Accessibility links

Qazaxıstanlı model açıq sinəli donu nümayiş etdirdiyinə görə döyülüb


Qazaxıstan modeli Dinagül Taşova Instagramda sinəsini göstərən şəffaf donu nümayiş etdirdiyi dəb şousundan sonra yaşadığı şəxs tərəfindən döyüldüyünü deyib. Modelin sözlərinə görə, dəb nümayişindən sonra o, sosial şəbəkələrdə çox sayda onu mənəviyyatsızlıqda günahlandıran neqativ şərhlər alıb. Bu, birlikdə yaşadığı şəxsin qısqanclığına səbəb olub. O, Dinagülü döyərək, kompyuterini və mobil telefonunu onun əlindən alıb və sosial şəbəkələrdəki hesablarını silib.

Model döyüldükdən sonra xəsarət izləri olan şəkli İnstagram sosial şəbəkəsində yerləşdirib və baş verənlərlə bağlı susmayacağını vurğulayıb.

Tasovanın dediyinə görə, qazax dizayneri Dana Düsenbayevanın geyim nümayişi noyabrın 30-da Astana Fashion Night dəb gecəsində olub. Modelin BBC-yə verdiyi məlumata görə, nümayişdən sonra heç bir neqativ hal olmayıb, hamı alqışlayıb, onunla şəkil çəkdirib. Lakin dəb nümayişinin şəkilləri sosial şəbəkələrdə paylaşıldıqdan sonra hamı onu muhakimə etməyə başlayıb.

Model bildirib ki, ona ünvanlanan şərhlər onun görüşdüyü şəxsi qəzəbləndirib və o deyib ki, Tasova səhnədə "geyimi deyil, çılpaq sinəsini nümayiş etdirib".

Dekabrın 8-də o, modeli təhqir edərək döyüb, mobil telefonunu və notbukunu əlindən alıb və onun sosial şəbəkələrdəki hesablarını bağlayıb.

"Baş verənlərdən 10 gün sonra özümü ələ alıb şəkil çəkdirdim və insanlara göstərmək istədim ki, qadına əl qaldırmaq olmaz. Ona nə etdiyini göstərmək istədim. Mən şok vəziyyətində idim, çünki mən ona inanırdım. Mən ondan dəstək gözləyirdim, çünki moda nümayişindən sonra qınaqlar və neqativ şərhlər var idi. Mən onun heç olmasa mənə sözdə dəstək verəcəyini fikirləşirdim. Amma nəticədə o məni döydü. Mən bunu gözləmirdim."

Tasovanın sözlərinə görə, onların əlaqələri rəsmi qeydiyyatdan keçmədən o, polisə müraciət etməyib. O deyir ki, şəkli paylaşmaqla nəticələr çıxarmağı insanların ixtiyarına verib.

Taşova qeyd edib ki, astanalı gənc fəal olaraq gələcəkdə o, Qazaxıstanda məişət zorakılığı mövzusu ilə məşğul olacaq. Dinagül deyib ki, o artıq həyat yoldaşları və yaxınları tərəfindən döyülən və eyni problemlə bağlı haraya müraciət edə biləcəklərini soruşan bir çox qadından məktub alıb.

XS
SM
MD
LG