaycanın xaricdən olan cağırış və sarsıntılara münasibəti dayanaqlı və tarazlaşdırılmış olması təmin edilir.”

Fərda Əsədov son hadisələr fonunda İran Azərbaycanında milli-mədəni hərəkatın yenidən genişlənmə ehtimalından danışarkən deyib ki, burada birmənalı cavab verməkdə çətinlik çəkir.

“Lakin mənə elə gəlir ki, indiki məqamda Azərbacan milli şüurunun siyasiləşməsi və geniş hərəkat miqyası alması üçün münasib vəziyyət deyil. Milli Azərbaycan hissləri regionda böyük sarsıntıların kölgəsindədir. Bu tayda da, Azərbaycan Respublikasının siyasəti ehtiyatlı və məsuliyyətlidir, çünki aydındır ki, İrandakı sarsıntılar ilk növbədə bizm dövlətimizə humanitar fəlakət və təhlükəsizlik sahəsində təsiri ola bilər. İranın sabitliyini sarsıtmaq potensialı olan başqa - iqtisadi və qlobal siyasət çağırışları olmaqdadır. Cox şey, hər şey İranın bu cağırışlar və sınaqlara cavablarından, sinə gəlməsindən asılıdır,” Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri qeyd edib.

Hikmət Hacızadə: Milli hərəkat genişlənə bilər

Azərbaycanın Rusiyada keçmiş səfiri, politoloq Hikmət Hacızadənin fikirlərincə, Süleymani kimi insanların kimliyində dualizm müşayiət olunur.

"Rəqiblərimizə qarşı bu Məcnunsayağı məhəbbətin ölkəmizdə yayılmasının qarşısı alınmalıdır."


“Bir tərəfdən onlar özlərini Azərbaycanın övladları, digər tərəfdən İran şiə sisteminin pərəstişkarları kimi hiss edirlər və görünür ki, elələrində ikinci kimlik daha güclüdür. İslam respublikası sistemini ən uğurlu, ədalətli və Azərbaycan üçün ən yararlı sistem sayırlar. Dünya tarixində belə nümunələr az da olsa müşayiət olunur. Məsələn, bolşevik Rusiyası ilə rəqabət aparan Qərb ölkələrinin bəzi ziyalıları SSRİ-dən gələn dəhşətli xəbərləri inkar edib kommunist sistemini müdafiə edirdilər və Stalinin ölümünə yas tuturdular... Faşıst Almaniyası ilə müharibədə olan Britaniyanın zadəganları və hətta kral ailəsinin bəzi üzvləri Hitler üçün sinov gedirdilər. Odur ki, bizim bu gün bəzi insanlarımızın İran sistemini sevməsi heç də unikal bir hadisə deyil.”

“Azərbaycanlılar özlərini dini mənsubiyyətinə, yoxsa milli kimliyinə görə indentifikasiya etməlidir?” sualına cavabda politoloq bildirib ki, ölkənin hər bir övladı üçün milli - vətəndaş kimliyi əsas olmalıdır.

Hikmət Hacızadə
Hikmət Hacızadə

İran generalının öldürülməsi fonunda İran Azərbaycanında milli hərəkatın yenidən genişlənməsi məsələsinə gəldikdə Hikmət Hacızadə hesab edir ki, milli hərəkat genişlənə bilər.

“Əlbəttə, genişlənə bilər. Dava təzə qızışır və bu gün heç kim bilə bilməz ki, nə ilə bitəcək... Burada risklər də, mükafatlar da çox böyükdür,” o qeyd edib.

Süleymaninin Azərbaycana qarşı təhdidlərinə, o cümlədən, Neft daşları ilə bağlı fikirlərinə gəlincə, o hesab edir ki, "İran şiə sisteminin vurğunları belə faktları görmək, tanımaq istəmir".

