Accessibility links

Qazaxıstan Senatı məmurların xaricdə banklarda hesab sahibi olmasını qadağan edir


Tengrinews.kz saytının verdiyi məlumata görə, Qazaxıstan Senatı iki oxunuşda məmurların, millət vəkillərinin və hakimlərin xarici banklarda hesab açmasını qadağan edəcək qanun layihəsini təsdiqləyib, lakin bu qadağa onların həyat yoldaşları və övladlarına təsir etməyəcək.

Bu dəyişikliklər "cinayət prosesində vətəndaşların hüquqlarının qorunmasının gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə haqqında bir sıra qanunlara" edilib. Bununla hesabların (depozitlərin) açılması və onlara sahibi olmaq, habelə Qazaxıstan xaricində yerləşən xarici banklarda nağd pulun və qiymətli əşyaların saxlanılmasının qadağan edilməsi nəzərdə tutulur.

Senator Nurjan Nursipatov məhdudiyyətlərin məmurların həyat yoldaşlarına və azyaşlı övladlarına şamil olub-olmadığını soruşub. "Həmkarların məlumatı üçün qonşu Rusiyada oxşar bir qadağa 2013-cü ildə tətbiq olunub və həm dövlət şirkətləri və korporasiyalarına, həm də məmurların həyat yoldaşlarına və azyaşlı uşaqlarına aiddir", Nursipatov deyib.

Həmkarı Andrey Lukin yeni qaydaların yalnız məmurlar, millət vəkilləri və hakimlərə aid olduğunu söyləyib. Onun sözlərinə görə, məhdudiyyətlərə məruz qalan şəxslərin dairəsi prezidentin məktubunda qeyd edilib və o onların yalnız korrupsiya subyektlərinin bir hissəsi üçün təqdim edilməsini düzgün hesab edir. Senator əlavə edib ki, bu, Qazaxıstan üçün bir yenilikdir, buna görə əvvəlcə müvafiq təcrübə əldə etmək, sonra isə bunun tətbiq edilməsinin genişləndirilməsi məsələsi barədə qərar vermək lazımdır.

Maliyyə Naziri Yerulan Jamaubayev sentyabr ayında FATF-in (Çirkli Pulların Yuyulması üzrə Maliyyə Tədbirlər Qrupu) tövsiyəsi ilə məmurların ailə üzvlərinin xarici hesab açmalarını qadağan etmək planlarından danışmışdı.

İyun ayında keçmiş prezident Nursultan Nazarbayevin böyük qızı Dariqa və onun böyük oğlu Nurəli Əliyev Milli Cinayət Agentliyinin (NCA) tələbi ilə Londonda üzərinə həbs qoyulan ümumi dəyəri $100 milyon dollar olan lüks daşınmaz əmlaklarını - iki malikanə və bir mənzili - İngiltərə məhkəməsində müdafiə edərək geri alıblar. Dariqa Nazarbayevanın həyatının son aylarında Facebook-da Qazaxıstanın keçmiş prezidentinin ailə üzvlərinin iştirakı ilə genişmiqyaslı korrupsiya halları haqqında yazan və yaxınlarına qarşı ittihamlar irəli sürən 29 yaşlı oğlu Aysultan bu ilin avqust ayında Londonda ölüb.

XS
SM
MD
LG