Qazaxıstanda prezident seçkisində ilk exit-poll nəticələri keçmiş avtoritar prezident Nursultan Nazarbayevin özünün seçdiyi xələfi Qasım Jomart Tokayevin böyük səs çoxluğu ilə qələbə qazandığını göstərir.
Hökumət əleyhinə yüzlərlə dinc nümayişçinin saxlanması ilə müşayiət olan səsvermənin ilk exit-poll nəticələrinə əsasən, Tokayev səslərin 70.13 faizini alıb. Keçmiş jurnalist Amirjan Kosanov exit-poll nəticələrinə görə, 15.39 faizlə ikinci yerdədir.
Növbəti saatlarda səsvermənin nəticələrinin açıqlanacağı gözlənilir.
Mərkəzi Asiyanın neftlə zəngin ölkəsində iyunun 9-da erkən prezident seçkiləri ciddi nəzarət altında, Tokayevin onun qədər resurs və dəstəyi olmayan, seçki kampaniyasının arxasında onun kimi dövlət aparatının dayanmadığı və ictimaiyyətə tanış olmayan namizədlərlə rəqabət şəraitində keçib.
Qazaxıstanda ədalətli seçkilərin keçirilməməsinə etiraz olaraq nümayişlər dalğası iyunun 9-da seçki günündə də davam edib. Polis yüzlərlə nümayişçini saxlayıb. Etirazlar “Tokayev mənim prezidentim deyil” şüarı altında keçirilib.
Daxili işlər nazirinin müavini Marat Qojayev keçmiş prezidentin adının verildiyi Nur-Sultan şəhərində jurnalistlərə bildirib ki, Almatıda təxminən 500 nəfər “radikal düşüncəli element” icazəsiz mitinq keçirdiyinə görə saxlanılıb.
78 yaşlı Nazarbayev Qazaxıstanı 30 ilə yaxın müddət idarə etdikdən sonra mart ayında istefa verib. Nazarbayevin hakimiyyətdən getməsindən sonra prezident səlahiyyətlərini parlamentin yuxarı palatasının spikeri Qasım-Jomart Tokayev icra edib.
Tokayevin aprelin 9-da “siyasi qeyri-müəyyənliyə” yol verilməməsi üçün erkən seçkilər təyin etməsi Qazaxıstanda müxalifət fəalları tərəfindən kəskin tənqid edilib.