Accessibility links

Qazaxıstanda etiraz nümayişlərində onlarla insan saxlanılıb


Qazaxıstan rəsmiləri ölkənin iki böyük şəhərində yeni seçilmiş prezident Qasım Jomart Tokayevə qarşı yeni etiraz nümayişlərinin keçirildiyi zaman onlarla vətəndaşı saxlayıblar.

Paytaxt Nur-Sultan şəhərində iyulun 6-da keçirilmiş nümayiş zamanı etirazçılarla formada və mülki geyimdə olan polis işçiləri arasında qarşıdurma yaranıb. Onlarla şəxs yaxınlıqdakı avtobuslara aparılıb.

Təhlükəsizlik işçiləri olduğuna inanılan şəxslər Azad Avropa/Azadlıq Radiosunun müxbirləri və video operatorların hadisələri izləməsinə mane olmaq məqsədilə onların qarşısını almaq üçün çətirlərdən istifadə edib. Media şirkətin video və yayım avadanlığına naməlum şəxslər tərəfindən xəsarət yetirilib.

Saxlanılanlar arasında sadəcə küçədə olan şəxslər də olub. Qadınlardan biri Azadlıq Radiosuna bildirib ki, onun 15 yaşlı oğlu onların ikisi çay kənarı ilə gəzdiyi zaman polis tərəfindən saxlanılıb aparılıb.

İyulun 6-ı günün sonunda Nur-Sultanda 70 nəfərin, ölkənin maliyyə mərkəzi olan Almatıda isə təxminən eyni sayda şəxsin saxlandığı bildirilir. Müstəqil Vlast.kz veb saytı Almatıda təxminən 100-ə yaxın insanın saxlandığı haqda məlumat verib.

Etiraz nümayişləri həmçinin Çimkent, Karaqanda və Oral şəhərlərində də keçirilib. Bu şəhərlərdə də saxlanılanların olduğu bildirilir.

Etiraz aksiyaları fəaliyyəti qadağan olunmuş Qazaxıstanın Demokratik Seçimi partiyasının təşəbbüsü ilə keçirilib. Partiya 2009-cu ildən xaricdə yaşayan maqnat Muxtar Ablyazov tərəfindən dəstəklənir.

Qazaxıstanın hakim elitasının uzun zamandır opponenti olan Ablyazov illərdir ölkə rəsmiləri ilə qarşı-qarşıya gəlir. Keçən il məhkəmə partiyanın ekstremist təşkilat olduğu haqda qərar çıxararaq, onun fəaliyyətini qadağan edib.

XS
SM
MD
LG