Qəbələ rayonunda zəhərlənmə ilə bağlı cinayət işi açılıb.
Bu barədə avqustun 6-da Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilir.
Məlumatda yazılıb ki, avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində həyət toyunda iştirak edən təxminən 500 nəfər qonaqdan 89 nəfəri (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib:
"Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib. Toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib".
Rəsmi açıqlamada vurğulanır ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışı və onların keyfiyyətsiz olmasının gizlədilməsi- ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Həmin maddələr üzrə günahlandırılan şəxslərə 2 ilə qədər həbs cəzası verilə bilər.
Açıqlamada yazılıb ki, hadisə zamanı zərər çəkmiş şəxslərdən 88-i ilkin tibbi yardım göstərilməklə evə buraxılıb, 1 nəfərin isə stasionar şəraitdə müalicəsi davam etdirilir.