Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir ki, dekabrın 4-də ARDNŞ-nin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş vermişdir. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunub. İlkin məlumata görə, 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.
Dövlət Komissiyasına baş nazir Artur Rasi-zadə sədrlik edəcək. Komissiyaya baş nazirin müavini, daxili, fövqəladə hallar, milli təhlükəsizlik, maliyyə, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi və bir sıra digər nazirliklərin, dövlət qurumlarının rəhbərləri, o cümlədən baş prokuror Zakir Qaralov daxildir.
Prezident Dövlət Komissiyasına aşağıdakıları tapşırıb:
- itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etsin;
- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;
- qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin;
- qəza nəticəsində xəsarət alanların müalicəsini təmin etsin;
- qəza nəticəsində dərin dəniz özülünün yararlılıq vəziyyətinin və ona dəymiş zərərin müəyyənləşdirilməsini təmin etsin.
Sənədə görə, Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirəcək.
ARDNŞ məlumatına görə, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Qəza baş verəndən indiyə kimi görülmüş genişmiqyaslı yanğınsöndürmə və xilasetmə işləri nəticəsində 32 nəfər təxliyyə olunmuş, bir nəfərin cəsədi tapılmış, onlar dənizdən çıxarılaraq sahilə göndərilmişlər.
Hazırda 30 nəfərin axtarışı davam etdirilir.
ARDNŞ xilas edilən və axtarışı davam etdirilən neftçilərin siyahısını rəsmi internet səhifəsində dərc edib.