Accessibility links

Azərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı benzinin qiyməti qalxıb


Azərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiymətləri qalxıb. Artıq, yanacaqdoldurma məntəqələrində qiymət lövhələrinə yeni qiymətlər yerləşdirilib.

Yanacaqdoldurma məntəqələrinin məlumatına görə, "Aİ-95" markalı benzinin litri 1 manat 50 qəpiyə yüksəlib. Həmin markalı benzin bundan əvvəl 1 manat 25 qəpiyə satılırdı.

"Aİ-98" super markalı benzinin bir litrinin qiyməti isə 1 manat 60 qəpiyə qaldırılıb. Bu markalı benizin bundan öncə 1 manat 50 qəpiyə idi.

"Premium Euro-95" və "Super Euro-98" markalı benzinlər Azərbaycana idxal edilir. Onların qiymətini Tarif Şurası tənzimləmir.

Azərbaycanda sonuncu dəfə bu markalı benzinin qiyməti ötən ilin noyabrında bahalaşmışdı.

Ölkədə ən çox istifadə edilən "Aİ-92" markalı benzinin isə qiyməti qalxmayıb. Hazırda "Aİ-92" markalı benzinin 1 litri 90 qəpikdir.

"Premium Euro-95" və "Super Euro-98" markalı benzinin qiymətinin qalxması barədə iqtisadçı Natiq Cəfərli öz Facebook səhifəsində belə yazıb.

"Formal olaraq Tarif Şurası "Premium Euro-95" və "Super Euro-98" markalı benzinin qiymətini müəyyən etmir. Güya, bazar qanunları ilə qiymət tənzimlənir. Əslində isə premium markalı benzini ölkəyə tək SOCAR-ın törəmə şirkətləri gətirir, qiyməti də onlar müəyyən edir. Yəni, rəqabət, bazarda başqa oyunçu yoxdur - sırf inhisarçı qiymət diktəsi var. Əslində qanunlara görə bazarın 30%-dən çoxuna nəzarət edən şirkətlərə qarşı anti-inhisar qaydaları işləməlidir”.

O yazır ki, 150 ilə yaxın neft tarixi olan ölkədə bir dənə normal avro-standartlara cavab verən neftayırma zavodu tikilməyib.

“Bir barel nefti indi 73 dollara satırlar, bunun 15 dollara yaxını maya dəyəri və daşınma xərcidir, yerdə qalır 58 dollar, bunun da 75%-i Azərbaycana çatır, bu da edir 43-44 dollar. Sonra da həmin 1 barel neftdən Avropa 102 litr Premium benzin düzəldir, litrini 1 manat 30 qəpiyə, yəni, 77 sentə satır SOCAR-a, onlar da bu gündən həmin benzini 1 manat 50 qəpiyə satacaq camaata - yəni, bir barel xam nefti Avropaya 44 dollara satırıq, Avropa bundan 102 litr benzin düzəldib 78,5 dollara bizə geri verir, hələ 1 barel neftdən benzindən əlavə 4 litr keyfiyyətli motor yağı, 180 şam da əldə edib onu da ayrıca satır”, iqtisadçı facebook səhifəsində yazır.

İqtisadçının dediklərinə hələ rəsmi qurumlar münasibət bildirməyib.

XS
SM
MD
LG