Accessibility links

Qənimət Zahid: "Bu ideyanı Azərbaycanda heç kimlə bölüşməmişdim" (AUDİO)


Keçən həftə Turksat peyk sistemində yayımlanan “Kanal Avrupa” kanalında “Azərbaycan saatı” adlı proqram fəaliyyətə başlayıb. Layihənin rəhbəri və proqramın aparıcısı Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahiddir. Hazırda Türkiyədə olan Qənimət bəylə əlaqə saxlayıb proqram barədə daha ətraflı söhbət apardıq. Müsahibəni sizə təqdim edirik:

Sual: Qənimət bəy, əvvəlcə sizi yeni proqram münasibətilə təbrik edirik. İstərdik ki, yeni başlamış televiziya proqramı haqqında bir qədər ətraflı məlumat verəsiniz.

Cavab: Göstərdiyiniz diqqətə görə çox təşəkkür edirəm. Açığı, bu ideya son bir neçə ayda mənim beynimdən keçən bir ideya idi. Həm də buna ciddi səbəblər var idi. Ola bilsin çox ciddi təkan rolunu oynayan bəzi hadisələr oldu ki, həmin hadisələr məni bir qədər tələsdirdi. Buna səbəb xüsusi ilə də Azərbaycanda hakimiyyətin hələ tam kontrolunda olmayan çap mətbuatına ciddi məhdudiyyətlərin qoyulması oldui. Telekanallar zatən əvvəldən artıq çox ciddi nəzarət altına alınmışdı. Ölkədə demək olar ki, əhalinin daha geniş zümrəsinin informasiyadan təcrid olunması siyasəti kəsin xarakter almaqda idi.Ona görə mən düşündüm ki, hökmən nə isə etmək lazımdır və sizə açığı onu etiraf edim ki, mən bu ideyanı Azərbaycanda heç kimlə bölüşməmişdim. Bu səbəbdən proqramın başlanması Azərbaycanda hər kəs üçün sürpriz oldu. Çünki fikirləşdim ki, kimləsə bölüşəndə daha artıq məsuliyyət gəlir. Türkiyədə bir xeyli axtarışlarda oldum ki, hansı kanalla bu layihəni reallaşdırmaq olar və nəhayət bir seçim etdik və başladıq.

Sual: Proqramın texniki tərəflər barədə nə məlumat verə bilərsiniz? Harada yayımlanır? Necə yayımlanır?

Cavab: Etiraf edim ki, xüsusi bir texniki tələbi də yoxdur. Demək olar ki, yalın əllə başladığımız bir verilişdir. Texniki durumumuz çox bəsit, ibtidai səviyyədədir. Sadəcə burada bir studio var ki, orada anlaşma ilə çəkiliş aparır, verilişi hazırlayırıq. Proqram həftədə iki dəfə efirə getdiyinə görə, hələlik belə planlaşdırmışıq ki, həftənin əsas hadisələrini götürüb, onlar barədə yorum yapaq və çalışaq ki, bu yorumlarda ümumiyyətlə həftə ərzində ölkədə baş verən, televiziya ekranlarına çıxa bilməyən hadisələri və insanları ekrana çıxaraq ki, Azərbaycanda əhalinin daha böyük kəsiminin ölkədə nə baş verdiyindən və ölkədə hansı alternativ mülahizələrin və simaların olduğundan davamlı xəbəri olsun.

Kanal Türksatda yayımlanır və bu səbəbdən də hər halda Azərbaycanda izlənmə imkanları genişdir. Proqramın dalğalarını əzbər bilmirəm, amma Azadlıq və başqa qəzetlərdə proqramın tezlikləri və hətta internetdə necə baxılması ilə bağlı informasiya yerləşdirilib.

Sual: Proqram hansı günlər yayımlanır? Konkret günlər varmı, yoxsa yalnız qaynar mövzular ortaya çıxan zaman proqram yayımlanır?

Cavab: Dəqiqləşdirilmiş qrafikimiz var. Hər həftənin şənbə və ikinci günləri (çərşənbə axşamı) Bakı vaxtı ilə axşam saat 9-da yayıma çıxırıq. Bu barədə də ölkə əhalisinə imkanımız çatan qədər məlumat veririk.
“Kanal Avrupa” əslində Almaniyada qeydiyyatdan keçmiş türk kanalıdır, yəni auditoriyası Avropada yaşayan türklər üçün verilişlər yaymağa hesablanıb. Amma kanalın Türksatda yayımlanması bizə böyük imkanlar verir.

Sual: Amma sizin fəaliyyətiniz yalnız Türkiyə ilə məhdudlaşır...

