Accessibility links

Azərbaycan Qəbələ RLS-in icarə müddətinin 49 il uzadılmasından imtina edir


Qəbələ RLS
Qəbələ RLS

Rusiya Müdafiə Nazirliyi stansiyanın yerləşdiyi sahəni kiçiltməyi, hərbi qulluqçuların ştatlarını azaltmağı, “qeyri-profil” müəssisələri ləğv etməyi, zabitlərin ailələrini Rusiyaya göndərməyi qərara alıb.

Azərbaycan Rusiya ilə Qəbələ şəhərindəki “Daryal” radiolokasiya stansiyasının icarə müddətinin Moskvanın israr etdiyi kimi 49 il uzadılması haqqında müqavilə imzalamaqdan imtina edir. Ölkə icarə müddətini yalnız 5-7 il uzatmağa razıdır, bu isə hərbiçilərə sərf etmir, onlar üçün “Daryal”ın müasirləşdirilməsinə zəruri vəsait yatırmağın mənası yoxdur. Bu barədə Moskvadana nəşr olunan “Nezavisimaya qazeta” yazır.
Rusiya Müdafiə Nazirliyi stansiyanın və ona xidmət edən qurğuların yerləşdiyi sahəni kiçiltmək, hərbi qulluqçuların ştatlarını azaltmaq, “qeyri-profil” müəssisələri - zabitlərin həyat yoldaşlarının dərs dediyi Azərbaycan məktəblərinin rus bölmələrini, uşaq bağçasını, hospitalı ləğv etmək, zabitlərin ailələrini Rusiyaya göndərmək, özlərini isə növbəli iş rejiminə keçirməyi qərara alıb.
Bununla əlaqədar olaraq, “Daryal”dakı zabitlərin həyat yoldaşları Rusiya prezidenti Vladimir Putinə ailələrini və sosial hüquqlarını Müdafiə Nazirliyinin planlarından müdafiə etmək xahişi ilə kollektiv və fərdi məktublar yazıb.
Qəzet zabitlərin həyat yoldaşlarının Qəbələ RLS-dəki problemlər barədə məktublarından sitatlar gətirir. Məktublarda iddia olunur ki, hərbi hissə komandiri onlardan israrla “öz istəkləri ilə işdən çıxmağı” tələb edir, bu isə ixtisara görə nəzərdə tutulan imtiyazlardan və pul ödəmələrindən imtina deməkdir.
“Biz qeyri-mümkün heç nə istəmirik, sadəcə insani rəftar axtarırıq, baş verənlərin aydın izahını və ailələrimizi nə gözlədiyini öyrənmək istəyirik. Hər birimizin övladları var, onlara tam ailədə layiqli tərbiyə və təhsil vermək istəyirik”, - deyə məktubda bildirilir.
Qeyd edək ki, RLS-də 700-800 rus hərbiçisi xidmət göstərir, əksəriyyəti ailəlidir.
Qəbələ RLS 1985-ci ildə istifadəyə verilib. Stansiya 6000 kilometr radiusda məsafəni nəzarətdə saxlaya bilir.
XS
SM
MD
LG