Accessibility links

Qazaxıstanda prezident seçkilərinə etiraz edilir


Qazaxıstan polisi bazar günü keçirilən erkən prezident seçkilərə qarşı yürüşdə iştirak edən etirazçılardan təxminən 500 nəfəri həbs edib.

Həbs edilərkən etirazçılardan bəziləri “ayıb olsun” deyə bağırıb və polisi onlara verilən əmrə itaət etməməyə və xalqın tərəfinə keçməyə çağırıb.

Hökumətin verdiyi xəbərdə 3 polis zabitinin xəsarət aldığı bildirilib. Exit-polun nəticələrinə görə, keçmiş prezident Nursultan Nazarbayevin seçdiyi xələfi və ölkənin müvəqqəti prezidenti Qasım Comart Tokayev səslərin azı 70 faizini qazanaraq, hökumətin təsdiq etdiyi 6 namizədi məğlub edib.

Tokayev seçkilərin şəffaf və ədalətli keçəcəyinə söz vermişdi. “Sakinlərimiz seçki məntəqələrinə səs vermək üçün demokratik hüquqlardan istifadə edərək gəlib. Bu, xalqımızın parlaq gələcək üçün seçimidir” - deyə, Tokayev bildirib.

Neft və qazla zəngin Qazaxıstanın iqtisadi sahədə inkişaf etməsinə baxmayaraq, Nazarbayev hakimiyyəti dövründə ölkədə insan haqlarının pozulduğu, söz azadlığına məhdudiyyətlər qoyulduğu və bütün müstəqil medianın fəaliyyətinin dayandırıldığından şikayət edilirdi.

Nursultan Nazarbayevin mart ayında gözlənilmədən istefa vediyini elan etməsi Qazaxıstanı təəccübləndirmişdi. O, Qazaxıstan hökumətinə 1991-ci ildən, Sovet ittifaqı dağılandan bəri başçılıq edirdi.

Müxalifət tərəfdarları səsvermənin şəffaf və ədalətli keçirilməyəcəyini deyərək, bazar günü seçkilərini boykota çağırımışdı. Onlar bunu hökumətin bir avtoritar liderdən digərinə qanunsuz və qondarma bir şəkildə ötürülməsi adlandırır.

XS
SM
MD
LG