Accessibility links

Qazaxıstan prezidenti: “Vəziyyət sabitləşib”


Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin ofisi bir həftə davam edən iğtişaşlardan sonra bazar günü bildirib ki, “ölkənin bütün bölgələrində vəziyyət sabitləşib”. Tokayev cümə günü televiziya vasitəsilə çıxışı zamanı nümayişçiləri öldürmək üçün təhlükəsizlik qüvvələrinə atəş açmaq əmri vermişdi.

Prezident administrasiyası bazar günü bildirib ki, bir həftə ərzində Qazaxıstan təhlükəsizlik qüvvələri 26 nümayişçini öldürüb, 5800 nəfəri həbs edib. Bəyanatda həbs olunanlar arasında “xeyli sayda xarici vətəndaşların” olduğu bildirilib.

İğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 18 əməkdaşı həyatını itirib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda şənbə günü Qazaxıstanın Almatı beynəlxalq hava limanına daha çox rus əsgərinin gəldiyi göstərilir.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Qazaxıstanın ən böyük şəhəri olan Almatıda şənbə günü əsasən sakitlik hökm sürüb, lakin təhlükəsizlik qüvvələri mərkəzi meydana kimsə yaxınlaşdığı zaman xəbərdarlıq atəşi açır.

Rəsmilər yanvarın 8-də Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimovun dövlətə xəyanətdə şübhəli bilinərək həbs olunduğunu bildirib. 56 yaşlı Məsimov bu həftənin əvvəli Tokayev onu işdən çıxarana qədər əks-kəşfiyyata cavabdeh olan komitəyə rəhbərlik edib.

Hazırda yerləşdirilən təxminən 2500 nəfərdən ibarət hərbi qüvvələrinin bir hissəsi ölkənin paytaxtı Nur-Sultandakı hökumət binalarını qoruyur, bu da Tokayevin ofisindən verilən açıqlamada bildirildiyi kimi, “Qazaxıstanın hüquq-mühafizə qüvvələrinin bir hissəsini azad edib və onların antiterror əməliyyatında iştirak etmək üçün Almatıya göndərilməsini mümkün edib”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan qüvvələri daxildir.

Qazaxıstan prezidentinin internet saytında yerləşdirilən bəyanata əsasən, Tokayev şənbə günü Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı bildirib ki, görülən tədbirlərə baxmayaraq ölkənin bəzi bölgələrində “terror aktları ocaqları” hələ də qalmaqdadır.

Kreml şənbə günü ətraflı adlandırdığı söhbət zamanı Tokayevin Putinə iğtişaşlar barədə danışaraq vəziyyətin “sabitləşməyə doğru inkişaf etdiyini” qeyd etdiyini bildirib.

Tokayev cümə günü xaricdən hökumətinə etirazçılarla danışıqlar aparmaq çağırışlarını rədd edib. O, sübut təqdim etmədən onların bəzi xarici strukturlar tərəfindən təlim aldığını və təşkil edildiyini iddia etməkdə davam edir.

Reuters xəbər agentliyi Qazaxıstanın Səhiyyə Nazirliyinə istinad edən Rusiyanın Sputnik agentliyinə istinadən bazar günü Qazaxıstanda son bir həftə ərzində baş verən iğtişaşlar nəticəsində ikisi uşaq olmaqla, ümumilikdə 164 nəfərin öldüyü haqda məlumat verir.

Nümayişlər bir həftə əvvəl yanacağın bahalaşmasına cavab olaraq başlayıb, lakin sonradan hökumətə qarşı daha geniş etirazlara çevrilib.

Nazirlik Qazaxıstanın ən böyük şəhəri olan və ən şiddətli toqquşmaların baş verdiyi Almatıda 103 nəfərin öldüyünü bildirib.

XS
SM
MD
LG