Accessibility links

Metro və sərnişin avtobuslarında daşınma qiymətləri artırılıb


Bakı metropoliteni loqosu

Iyulun 30-da Tarif (qiymət) Şurasının iclasında metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər avqustun 1-dən qüvvəyə minəcək.

Bu barədə Tarif (qiymət) Şurasının Katibliyi məlumat yayıb.

Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaqdır.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 100-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib.

Müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.

Indiyədək metro və şəhərdaxili avtobus marşrutlarında gediş haqqı 20 qəpik idi.

XS
SM
MD
LG