Cavab: Hələlik Türkiyədədir. Amma yəqin ki, gələcəkdə biz Almaniyadakı studiyanın da imkanlarından istifadə edəcəyik.

Sual: “Kanal Avrupa” hər hansı bir müqavilə bağlamısınızmı? Müqaviləniz nə qədər müddətlik imzalanıb?

Cavab: Anlaşmamız var. Bu anlaşma hələ sürəcək və anlaşmanın pozulması üçün guman etmirəm ki, ya biz tərəfdən, ya da kanal tərəfdən hansısa bir təşəbbüs olsun.

Sual: Sosial şəbəkələrdə belə müzakirə ortaya atıldı ki, bu kanal haradan maliyyələşir. Hər halda efirə çıxmaq böyük maliyyə tələb edir.

Cavab: Bilirsiniz, kanalın maliyyəşdirilməsi ilə məşğul olmuruq. Biz öz proqramımızı, bir saatlıq proqramı hazırlayırıq. Bunu da, bir az ürək ağrısı ilə deyim ki, demək olar yalın əllə başlamışıq və heç bir sponsorumuz da yoxdur. Bir neçə dostun yardımı ilə və o ümidlə başladıq ki, baxmayaraq ki, çox məhdud maliyyə imkanlarımız var, bu proqram yayıma başlayandan sonra bu proqramı yaşatmağımız üçün hər halda könüllülər tapılacaq.

Sual: Faktiki olaraq komandada neçə əməkdaş var?

Cavab: Bu da çox gərgin bir xəbərdir ki, biz burada yalnız iki nəfərik. Bu proqram sadəcə iki nəfərin köməyi ilə hazırlanır: biri mənəm, biri də Aydın Taşdır – Azadlıq qəzetinin Türkiyə təmsilçisi.

Sual: Qənimət bəy, proqramın formatı barədə danışmaq istəyirəm. Aprel ayının 10-da ikinci proqram artıq efirə getdi və hələlik hər iki proqram əsasən diskussiya formatında olub. Ümumiyyətlə, başqa formatlara da üz tutulacaqmı, yoxsa konkret olaraq proqramın formatı studiyada diskussiya şəklində olacaq?

Cavab: Elə daşlaşmış bir formatımız yoxdur. Format daha çox Azərbaycandan gələn görüntülərə bağlı olacaq. Orada hələ görüntüləri göndərmək işi ilə məşğul olanların sayı məhduddur. Amma indi Azərbaycanda müxtəlif qruplarla, jurnalistlərlə, və yaxud könüllülərlə və həvəskarlıqlarla müəyyən danışıqlar aparıram ki, görüntülər əldə edək. Nə qədər çox görüntülü informasiya gəlsə, mövzuları da, formatı da ona uyğun müəyyənləşdirəcəyik. Guman edirəm bu, artan templə gedəcək. Amma ümumilikdə yəqin ki, studiyada diskussiyamız həmişə saxlanılacaq. Ola bilsin 15 dəqiqə və ya yarım saat, verilişin yarısı diskussiya, yarısı xəbər olaraq qalsın, amma bir də qeyd edirəm ki, daha çox Azərbaycandan göndərilən video-görüntülərdən asılı olacaq.

Sual: Proqramın yayımına Azərbaycan hökuməti tərəfindən hər hansı maneə ilə rastlaşmısınızmı?

Cavab: Açığı rastlaşmamışam, ola bilsin hansısa cəhdlər olsun. Amma mən elə birinci proqramda da elan etdim ki, hər hansı maneələr, cəhdlər olsa, hətta qapatmaq təşəbbüsləri və yaxud nəticələri olsa belə mən bunu mənasız sayıram, yenidən başlayacam. Dünyada kanal çoxdur

Sual: Siz həm də Azadlıq qəzetinin baş redaktorusunuz. Digər tərəfdən də bu layihə. Ümumiyyətlə fəaliyyətinizi necə qurmağı planlaşdırırsınız?

Cavab: Mən xüsusilə son bir-iki ildə ölkədən kənarda oluram. Amma bu mənim Azadlıq qəzetindəki fəaliyyətimə nəzarət etməyimə mane olmur. Bunun iki mühüm səbəbi var: birincisi, Azadlığın kollektivi, ansambl çox mükəmməldir, ikincisi, indiki dünyanın virtual, texnoloji imkanları çox genişdir və prinsipial ciddi məsələlərdə həm məsləhətləşmək və ya hər hansı materialı hazırlamaqda birbaşa iştirak etmək, hətta hansısa materialları birbaşa hazırlayıb göndərməmə heç bir maneə yoxdur.

XS
SM
MD
LG