Accessibility links

Qərbi Azərbaycanın sərhədi pandemiya səbəbilə İraq vətəndaşlarına qapadılıb


İranın Qərbi Azərbaycan vilayətinin bir çox şəhərində COVİD-19 virusuna yoluxma hallarının artmasına qarşı İraq vətəndaşlarının Qərbi Azərbaycan sərhədindən girişi 21 fevral bazar günündən etibarən dayandırılıb.

Dövlət agentliyi İRNA-nın xəbərinə görə, Qərbi Azərbaycanda fevralın 20-dən 21-ə qədər 24 saat ərzində koronavirusa 121 yeni yoluxma halı qeydə alınıb. Vilayətinin səhiyyə xidmətinin rəhbəri doktor Cavad Ağazadə bu rəqəmin hazırkı şəraitdə rekord bir sayı olduğunu ifadə edib.

İLNA agentliyinə istinadən, İraq vətəndaşlarının girişi vilayətdə pandemiya durumunun “qırmızı vəziyyətinə” keçmə ehtimalına qarşı, habelə virusun daha yoluxucu olan Briyaniya variantının vilayətə girməsini önləmək mqəsədilə ən az iki həftə müddətinə dayandırılacaq.

İraqdan gələn yük maşınları sürücülərinin Qərbi Azərbaycan Tibb Universiteti tərəfindən təsdiqlənmiş test sertifikatını göstərmək şərti ilə girişinə icazə veriləcək.

İranın müxtəlif bölgələrində COVİD-19 tədbirləri ilə əlaqədar “Ağ”, “Sarı”, “Narıncı” və “Qırmızı” vəziyyəti elan edilir. Urmiyə daxil olmaqla, Qərbi Azərbaycan vilayətinin 7 şəhəri hazırda narıncı vəziyyətdədir.

İRNA agentliyinə istinadən, pandemiyanın başlanğıcından bəri Qərbi Azərbaycan vilayətində koronavirusdan 3,591 ölüm faktı qeydə alınıb.

XS
SM
MD
LG