Accessibility links

Qətər blokada götürülməyənə qədər danışıqlara başlamayacağını bildirir


Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Səni

Qətər bildirib ki, iqtisadi blokada və səfərlərə qadağa götürülməyənə qədər qonşu ölkələrlə danışıqlar aparmayacaq.

Körfəz ölkələri Qətəri terrorizmi dəstəkləməkdə günahlandırıb. Rəsmi Doha bu ittihamları kəskin şəkildə rədd edir.

“Biz hamı üçün bunu aydın etmişik ki, danışıqlar sivil yolla aparılmalıdır və bunun üçün möhkəm əsas olmalıdır, onlar təzyiq, ya da blokada altında aparılmamalıdır”, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Səni Dohada müxbirlərə bidirib.

Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri iki həftə öncə Qətərlə münasibətləri kəsib. Bununla Körfəz bölgəsindəki ərəb ölkələri arasında yaxın gələcəkdə sonu görünməyən bir böhran yaranıb.

“İndiyə kimi biz blokadanın qaldırılması istiqamətində inkişafın olduğunu görməmişik, bu isə irəliyə getmək üçün ilkin şərtdir”, Əl-Səni bildirib.

Səudiyyə Ərəbistanı iyunun 5-də ilk addım ataraq, öz səfirini Qətərdən geri çağırıb və Qətər vətəndaşlarını iyunun 19-na qədər ölkədən çıxıb vətənlərinə qayıtmağa məcbur edib. Səudiyyə Ərəbistanı Qətərlə quru sərhədi bağlayıb və Qətər təyyarələrinin Səudiyyə Ərəbistanının hava hövzəsindən istifadə etməsinə qadağa qoyub.

Əl-Səni iddia edir ki, Körfəz Əməkdaşlıq Şurasının altə ölkəsi ilə əlaqədar hər hansı bir məsələ danışıqlar obyekti olmalıdır. Şuraya Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və Oman daxildir.

Onun sözlərinə əsasən, Qətər Körfəz ölkələri, ya da başqa ölkələrdən heç bir tələb almayıb.

XS
SM
MD
LG