Son günlərdə Qaşqay Türklərini təhqir edən veb səhifə etirazlar nəticəsində bağlanıb. Səhifə rəsmilərin qərarına qədər fəaliyyətini dayandırıb.
“Qaşqay Online” internet jurnalının yazdığına əsasən, veb səhifənin bağlanmasına “İnqilab news”un Qaşqay Türklərinə hörmətsizlik göstərməsinə Qaşqay xalqı və “Şiraz Qaşqay Gənclər Cəmiyyəti”nin etirazları səbəb olub.
Fars vilayətinin Təhlükəsizlik Şurası Qaşqay Türklərinin etirazları əlaqədar təcili iclas keçirib.
Təhlükəsizlik Şurasının fövqəladə iclasında valinin müavini, vilayət polis rəisi, məhkəmə səlahiyyətliləri və Qaşqay numayəndələri iştirak edib.
Fars valisi Siyasi Bürosunun baş müdiri Yəhya Haşemi Qaşqay Türklərinə hörmətsizliyi qınayıb. O, Qaşqay elinin zəngin tarixə və ənənələrə malik olduğunu bildirib. Haşimi bildirib ki, Qaşqay elini və onun adət-ənənələrini təhqir edənlər mütləq cəzalandırılacaq.
Bundan öncə “İnqilab news” veb səhifəsində Qaşqay türklərinin toy məclisində ənənəvi rəqslə bağlı təhqiramiz və xoşagəlməz ifadələr işlədilmişdi.
Veb səhifənin məsullarının cəzalandırılacağı gözlənilir.