"Süleymanının təhdidlərini belə haqq sayırlar. Burada bizim dövlət və müstəqil mediyamız güclə məlumatlandırma, izah və təbliğat kampaniyasını aparmalıdır. Rəqiblərimizə qarşı bu Məcnunsayağı məhəbbətin ölkəmizdə yayılmasının qarşısı alınmalıdır."

Seymur Həzi: İdentifikasiyanın bir kodu var: daşıdığımız pasport- yəni vətəndaşlıq

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi İran generalı Qasım Süleymaninin öldürülməsinin Azərbaycanda kədərlə qarşılanmasına münasibət bildirib.

O hesab edir ki, buna "milli ideyanın rəsmi sıxışdırılması" meydan açır.

Düzdür, bu, heç kimə əsas vermir ki, Azərbaycan hakimiyyəti pisdirsə, o başqa ölkələrin atributlarına aşiq olmalıdır. Ancaq hər halda bizim dəyərlərimiz, bizim uğrumuzda canlarından keçənlər olmalıdır.


“Düzdür, bu, heç kimə əsas vermir ki, Azərbaycan hakimiyyəti pisdirsə, o başqa ölkələrin atributlarına aşiq olmalıdır. Ancaq hər halda bizim dəyərlərimiz, bizim uğrumuzda canlarından keçənlər olmalıdır. Bu gün hakimiyyət Məmmədəmin Rəsulzadə ilə illərdir apardığı mücadilənin nəticəsini görür. Hamı özünə xaricdə kumir axtarır. On minlərlə fəal və real respublikaçıdan başqa.”

“İran dəfələrlə Azərbaycanı təhdid edib. Vaxtı ilə İran gəmiləri Azərbaycanın geoloji kəşfiyyat işləri aparan gəmisinə hücum edib, İran təyyarələri dəfələrlə güc nümayişi məqsədi ilə Azərbaycanın hava məkanına soxulub. Bəzi məlumatlara görə, İran Azərbaycanı Xəzər dənizində təhdid edəndə general Süleymani Neft daşlarına hücum edəcəklərini bildirib".

"Bu halda bəzi azərbaycanlıların və təşkilatların İranı müdafiə etməsi haradan qaynaqlanır?” sualına cavabda Seymur Həzi bildirib: “Azərbaycanda min ildən çoxdur ki, şiə müsəlmanlar var. Onlar bizim yaxınlarımız, baba-nənələrimizdir. Ancaq bir də rəsmi kəşfiyyat orqanlarından bəhrələnən qüvvələr var. Onlar təzə formalaşıblar və İrana bağlılıqlarını dinə bağlılıq kimi qəbul edirlər. Azərbaycanı təhdid edən bir dövləti, hansı dövlət olursa-olsun, müdafiə etmək qanun qarşısında cinayət, vətən qarşısında xəyanətdir.”

Seymur Həzi
Seymur Həzi

Dini mənsubiyyət və ya milli kimliyə görə indentifikasiya məsələsinə gəldikdə Seymur Həzi hesab edir ki, identifikasiyanın bir kodu var: daşıdığımız pasport- yəni vətəndaşlıq.

“Dinindən dilindən, irqindən aslı olmayaraq bu ölkənin vətəndaşı olan insanlar bizim qardaş və bacılarımızdır. Öncə onların maraq və mənafeləri gəlir. Qarabağda şəhid olan rus pilotlar, yəhudi tankçılar bizim qardaşlarımız deyillərmi? Hələ mən ləzgi, talış, kürd kimi min illərdir qaynayıb qarışan millətləri demirəm. Bizi ayırmaq, qarşı-qarşıya qoymaq cinayətdir. “

Bundan əlavə, “İran Azərbaycanında milli-mədəni hərəkat yenidən genişlənə bilərmi?” sualına cavabda o bildirib ki, "güneydəki prosesin liderləri nə qərar versələr millət onları dəstəkləyəcəyinə şübhə yoxdur".

Aida Qəmbər: Qarşıdurma İran ərazisinə keçsə İran Azərbaycanında milli-mədəni hərəkatın genişlənməsi labüd olacaq

BDU-nun dosenti, şərqşünas-alim Aida Qəmbər Amerikanın Səsinə bildirib ki, Qasım Süleymaninin öldürülməsi region üçün ciddi hadisə sayıla bilər.

“Məlumdur ki, Yaxın Şərqdə münaqişə ocaqları alovlanmaqdadır (məsələn, Suriyadakı qarşıdurma, Səudiyə Ərəbistanı-Yəməndəki husilər arasında münaqişə). Uzun vaxtdır davam edən ABŞ-İran qarşıdurmasının daha da şıddətlənməsi ehtimalı çox yüksək olduğundan, təbii ki, regionda cox ciddi və neqativ hadisələr müşahidə olunacaq, qonşu ölkələrdə də bunun təsiri bu və digər formada özünü biruzə verəcəkdir."

Aida Qəmbər
Aida Qəmbər

“Müşahidələr göstərdi ki, İran generalı Qasım Süleymaninin öldürülməsi Azərbaycanda bir qrup insanlar, təşkilatlar tərəfindən kədərlə qarşllandı. Hətta bəzi təşkilatlar Süleymanini “dünya azadlıqsevərlərinin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi" deyə xarakterizə etdilər. Sizcə bəzi insanların, təşkilatların başqa ölkələrin generalına belə isti münasibət bəsləməsinin səbəbi nədir?” sualının cavabında ekspert deyib ki, "Azərbaycan xalqı dünyada və regionda baş verən proses və hadisələri diqqətlə izləyir".

“İran isə həm qonşu ölkə, həm də 10 milyonlarla soydaşımızın yaşadğı müsəlman ölkəsi kimi maraq kəsb edir. Konkret bu hadisədə yəqin ki, dini təəssübkeşlik amili özünü göstərir.”

“İranın dəfələrlə Azərbaycanı təhdid etdiyi halda bəzi azərbaycanlıların və təşkilatlaın İranı müdafiə etməsi haradan qaynaqlanır?” sualının cavabında şərqşünas ailm əvvəlki cavabında "dini təəssübkeşlik amilini qeyd etdiyinə" diqqət çəkib.

"Mənim fikrimi bilmək istəyirsinizsə, biz azərbaycanlıların identifikasiyası a) vətəndaşlıq, b) etnik kimlik, c) dini mənsubiyyət ardıcıllığına əsaslanmalıdır.”


“Əlavə olaraq, həm İranın müxtəlif qurumlarının Azərbaycanda əlaqə və təsir imkanlarını, həm də cəmiyyətimizin müəyyən kəsimində antiamerikanizm meyllərini qeyd etmək olar.”

“Sizcə azərbaycanlılar özlərini dini mənsubiyyətinə, yoxsa milli kimliyinə görə indentifikasiya etməlidir?” sualına şərqşünas alim belə cavab verib: “Əslində, bu sualın cavabı 100 ildən çoxdur ki, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digər böyük mütəfəkkirlərlərimiz tərəfindən verilib. Mənim fikrimi bilmək istəyirsinizsə, biz azərbaycanlıların identifikasiyası a) vətəndaşlıq, b) etnik kimlik, c) dini mənsubiyyət ardıcıllığına əsaslanmalıdır.”

Aida Qəmbər hesab edir ki, ABŞ-İran qarşıdurması İraq ərazisindən İran ərazisinə keçsə İran Azərbaycanında milli-mədəni hərəkatın yenidən genişlənməsi labüd olacaq.

Tofiq Yaqublu: Vəziyyəti düzəltmək üçün xeyli vaxt və ciddi demokratik islahatlar lazımdır

Milli Şuranın Rəyasət Heyətinin üzvü Tofiq Yaqublu hesab edir ki, Azərbaycanda bəzi şəxsləri İranı müdafiə etməsi məzhəb təəssübkeşliyindən irəli gəlir.

“Bir qayda olaraq, hansı dindən və məzhəbdən olmasından asılı olmayaraq, bütün dərin inanclı insanlar fanatikcəsinə özlərinin mənsub olduqları dinin, dini cərəyanın və məzhəbin ən doğru olduğuna inanırlar. Bu yöndə heç bir sorğulamanı qəbul etmirlər, sorğulama olunca, bunu inancına həqarət sayır. Qasım Süleymanini müdafiə edənlər onu şiə olduğuna görə sevirlər və əlbəttə ki, onun fəaliyyətini neytral baxışla təhlil edə bilmirlər. Qasım Süleymani hərbi əməliyyatlar keçirmiş komandirdir və həmin əməliyyatlarda xeyli insan məhv edilib. Təəssübkeş tətəfdarları onun bu fəaliyyətini haqq və ədalət uğrunda, zalimlərə qarşı mübarizə kimi qəbul edirlər. Təbii ki, bu belə deyil.”

Siyasətçi hesab edir ki, Azərbaycan əhalisinin əksəriyyəti İran dövlətinin mahiyyətini çox yaxşı bilir. İran dünyəvi dövlət deyil.

"Iran terrorçu təşkilatları himayə edir. Dünyəvi dövlət deyil, mütərəqqi dünya ilə savaş halındadır. Bu məsələdə də bir qism ifrat məzhəbçi vətəndaşlarımız ağına-bozuna baxmadan İran vurğunudurlar və onun bütün hərəkətlərini bəyənirlər. Zaman-zaman təkcə Qasım Süleymani yox, digər İran yetkililəri də Azərbaycanı təhdid ediblər."


“Iran terrorçu təşkilatları himayə edir. Dünyəvi dövlət deyil, mütərəqqi dünya ilə savaş halındadır. Bu məsələdə də bir qism ifrat məzhəbçi vətəndaşlarımız ağına-bozuna baxmadan İran vurğunudurlar və onun bütün hərəkətlərini bəyənirlər. Zaman-zaman təkcə Qasım Süleymani yox, digər İran yetkililəri də Azərbaycanı təhdid ediblər. İran ən azından güneyli soydaşlarımız baxımından Azərbaycanın var olmasını, heç olmasa güclü və demokratik dövlət olmasını istəmir. Çünki bu, onun strateji maraqlarına uyğun deyil. Buna görə də İrana xüsusi simpatiya ilə yanaşan və bütün hallarda onu müdafiə edən vətəndaşlarımıza görə çox üzülürəm. Bunu da deməliyəm ki, biz İranla konfliktlərin olmasından qaçmalıyıq və bərabərhüquqlu münasibətlər qurmalıyıq. İran bizim dövlət müstəqilliyimizə və Qərbə inteqrasiya olunmaq istəyimizə hörmətlə yanaşmağa borcludur. Mən əminəm ki, Türkiyə və dünyada böyük güclər olmasaydı İran Azərbaycanın müstəqil dövlət olmasına imkan verməzdi.”

İdentifikasiya məsəsləsinə gəlincə, Tofiq Yaqublu hesab edir ki, "hər bir azərbaycanlı özünü müstəqil bir dövlətin vətəndaşları kimi identifikasiya etməlidir".

Tofiq Yaqublu
Tofiq Yaqublu

“Hər şeyin önündə milli (dövləti) maraqlar durmalıdır. Misal üçün, antidemokratik bir İslam dövləti ilə demokratik İsveç arasında bir mübahisə yaransa, müsəlman təəssübkeşliyi ilə həmin müsəlman ölkəsinimi müdafiə etməliyik, yoxsa ədalətin yanında olmalıyıq? İran məsələsində də eləcə. Bəli, ölkəmizin əhalisinin əsas hissəsi müsəlmanlardır, onların da çox hissəsi şiələrdir. Azərbaycan müsəlmanlarının, eyni zamanda şiələrinin Allahla ruhi bağlarını və bağlantılarını İran həyata keçirir ki, onu kortəbii şəkildə müdafiə etməli olsunlar. Hər bir məsələyə ədalət və Azərbaycanın maraqları mövqeyindən baxmaq lazımdır. Əgər İranın mövqeyi bizim maraqlarımızla üst-üstə düşürsə, təbii ki, onu müdafiə etməliyik, yox əgər, bizim maraqlarımıza ziddirsə, təkcə müsəlman və şiə dövləti olduğuna görə onu müdafiə etmək absurddur. Yeri gəlmişkən, bu məqam türkçülük və Türkiyə üçün də keçərlidir.”

