Accessibility links

Qiyas İbrahimovun apellyasiya məhkəməsində qalmaqal [Video ]


Məhkəmə NİDA-çı gəncin apellyasiya şikayətini təmin etməyib

İyunun 5-də Bakı Apellyasiya Məhkəməsində NİDA-çı gənc, "vicdan məhbusu" kimi tanınan Qiyas İbrahimiovun şikayətinə baxılıb. Qiyas İbrahimov özü də məhkəmədə iştirak edib.

Məhkəmə NİDA-çı gəncin apellyasiya şikayətini təmin etməyib.

Vəkil Elçin Sadıqov istintaqın və məhkəmənin nağıl üzərində qurulduğunu bildirib.

"Qiyas İbrahimova qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (İşgəncələrin qadağan edilməsi), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (Qanunsuz cəzalandırılmamaq) 10-cu (Fikri ifadə etmək azadlığı), 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və başqa maddələri pozulub. İttiham və məhkəmə sadəcə nağıllar üzərində qurulub. Bu səbəbdən də cinayət işi xitam edilməli, Qiyas İbrahimova bəraət verilməlidir", vəkil qeyd edib.

Qiyas İbrahimov məhkəmədə çıxışı zamanı sadəcə bir nağıl danışacağını deyib.

"Bir ildir ki, həbsdəyəm, heç nə dəyişməyib. Mən elə həmin Qiyasam. Nağıl isə yaxşı nağıldır. Yaltağın, saxtakarın biri gəlir kralın yanına deyir ki, sənə qızıl verəcəm...", bu zaman hakim fəalın çıxışına müdaxilə edir və şüşə qəfəsdəki mikrofonu söndürür, gənc fəalın səsi daha eşidilmir.

Hakim prokurora çıxış verir. Bu zaman İbrahimiv dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bimədiyini işarə edir. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atır və sərt şəkildə etiraz edir.

Bu zaman məhkəmə nəzarətçiləri şüşə qəfəsdə İbrahimovun qollarını arxadan qandallayır. Onun əlində sıyrıntı yaranıb və oturduğu skamyada qan izləri görünüb.

Beləliklə, məhkəmə zalında qalmaqal yaranıb. Fəalın atası Həsən İbrahimov hakimləri ittham edərək, bir gün onların da uşaqlarının müttəhimlər kürsüsündə əyləşəcəyini deyib.

"Allahlnız olsun. Bir gün bu qandallar sizin övladlarınıza qismət olacaq. Ənvər Seyidovu (Ağır Cinayətlər Məhkəməsinin hakimindən söhbət gedir. Qiyas İbrahimova 10 il həbs kəsdikdən bir neçə gün sonra onun insult olduğu bildirilir-red) gördünüz? Siz də elə olacaqsınız", məhkəmə nəzarətçiləri atanı zaldan çıxarır.

Məhkəmədə fasilə yaranıb.

Zalda olanlar da hakim heyətinə məzəmmətedici ifadələr səsləndirib.

"Bir gün Qiyasın yerinə sizin əlləriniz bağlanacaq. O zaman uzaqda deyil", "O bayraq bizimdir. Siz onun altında əyləşməyə layiq deyilsiniz", "Həqiqi kişiləri indiyədək görməmişdiniz, indi görürsünüz", "Qiyas tarix yazır", "O qədər absurd ittiham verirsiniz, hələ insanlardan səbr də gözləyirsiniz", zaldakılar bu və ya digər şüarlar səsləndirib.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

"Azərbaycan əxlaqlı insanların həbsxanasıdır. Sizin kimi mantiyalı marionetlərdən ədalət gözləmirdim", İbrahimov məhkəmənin qəraraına etiraz edib.

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunub. Ancaq onları qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək, hər birini 10 il azadlıqdan məhrum ediblər.

"Amnesty International" təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu “vicdan məhbusu” elan edib.

Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Məhkəmədən sonra vəkil Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəyini bildirib.

Məhkəmədə iştirak edən Milli Məclisin keçmiş sədri İsa Qəmbər jurnalistlərə deyib ki, Qiyas İbrahimov və Bayram Məmmədovun bir il əvvəl etdikləri xalqın qəlbində, şüurunda olmayan heykəlin heç bir mənasının olmamasının sübutu idi.

"Bu günlərdə Tbilisidə də o proses davam etdi. Hakimiyyətdəkilər, Əliyev-Paşayev rejimi bunu dərk etməlidir. Bu üsulla heç nəyə nail ola bilməyəcəklər. Bu qanunsuzluqlara son qoymalıdırlar", o qeyd edib.

XS
SM
MD
LG