Accessibility links

Qiyas İbrahimova 32 sutka inzibati həbs cəzası verilib


Qiyas Ibrahimov
Qiyas Ibrahimov

İyunun 24-də Nizami Rayon Məhkəməsində 2 gün öncə 30 sutka inzibati həbs cəzası alan ictimai fəal Qiyas İbrahimovun yenidən məhkəmə prosesi keçirilib.

O, həbsindən bir neçə saat öncə Facebook hesabında Gədəbəyin Söyüdlü kəndində polisin əhaliylə qarşı davranışı haqda status paylaşmışdı.

Vəkil Elçin Sadıqovun məlumatına görə, polis bölməsində İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (İnternetdə qadağan edilən informasiyanın yerləşdirilməsi) və 535-ci (polis işçisinə tabe olmama) maddələri ilə protokol tərtib edilib:

“İyunun 22-də Nizami Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinə tabe olmama) maddəsi üzrə işə baxmışdı, bu gün isə İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (İnternetdə qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə ittiham elan olundu. Hər iki maddə ilə ona 30 sutka inzibati həbs cəzası verilib. Birinci maddənin icrası iyunun 22-dən, ikinci maddənin icrası iyunun 24-dən hesablanır, ümumilikdə isə 32 sutka inzibati həbsdə qalacaq”.

Vəkil Qiyas İbrahimovun həm sudan, həm də qidadan imtina edərək quru aclıq aksiyası elan etdiyini bildirib.

İbrahimov Söyüdlü kəndində polis zorakılığına, qanunsuz həbsinə və İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində üzləşdiyi qeyri-insani rəftara etiraz olaraq müddətsiz aclığa başladığını bəyan edib.

Fəal Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılma şəraitindən də narazı olduğunu bildirib. Vəkilin sözlərinə görə, fəalı narkotik aludəçisi ilə eyni kamerada saxlayırlar.

“Çarpayının aşağısında həmin şəxs yatır, çarpayının yuxarısında isə yatmağa icazə verilmir. Fəal növbə ilə yatmağa icazə verildiyini bildirib. Səhər açılandan axşama kimi də yatmağa imkan verilmir, ancaq oturmağa icazə verildiyini deyir”.

Vəkil hər iki qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib. 1 etirazçı isə 1500 manat cərimə olunub.

XS
SM
MD
LG