Tofiq Yaqublunun fikrincə, son hadisələr vətəndaşlar üçün ciddi bir test olub.

“İranın teokratik hakimiyyətinin məzhəbçi planlarının həyata keçirilməsi üçün Yaxın və Orta Şərqin İslam ölkələrində yarımleqal hərbi əməliyyatlar keçirmiş və bunun nəticəsində də çoxlu insan faciəsinə səbəb olmuş bir generalın həlak olmasına münasibət bəzi həqiqətləri ortaya qoydu. Mənə görə əksər şiə inanclı vətəndaşlarımız əsl vətəndaşlıq mövqeyi sərgilədilər. Təəssüf ki, bir sıra vətəndaşlarımız nə baş verdiyinə soyuqqanlı və obyektiv baxa bilmədilər və olaya ancaq dini fanatizmin mövqeyindən yanaşdılar. Əlbəttə ki, indi həmin insanların fikrini dəyişdirmək, nəyəsə inandırmaq mümkün deyil və vəziyyətin belə olmasında hakimiyyət suçludur. Ölkədə demokratiya və plüralist cəmiyyət olmadığından, müəyyən ideoloji boşluq yaranıb və həmin boşluğu da İran çox uğurla doldurub. Vəziyyəti düzəltmək üçün xeyli vaxt və ciddi demokratik islahatlar lazımdır. O cür insanlar demokratiyaya, mütərəqqi dünyaya inanmalıdırlar. Onlar İranın həqiqi mahiyyətini görməli, yanlış siyasət ucbatından İran xalqının məhrumiyyətlər yaşadığını bilməlidirlər,” Tofiq Yaqublu qeyd edib.

Zərdüşt Əlizadə: İranda siyasi üsuli-idarə öz quruluşunu müdafiə etməyə qadirdir

Şərqşünas Zərdüşt Əlizadə Amerikanın Səsinə müsahibəsində deyib ki, Azərbaycanlıların xeyli hissəsi İranı yad ölkə saymır. Onların fikrincə, İran xalqları ilə azərbaycanlıları müştərək tarix, mədəniyyət və qohumluq əlaqələri sıx bağlayır.

“Kimisi özünü ilk növbədə müsəlman, kimisi azərbaycanlı saya bilər. Əgər insan qanunlara riayət edirsə bunun ciddi əhəmiyyəti yoxdur.

“Xalq yaxşı xatırlayır ki, indiki Azərbaycan Respublikası adlanan ərazi çar Rusiyası tərəfindən işğal edilərkən rus ordusu ilə hansı dövlətin ordusu döyüşürdü və dünya tarixinə bu müharibələr hansı adla daxil olub. Sovet dövründə və Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zamanından (1992-19913-cü illər) Azərbaycan xalqında İrana qarşı mənfi hisslər aşılamaq cəhdləri edilib və edilməkdədir, lakin xalq bu cəhdlərə uymayıb və İrana yad ölkə kimi baxmır.”

Politoloq sual edir ki, general Qasim Süleymani nəyin sayəsində hərbi və siyasi xadim kimi şöhrət qazanmışdı?

