Accessibility links

Azərbaycan və Ermənistan qüvvələri arasında şiddətli döyüşlər gedir


Noyabrın 3-də Azərbaycan və Ermənistan qoşunları arasında Dağlıq Qarabağ və onun ətrafındakı bir çox istiqamətlərdə şiddətli döyüşlər davam etməkdədir. Tərəflər bir-birini humanitar atəşkəsi pozmaqda günahlandırır. Hər iki tərəfdən itkilər var.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 2-də gün ərzində və 3-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

“Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, - 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir,” nazirliyin məlumatında deyilir.

Nazirlik bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

"Noyabrın 3-də Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub," məlumatda qeyd edilir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan deyib ki, döyüş bölgəsindəki vəziyyət nəzarət altındadır.

“Düşmənin hərəkətləri və yerdəyişməsi vaxtında müəyyən edilir, artilleriya atəşi ilə qarşısı alınır. Gecədən başlayaraq düşmən dəfələrlə şimal, mərkəz, cənub istiqamətində bir neçə dəfə irəliləməyə çalışıb. Rota və taqımlarımız tərəfindən cəhdlər dəf edilib, bəzi yerlərdə düşmən çıxılmaz vəziyyətə salınaraq məhv edilib. Düşmən səhər tezdən Mardakert (Ağdərə), Martuni (Xocavənd) və cənubda bir sıra istiqamətlərdə yenidən hücuma keçməyə cəhd edib. Martuni xaricində bütün istiqamətlərdə cəhdlər dayandırılıb, düşmən geri oturdulub. Mövqe dəyişikliyi də baş verib. Martuni ərazisində düşmən Şəhər, Çartar istiqamətində iki mövqeni ələ keçirə bilib. Döyüşlər davam edir, düşmən aktiv şəkildə artilleriya və təyyarələrdən istifadə edir. Noyabrın 2-də təxminən saat 18 radələrində düşmən David Bəy kəndini (Ermənistanın Qafan rayonunda yerləşir) atəşə tutub. Bir nəfər həlak olub.”

O hesab edir ki, bu, kiçik bir müharibə deyil.

“Müharibə davam edir. Düşmən daim irəliləməyə çalışır. Bütün potensialından istifadə edir. Ordumuz ağıllı davranaraq düşmənə böyük zərbə vurur. Əminəm ki, ordumuz vəziyyətə dəqiq nəzarət edir, gündən-günə daha təcrübəli olur, düşməni və onun məqsədini, yeni texnologiyalarını daha yaxşı anlayaraq dəqiq əks mövqe seçir. Buna görə əminəm ki, qalib gələcəyik,” Hovanisyan qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdaqfiə Nazirliynin məlumatına münasibət bildirib.

"Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil. Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır.

Düşmənin guya cənub istiqamətində bölmələrimizin minaatan taqımını məhv edərək vacib sənədləri əldə etməsi barədə Ermənistan mətbuatının yaydığı xəbər də cəfəngiyyatdan başqa bir şey deyil," nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.

Hər iki tərəf gün ərzində ərazilərdəki mülki yaşayış yerlərinin atəşə tutulması barədə məlumat yayıb.

Azərbaycan Baş Prokurorluğu bildirib ki, sentyabrın 27-dən noyabrın 3-dək Azərbaycanın ümumilikdə 91 mülki vətəndaşı həlak olub, 404 nəfər yaralanıb, 2488 yaşayış evinə, 97 çoxmərtəbəli binaya, 461 mülki infrastruktur obyektinə, minlərlə nəqliyyat vasitəsinə ziyan dəyib.

Ermənistan rəsmilərinin mülki itkilərlə bağlı fikirləri müxtəlifdir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan özünün Facebook səhifəsində Ermənistanın Sunik bölgəsinin David-Bəy kəndinin (Qafan bölgəsi) atəşə tutulması nəticəsində bir mülki şəxsin öldüyünü, daha iki mülki şəxsin yaralandığını bildirib.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun Fövqəladə Vəziyyət Xidməti bildirir ki, oktyabrın 3-də gecə Dağlıq Qarabağın dinc yaşayış məntəqələrində vəziyyət nisbətən sakit olub. Oktyabrın 2-də Azərbaycan Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində bir mülki şəxs ölüb, bir mülki şəxs isə yaralanıb.

"Noyabrın 2-də Martuni bölgəsinin Xnusinak icmasının mülki sakini Armo Avanesyan öldürülüb, Mardakert bölgəsinin Araçadzor kəndində mərmi partlaması nəticəsində sakin Seryoja Saturyan yaralanıb. Son məlumatlara görə, Azərbaycan tərəfinin atəşə tutması nəticəsində ümumilikdə 46 mülki şəxs həlak olub, 142 nəfər yaralanıb, 13100 ev dağılıb, 2700 mülki infrastruktura, 2000 nəqliyyat vasitəsinə ziyan dəyib,” məlumatda deyilir.

Bu məlumat müstəqil ekspertlər tərəfindən təsdiq edilməyib.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin mülki yaşayış məntəqələrinin atəşə tutulması barədə məlumatlarını təkzib edib.

“Ermənistan mətbuatı bu gün işğal altında olan yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən müxtəlif silahlardan atəşə tutulması ilə bağlı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatlar yayıb. Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır,” Müdafiə Nazirliyi bildirib.

Ermənistan oktyabrın 29-dan noyabrın 2-dək hərbi itkiləri barədə məlumat yaymayıb. Yalnız, noyabrın 2-də 11 hərbiçisinin, o cümlədən özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun müdafiə nazirinin iki müavini, polkovniklər Artur Sarkisyan və Sergey Şəkəryanın öldürüldüyünü bildirib. Beləliklə, rəsmi məlumatların yekunu olaraq Ermənistan Ordusu 1177 hərbiçisini itirib.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatına görə, noyabrın 2-də 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 122 mm-lik raket, 1 ədəd raketin hissəsi, 22 ədəd bombacıq və 58 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentlik bildirir ki, əməkdaşı Telman Zeynalov noyabrın 2-də Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minaya (PMN-Э) düşub. Partlayış nəticəsində sol ayağı topuq nahiyəsindən amputasiya olunub.

Ümumilikdə agentlik tərəfindən sentyabrın 27-dən noyabrın 2-dək 314 ədəd partlamamış hərbi sursat (PHS), 1 627 ədəd piyada əleyhinə mina, 276 ədəd tank əleyhinə mina, 460 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 173 ədəd9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 20 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 698 ədəd partlamış raket hissələri aşkar olunub.

Münaqişənin nizamlanması ilə bağlı siyasi səviyyədə danışıqlar da davam etdirilir.

Noyabrın 1-də və 2-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə telefon danışıqları aparib. Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri hərtərəfli müzakirə edilib.

Azərbaycan prezidenti İlham Əliyev münaqişənin nizamlanması ilə bağlı öz fikrilərini noyabrın 3-də Twitter səhifəsində bəyan edib.

"Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər. Ancaq biz bunun əksini görürük," Əliyev qeyd edib.

Çərşənbə axşamı İranın dini lideri Ayətullah Əli Xamneyi Məhəmməd peyğəmbərin mövludu münasibətilə müraciətində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikrini bildirib.

"Azərbaycan Respublikasına aid olan ərazilər azad edilməli və erməni millətindən olan şəxslərin təhlükəsizliyi təmin edilməlidir. Beynəlxalq sərhədlərə hörmət edilməli və terrorçular İran sərhədlərinə yaxınlaşmamalıdır,” o, qeyd edib.

​2020-ci il sentyabrın 27-də qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG