Accessibility links

Qiyas İbrahimovun anası: “Oğluma qarşı təzyiqlər var”


Qiyas İbrahimov
Qiyas İbrahimov

“Cəzaçəkmə müəssisəsində oğluma qarşı münasibət yaxşı deyil. Təzyiqlər çoxdur.” Bu barədə hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Qiyas İbrahimovun anası Şura Əmiraslanova oğlu ilə saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində görüşündən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.

Şura Əmiraslanova: “Oğluma qarşı təzyiqlər var”
please wait

No media source currently available

0:00 0:04:40 0:00

Onun sözlərinə görə, Qiyas İbrahimova qarşı aclıq aksiyası keçirdiyi vaxt güclü təzyiqlər olub.

Cəzaçəkmə müəssisəsində oğluma qarşı münasibət yaxşı deyil.
Şura Əmiraslanova, Qiyas İbrahimovun anası

“Bu barədə əvəllər yazmışam. Amma, dünən bir daha təzyiqin şahidi oldum. Qiyas mənim vasitəmlə məktub göndərirdi. Məktubu məndən aldılar. Məktub yazmaq Qiyasın haqqıdır və bu hüququndan istifadə edərək məktub yazmışdı.”

Şura Əmiraslanova cəzaçəkmə müəssisəsinin rəhbərinin onunla görüşdüyünü bildirib.

“O mənə dedi ki, Qiyasa hörmət edirlər, ona telefonla danışmağa imkan verirlər. Mən bildirdim ki, telefonla danışmaq Qiyasın hüququdur. O aclıq edəndə telefonla danışığına imkan verməyibsiniz.”

Ana aclıq aksiyasından sonra oğlunun bütün hərəkətlərinin nəzarətə götürüldüyünü, izlənildiyini bildirib.

“Mən Penitensiar Xidmətə müraciət etməyəcəm. Çünki onlar mənim bildiyim həqiqətləri belə yalanlayır,” o qeyd edib.

Şura Əmiraslanova
Şura Əmiraslanova

Şura Əmiraslanova oğluna baş çəkmələri üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə və digər beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirib.

Onun sözlərinə görə, Qiyasın məktubunda son zamanlar baş verənlərə münasibəti əks olunub.

“Bir də Mehman Hüseynovun Penitensiar Xidmətin əməkdaşı ilə barışmasını müsbət qarşıladığını bildirmişdi,” o qeyd edib.

Penitensiar Xidmət məhbuslara qarşı işgənclərin və ya qeyri-insani rəftarın olması ilə bağlı məlumatları təkzib edir.

“Məhbuslara qarşı hər hansı işgəncədən, qeyri-insani rəftardan və təzyiqdən, qərəzdən söhbət gedə bilməz. Cəzaçəkmə müəssisələrində bütün məhbuslardan yeganə tələb daxili intizam qaydalarına ciddi riayət olunmasıdır,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanılıb. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

Oğluma baş çəkmələri üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə və digər beynəlxalq təşkilatlara müraciət edəcəm.
Şura Əmiraslanova, Qiyas İbrahimovun anası

Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs ediliblər.

“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Ancaq hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edirlər.

2017-ci il iyulun 13-də Qiyas İbrahimov və atası Həsən İbrahimov Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham əlavə ittiham elan olunub. Cinayət işi Bakı Apelyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb. Həmin il dekabrın 18-də Yasamal Rayon Məhkəməsi Həsən İbrahimovu aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edib. Qiyas İbrahimovun 10 illik cəzası isə daha 3 ay artırılıb.

XS
SM
MD
LG