“Səddam Hüseyn İraqı İrana hücum edəndə öz vətənini qəhrəmanlıqla müdafiə etmişdi. Unutmayaq ki, həmin müharibədə Səddama SSRİ-dən tutmuş ABŞ-a qədər bütün dünya hərbi yardım göstərirdi ki, İrana qalib gələ bilsin. Sonra Qasım Süleymani İsrailin məzlum ərəblərə qarşı təcavüz, işğal və ilhaq siyasətinə qarşı öz dövlətinin müqavimətini təşkil edirdi. Məhz bu fəaliyyətinə görə dünyanın əksər müsəlmanları onu müsəlmanların fəxri və məzlumların müdafiəçisi sayır. Mərhum şəhid Qasım Süleymani geniş kütlələrin rəğbətini paxlava-şəkərbura və dollar paylamaqla deyil, öz qəhrəman və mərd həyatı hesabına qazanmışdır. Dünyaya ağalıq etmək istəyən zalımlara baş əyməyən mərd döyüşçüyə xalq yalnız isti münasibət bəsləyib onun xatirəsini əziz tutar,” Zərdüşt Əlizadə deyib.

İranın və general Süleymaninin Azərbaycana qarşı təhdidlərinə, o cümlədən Neft daşları ilə bağlı fikirlərinə gəlincə, Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycan xalqı Xəzər neftinin Qərb şirkətlərinə tələm-tələsik satılmasını milli mənafenin təcəssümü saymır.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Həm də Xəzərin statusu hüquqi cəhətdən müəyyənləşmədiyi halda hakimiyyətimizin çaparaq daha bir yatağı Qərb neft şirkətlərinə satmaq cəhdi xalq tərəfindən vətənpərvərlik kimi deyil, dəllallıq kimi qiymətləndirilirdi. İranın beynəlxalq qanunların qarşılıqlı şəkildə təsbit edilməyincə Xəzərin cənubunda geoseysmik işlərin aparılmaması barəsində xahişlərinə Azərbaycan hakimiyyəti etinasız yanaşdıqda İran hakimiyyəti öz qəti mövqeini qorumağa əzmli olduğunu nümayiş etdirmişdi. Kaş Azərbaycan hakimiyyəti belə qeyrətli mövqeyi neft satışında deyil, Qarabağın müdafiəsində sərgiləyəydi!”

O, milli kimliyin müəyyən edilməsi ilə bağlı sualın cavabında deyib ki, insan özünü müəyyənləşdirəndə hər bir fərd istədiyi cəhətə üstünlük verə bilər.

“Kimisi özünü ilk növbədə müsəlman, kimisi azərbaycanlı saya bilər. Əgər insan qanunlara riayət edirsə bunun ciddi əhəmiyyəti yoxdur,” politoloq qeyd edib.

Zərdüşt Əlizadə İran Azərbaycanında milli-mədəni hərəkatın güclənəciyi ilə bağlı fikirlərlə razılaşmır.

“Xeyr. Millətçilər Cənubi Azərbaycanda marginal qruplardır və onların nə zəka, nə də qeyrət potensialı əslində Şimali Azərbaycandakı Əbülfəz Əliyev tərəfdarlarınınkından artıq deyil. Belə növ hərəkatlar yalnız mərkəzi hakimiyyət içəridən çürüyüb laxlayanda və aşınıb dağılmağa başlayanda üzə çıxıb qaragüruhu səfərbər edə bilirlər, nəyisə dağıdıb uçura bilirlər, lakin sonradan öz yerlərində milli qiyafəli zalım bir rejim qoyub özləri tarixin qaranlıq səhifələrində itirlər. İranda siyasi üsuli-idarə isə hələ ki, səbat və qətiyyət nümayiş etdirir və öz quruluşunu müdafiə etməyə qadirdir,” şərqşünas qeyd edib.

Rauf Mirqədirov: Milli kimlik, vətəndaşlıq kimliyi önə keçməlidir

Siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, bu gün Azərbaycanda da antiqərb əhval-ruhiyyəsi gündən-günə artmaqdadır.

