Accessibility links

“Qiyas İbrahimova həbs yerində gecə kitab oxumağa imkan vermirlər”


“Qiyas İbrahimova həbs yerində gecə kitab oxumağa imkan vermirlər”, ana deyir
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Penitensiar Xidmət həbs yerlərində vahid intizam qaydası olduğunu bildirir

Hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc fəal Qiyas İbrahimova gecə yatağında kitab oxumaq qadağası qoyulub.

Qiyas İbrahmovun anası Şura Əmiraslanova Amerikanın Səsinə müsahibəsində bildirib ki, oğlunun gecə yatağında fanar işığında kitab oxumasına nəzarətçilər imkan verməyib.

“Qiyasa əvvəllər bizim apardığımız kitablar buraxılmırdı. İndi isə yataq rejimi başlayandan sonra oğlumun yatağında fanar işığında kitab oxumasına imkan vermirlər”.

Onun sözlərinə görə, nəzarətçilər buna görə Qiyas İbrahimovdan şikayət edib və onu cərimə kamerasına salıblar.

“Qiyas rəis müavini ilə görüşüb etirazını bildirib ki, onun hüquqlarını pozurlar. Belə müdaxilələrlə oğlumu əsəbləşdirirlər. Qanuna zidd hərəkətlər edirlər. Məhbusları yerli-yersiz rüşvət mənasında incidirlər. Məhbus da karsa (cərimə kamerasına) düşməmək üçün nəzarətçiyə pul verməyə məcbur olur”, o qeyd edib.

Ana bildirib ki, oğlunu uzun müddət cərimə kamerasında saxlayıblar.

“Oğlum səhər saat 9-dan axşam saat 7-dək ac, susuz, ayaq üstə saxlanılıb. Bu işgəncə deyil, bəs nədir?” o sual edib.

Şura Əmiraslanova müvafiq orqanların oğluna qarşı işgəncələrin dayandırlması üçün göstəriş verməsini istəyir.

Ana eyni zamanda beynəlxalq təşkilatlardan oğlunun saxlanma durumu ilə maraqlanmalarını xahiş edir.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Amerikanın Səsinə bildirib ki, cəzaçəkmə müəssisəsində məhbuslar üçün vahid daxili intizam qaydaları var.

“Daxili intizam qaydalarına görə bütün məhbuslar saat 22-dən 6-dək yatağında olmalıdır. Qiyas İbrahimov bu qaydanı pozub. Kitab oxumağa qadağa qoyulması ilə bağlı iddialar isə düzgün deyil. Əksinə cəzaçəkmə müəssisələrində məhbusların kitab oxuması təşviq edilir”, o qeyd edib.

Mehman Sadıqov Qiyas İbrahimovun cərimə kamerasına salınması və işgəncəyə məruz qalması barədə xəbərin düzgün olmadığını deyib.

“İbrahimov cərimə kamerasına salınmayıb, sadəcə daxili intizam qaydalarını pozduğuna görə ona irad tutulub”.

O, rüşəvtlə bağlı deyilənləri isə ümumiyyətlə təkzib edib.

“Belə faktları varsa Penitensiar Xidmətə müraciət etsinlər ciddi tədbirlər görülsün”, Sadıqov qeyd edib.

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar. Onlar narkotik ittihamı ilə 10 il həbsə məhkum edilib.

Amma məhkəmədə NİDA fəalları narkotik ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində "Qul bayramınız mübarək!" yazıldığına görə həbs edildiklərini bildiriblər.

Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı hər iki fəalı “vicdan məhbusu” elan edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG