Accessibility links

Qətər İsrail və HƏMAS arasında vasitəçi rolunu yenidən nəzərdən keçirir


Qətərin Baş naziri Dohada türkiyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib ki, Qətər İsrail və HƏMAS arasında vasitəçi rolunu yenidən nəzərdən keçirir.

Qətərin Baş naziri Şeyx Məhəmməd Bin Əbdülrəhman Əl-Tani təfərrüata varmadan, vasitəçiliyində mane olunduğunu bildirib.

O, "Hazırda biz vasitəçi rolumuzu və tərəflərin bu vasitəçilikdə iştirakını yenidən qiymətləndiririk" deyib.

HƏMAS liderlərinin bu ölkədə mühacirətdə yaşamalarına baxmayaraq, Əl-Tani dedyib ki, Qətərin vasitəçi kimi görə biləcəyi işlərdə "məhdudiyyətlər" var.

Çərşənbə günü səhər Əl-Tani Qəzzada atəşkəslə bağlı yeni danışıqların "incə mərhələdə" olduğunu və razılığa gəlmək üçün maneələri aradan qaldırmaq səylərinin göstərildiyini deyib.

Qətər, Misir və Birləşmiş Ştatlar Qəzzada HƏMAS-ın hələ də girov saxladığı insanlardan bəzilərinin və İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi daxil olmaqla, döyüşlərin dayandırılmasını təmin etmək üçün danışıqlarda iştirak edir.

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə axşamı Qətərin Baş naziri ilə telefon danışığında bu məsələni müzakirə edib. ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, hər iki rəsmi “Qəzzada bütün girovların azad edilməsini təmin edən atəşkəsə nail olmaq üçün qarşıdakı günlərdə sıx əməkdaşlıq etməyə davam etməyin vacibliyini” vurğulayıb.

Britaniyanın xarici işlər naziri David Kameron çərşənbə günü dünyanın diqqətini girovlara yönəltməyə, HƏMAS-ı isə dərhal girovları azad və atəşkəs təklifini qəbul etməyə çağırıb.

Kameron İsrailə səfəri zamanı "Qəzzada münaqişənin davam etməsinin yeganə səbəbi onların bu razılaşmanı qəbul etməməsidir. Girovları çıxarmaq lazımdır. Yardıma ehtiyacımız var" deyib.

HƏMAS lideri İsmayıl Haniyə prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün yaxın günlərdə Türkiyəyə səfər etməyi planlaşdırır. Haniyənin üç oğlu və bir neçə nəvəsi bu ay İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində ölüb.

Forum

XS
SM
MD
LG