“Düşünürəm ki, bunun bir neçə səbəbi var. Birincisi, ümumiyyətlə müsəlman dünyasında antiimperialsit, antiqərb, antiamerika əhval-ruhiyyəsi gündən-günə güclənir. O cümlədən Azərbaycanda da antiqərb əhval-ruhiyyəsi gündən-günə artmaqdadır. Bu gün Azərbaycanda, hətta mənim hörmət etdiyim insanlar belə, Qasım Süleymaninin ölümünə gözyaşı tökürlər. Məsələn, Hacı İlqar İbrahimoğlu onu şəhid elan elədi. Düzünü desəm, bu, məni təəccübləndirdi. Çox təəsüf ki, bu əhval-ruhiyyənin artmasında hakimiyyət də çox fəal iştirak edir. Antiqərb bəyanatlar hakimiyyətin ən yüksək səviyyələrində tez-tez səslənir. Ola bilər ki, İrandan, Qasım Süleymanidən xoşu gəlməyən insanlar var, amma onlar üçün də Süleymani Amerika hegemonluğuna qarşı mübarizənin simvolu idi. Necə ki, Usama ben Laden “Əl-Qaidə”nin simvolu idi və onun məhvi kifayət qədər ciddi hadisə olmuşdu.

"Azərbaycanda milli özünüdərk səviyyəsi həddindən artıq aşağıdır. Bir çoxları səmimi olaraq İranı Azərbaycanın müttəfiqi sayır və müsəlman birliyinə inanırlar."


İkincisi, Azərbaycanda milli özünüdərk səviyyəsi həddindən artıq aşağıdır. Bir çoxları səmimi olaraq İranı Azərbaycanın müttəfiqi sayır və müsəlman birliyinə inanırlar. Dini və milli kimlik arasında fərq görmürlər. Bu amil isə Azərbaycan kimi yeni yaranmış dövlətlərdə ciddi problem yaradır.

Üşüncüsü, nəzərə almaq lazımdır ki, bizim “milli” dinimiz yoxdur. Ümumiyətlə, İslam formal olaraq ən qlobalist dindir. İslamın bütün təriqətləri onu milli çalarlardan məhrum qlobalist din kimi təqdim edirlər. Xristianlıqda vəziyyət fərqlidir. Yalnız Roma katolik kilsəsi ümumbəşəri qlobal xarakter daşıyır. Demək olar ki, digər bütün kilsələr, o cümlədən erməni qriqoryan kilsəsi hüquqi baxımdan müstəqil və “millidir”.

Amma problem ondan ibarətdir ki, yuxarıda qeyd etdiyim kimi İslam yalnız formal olaraq ümumbəşəri və milli çalarlardan azad dindir. İslami təriqətləri öz dövləti maraqarının gerçəkləşdirilməsində silaha çevirmiş millətlər və dövlətlər var. Və həmişə də belə olub. Bu gün məlum olduğu kimi, şiə məzhəbinin mərkəzi İrandır. Əslində farslar şiəliyi özlərinin “milli” dininə çeviriblər, “özəlləşdiriblər” və bu amildən xarici siyasətdə fəal istifadə edirlər.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirovun fikrinə görə, Azərbaycan İran və Rusiya kimi iki materik imperiyası arasında sıxılmış vəziyyətdədir.

“Hər iki dövlətin Azərbaycanda çox güclü “beşinci kalonu” mövcuddur və yəqin ki, hələ uzun müddət mövcud olacaq. Əslində bu gün İran deneralının qətlinə göz yaşı tökənlər ya dini kimliyə üstünlük verib şiə həmrəylinə inanan sadəlövhlədir, ya da necə deyərlər, İranın “təsir agentləri” olan riyakarlardır. Daha bir qrup var. Onlar siyasi maraqları olan populistlərir. Təssəüf ki, bu gün potensial tərəfdarlarının eşitmək istədiyini deməyə hazır olanlar siyasət əlamində meydan sulayırlar. ”

"Sizcə azərbaycanlılar özlərini dini mənsubiyyətinə, yoxsa milli kimliyinə görə indentifikasiya etməlidir?" sualına gəldikdə Rauf Mirqədirov bu fikirləri səsləndirib.

