Accessibility links

Qəbələ sakinlərinin cəbhə xəttini keçmək istəməsinə səbəb nədir? - Araşdırılır [Audio-Müsahibə]


Etiraz
Etiraz

Sakinlər yerli icra nümayəndəsinə və məhkəmə qərarına etiraz edir

Qəbələ rayonunun (Bakıdan 220 kilometr şimal-qərb) Kötüklü kəndinin 25 sakini Ağdam rayonunun (Bakıdan 351 kilometr cənub-qərb) Mirbəşirli kəndinə gələrək, cəbhənin ermənilər olan tərəfinə keçmək istəməsi ilə bağlı araşdırma davam etdirilir. Hüquq mühafizə orqanları araşdırmanı başa çatdırdıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Bu barədə Amerikanın Səsinə Qəbələ rayon İcra Hakimiyyətindən bildiriblər.

Fevralın 27-nə keçən gecə Qəbələ rayonunun Kötüklü kəndinin 25 sakini əllərinə ağ bayraq alaraq, Ağdama gəlib cəbhənin erməni tərəfinə keçməyə çalışıb. Yerli polis Qəbələ sakinlərinin cəbhə xəttinə getməsinin qarşısını alıb.

Erməni tərəfə keçmək istəyənlərdən Ramin İsmayılov bildirib ki, etirazlarının səbəbi Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqdır.

“Nəbiyevlər uşaqlarımızı şərləyib tutdurur. “Azərişıq”-ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev, Kötüklü kəndinin icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar. Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”, o, Meydan.tv saytına deyib.

Digər etirazçı sakin Akif İsmayıov isə azadliq.info saytına bildirib ki, onların cəbhə xəttini keçməsinə səbəb Qəbələ Rayon Məhkəməsinin ədalətsiz hökmüdür.

“Oğlum Sərxan İsmayıllı kiçik miqyaslı davanın şahidi olub. Lakin istintaq onu təqsirləndirilən şəxs qismində işə cəlb edib. Hara yazdıq nəticəsi olmadı. Qəbələ Rayon Məhkəməsi onu 1 il azadlıqdan məhrum etdi. Digər şəxsə isə 1 il 6 ay “iş” verdilər. Halbuki həmin şəxsə maksimum 15 sutka düşürdü. Çünki elə də böyük dava olmayıb. İki gənc bir-birlərilə süpürləşiblər”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, fevralın 27-də Qəbələnin, aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəlib və məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildirib.

"Həmin vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb".

Zahidov deyib ki, polis bölməsində 25 sakinin izahatı alınıb.

"Ağdam Rayon Polis Şöbəsində onların hər birindən izahat alınıb, söhbət aparılıb. Şəxslər dərhal gəldikləri Qəbələ rayonuna yola salınıb. Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".

Martın 1-də Kötüklü kəndinin bir sakini Amerikanın Səsinə bildirib ki, sakinlər Ağdamdan Qəbələyə gətirilib və azad buraxılıb. Onun sözlərinə görə, hazırda hüquq mühafizə orqanları sakinlərin erməni tərəfinə keçməsinə səbəb olan faktları və ya onları kimlərinsə təxribat məqsədi ilə qızışdıraraq belə hərəkətə vadar etməsini araşdırır.

Öz növbəsində, sakinlərin günahlandırdığı İkram Nəbiyev Amerikanın Səsinin bir neçə sualına cavab verib və sonra telefonu qapadıb. O, ittihamları tam əsassız hesab edir və qəbul etmir.

please wait

No media source currently available

0:00 0:01:35 0:00

“Bu məsələ çözülüb. Burada mənlik bir iş yoxdur. Hadisənin kökündə cinayət işi durur. Cinayət ediblər, cinayətin üstü açılıb. Məhkəmədə araşdırılıb müvafiq cəzanı alıblar. Bununla razılaşmırlar. Burada mənim hər hansı günahım yoxdur”, o qeyd edib.

İ.Nəbiyev hüquq mühafizə orqanlarında ifadə verdiyini təsdiq edib.

XS
SM
MD
LG