“Sözsüz ki, milli kimlik, vətəndaşlıq kimliyi önə keçməlidir. Amma söhbət konkret şəxsdən - Qasım Süleymanidən gedir! Gəlin onun timsalında məsələyə aydınlıq gətirək. Süleymani SEPAH-ın “Qüds” xüsusi təyinatlı qanadının rəhbəri olub. Bu dəstənin də əsas vəzifələrindən biri xaricdə əməliyyatların keçirilməsi idi. Hətta, bu dəstə Rusiyanın Baş Kəşfiyyat İdarəsi ilə müqayisə olunan bir qurumdur. Yaxın Şərqdə keçirilən bütün əməliyyatlara isə general Süleymani şəxsən rəhbərlik edirdi. Məlum olduğu kimi, həmin əməliyyatlar nəticəsində insanlar həlak olur və bölgəyə ciddi ziyan dəyir. Bu insan cinayətkardır, insanlığa qarşı ağır cinayətlər törətmiş bir şəxsdir. Xüsusən də Suriya ərazisində. Bu adam Hələb şəhərinin cəlladıdır. Hələb şəhərində isə yaşayanların böyük əksəriyyəti isə, daha dəqiq desək 80 faizindən çoxu sünni ərəblərdən, türkmənlərdən, kürdlərdən ibarətdir. Bu isə o deməkdir ki, Süleymani on minlərlə türkə qarşı cinayət işlətmiş, onların həyatına, malına qəsd etmiş biridir. Onun rəhbərlik etdiyi təşkilatın Hələbdə törətdiyi vəhşiliklər, hətta Rusiyanı belə dəhşətə gətirmişdi. Məhz bundan sonra Rusiya qərar qəbul etdi ki, rejim əleyhdarlarından azad olunmuş ərazilərə nəzarət Rusiya polis batalyonlarına verilsin və rus batalyonları Şimali Qafqazdakı sünni müsəlmanlardan ibarət olsun. Bizim şiə liderlər isə on minlərlə türkün qanını tökmüş bir qatilə yas tuturlar...

Siyasi şərhçi bu hadisələr fonunda İran Azərbaycanında milli-mədəni hərəkatın yenidən genişlənmə ehtimalının hazırkı anda olacağını düşünmür.

“Düşünmürəm. Telekanallarda İranda Süleymaninin qətli ilə bağlı keçirilən izdihamlı mitinqlərdən reportajlar göstərilir. Təbrizdə keçirilən mitinqlər xüsusilə işıqlandırılır. Amma düşünmürəm ki, bu Süleymaniyə məhəbbətin göstəricisidir. Vaxtilə Sovet İttifaqında da milyonlarla insan nümayişlərə çıxırdı. İnsanlar başa düşürlər ki, total izləmə mexanizmləri tam gücü ilə işləyən və xarici müdaxilə təhlükəsi yaranan bir dövdə Süleymaninin dəfn mərasimində iştirak etməmək Vətənə xəyanət kimi qiymətləndiriləcək. Hamı təqiblərə məruz qalmamaq üçün belə bir məqamda tam loyallıq nümayiş etdirmək məcburiyyətindədir. Milli hərəkatda ciddi dirçəlişi yalnız mövcud rejimin çökməsi tam gerçək olanda gözləmək olar..."

Rəsmi mövqe:

Azərbaycan və İran xarici işlər nazirləri Elmar Məmmədyarovla Cavad Zərif arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat üçün məlumatına görə, telefon danışığı zamanı nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

"Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. Nazir Məmmədyarov general Qasım Soleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin başsağlığı bildirib," Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

İranlı general Qasım Süleymani yanvarın 3-də Bağdadın beynəlxalq hava limanında ABŞ-ın hava zərbəsi nəticəsində öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG