Accessibility links

Azərbaycan və Ermənistan qüvvələri arasında ağır döyüşlər gedir


Noyabrın 6-da Azərbaycan və Ermənistan qoşunları arasında şiddətli döyüşlər davam etməkdədir. Tərəflər bir-birini yaşayış məntəqələrini atəşə tutmaqda günahlandırır. Hər iki tərəfdən itkilər var.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

“Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Hazırda döyüş əməliyyatları davam edir.

Noyabrın 6-da Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub. Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib. Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır,” nazirlik qeyd edir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan bildirib ki, Laçın-Şuşa yolunun bəzi hissələri təhlükəsizlik səbəbi ilə mülki vətəndaşlar üçün hələ də bağlıdır.

"Dünəndən başlayaraq düşmənin diversiya qrupları üçün axtarışlar aparılır. Eyni zamanda qeyd etməliyəm ki, Berdzor (Laçın) -Şuşi (Şuşa) yolunun Lisaqor kəndi yaxınlığındakı hissəsi düşməndən tamamilə təmizlənib."

Hovanisyan Dağlıq Qarabağda olan jurnalistlərin təhlükəsizliyi ilə bağlı bildirib ki, bir gün əvvəl jurnalistlərlə Stepanakertdə (Xankəndində) şəxsən görüşüb.

"Artsax (Dağlıq Qarabağ-red) rəhbərliyi jurnalistlərin çalışması üçün hər cür şərait yaradıb. Lakin aydındır ki, onlar da mülki vətəndaşlarımız kimi Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutula bilərlər. Burada yeni bir şey yoxdur. Eyni zamanda, rahatlıqla Ermənistana qayıda bilərlər, yollarda heç bir təhlükə yoxdur," Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib.

Hovanisyanın özü noyabrın 5-də Qarabağdan qayıtdığını və yolda bir təhlükə hiss etmədiyni deyib.

O, həmçinin noyabrın 5-də Azərbaycan Ordusunun Martuni (Xocavənd) rayonunun Qırmızı Bazar kəndi istiqamətində “Qarabağ qoşunları”nın müdafiəsini yarmaq üçün təchizat dolu avtomobillər gətirməsinin qarşısının alındığını bildirib.

Artsrun Hovanisyan Ermənistan İctimai televiziyasına müsahibəsində deyib ki, Azərbaycanın tərxribat qruplarının üzvləri üzərlərində Azərbaycan bayrağı gəzdirir ki, Şuşada foto çəkdirsinlər.

"Şuşiyə (Şuşa) ən yaxın meşə və dərələrdən düşmənin kiçik qrupları davamlı olaraq müqavimətimizi qırmağa çalışır, lakin məğlub olurlar. Öldürülən bütün Azərbaycan əsgərlərinin üzərində Azərbaycanın bayrağı var. Şübhəsiz ki, məqsədləri Şuşiyə (Şuşa) daxil olaraq şəhərə bayraq taxmaq və bayraq fonunda fotoşəkil çəkdirməkdir," o, qeyd edib.

Bu arada Hovanisyan bəzi Azərbaycan hərbçilərinin Şuşa qalası qarşısında Azərbaycan bayrağı fonunda artıq foto çəkə biləcəyini istisna etməyib.

"Bununla onlar sadəcə psixoloji problemlərini həll edirlər, ancaq hərbi problemlər qalır. Əliyevin Şuşiyə (Şuşa) hücumla bağlı açıqlamalarının reallıqla heç bir əlaqəsi yoxdur.”

Onun sözlərinə görə, "Qurbaqer-2020" əməliyyatı (Şuşinin yaxınlığında azərbaycanlıların və muzdlu dəstələrin məhv edilməsi üçün hərbi əməliyyat) ərazi tamamilə təmizlənənə qədər davam edəcək.

"Birinci hədəfimiz təxribatçı qrupları məhv etməkdir, sonra mövqelərimizi qoruyub möhkəmləndirməkdir," Hovanisyan qeyd edib.

Hər iki tərəf gün ərzində ərazilərdəki mülki yaşayış məntəqələrinin atəşə tutulması barədə məlumat yayıb.

Azərbaycan Baş Prokuroru bildirib ki, sentyabrın 27-dən noyabrın 4-dək Azərbaycanın ümumilikdə 92 mülki vətəndaşı həlak olub, 405 nəfər yaralanıb, 2734 yaşayış evinə, 98 çoxmərtəbəli binaya, 500 mülki infrastruktur obyektinə, minlərlə nəqliyyat vasitəsinə ziyan dəyib.

Ermənistan tərəfində mülki itkilərlə bağlı məlumatlar müxtəlifdir.

Ermənistanın ombudsmanı Арман Татоян bildirib ki, sentyabrın 27-dən indiyədək ümumilikdə 50 mülki şəxs həlak olub, 148 nəfər yaralanıb. Amma, bu məlumat müstəqil ekspertlər tərəfindən təsdiq edilməyib.

Özünü “Dağlıq Qarabağ”ın Fövqəladə Hallar Xidməti kimi təqdim edən qurumun məlumatında deyilir ki, noyabrın 5-dən 6-na keçən gecə Stepanakert (Xankəndi) və Şuşi (Şuşa) şəhərlərininn atəşə tutulması nəticəsində ilkin məlumata görə 3 mülki şəxs həlak olub.

Bu quurmun məlumatına görə isə sentyabrın 27-dən indiyədək 46 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib və bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin hədəfi hərbi obyektlərdir, mülki obyektləri və mülki insanları atəşə tutmur. Nazirlik həmçinin mülki insanları hərbi obyektlərdən kənarda durmağa və Azərbaycan vətəndaşı olan erməni əsilli şəxsləri Azərbaycan tərəfə keçməyə çağırıb.

Hərbi itkilərə gəlincə, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.

"Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır," Putun qeyd edib.

Ermənistan oktyabrın 29-dan noyabrın 2-dək hərbi itkiləri barədə məlumat yaymayıb. Yalnız, noyabrın 2-də 11 hərbiçisinin, o cümlədən tanınmaış “Dağlıq Qarabağın müdafiə nazirnin” iki müavininin həlak olduğunu bildirib. Bundan sonra noyabrın 6-dək yenə hərbi itkiləri barədə məlumat yaymayıb. Beləliklə, rəsmi məlumatların yekunu olaraq Ermənistan Ordusu 1177 hərbiçisini itirib. Lakin bu məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.

Ermənistan İstintaq Komitəsinin kriminalistika şöbəsinin müdiri Rafael Vardanyan noyabrın 5-də bildirib ki, hazırda Azərbaycanda 21 erməni əsir var.

“Bu məlumatlar daim dəyişir. Dəqiqləşdirmə mərhələsində olan məlumatlar var. İki şəxs haqqında dəqiqləşdirilən məlumatlar var,” o, qeyd edib.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.

Hərbi əsirlərə gəlincə, Ermənistan Azərbaycandan olan hərbi əsir kimi təqdim etdiyi bir neçə şəxsə tibbi yardım göstərilməsi ilə bağlı məlumat yayıb. Bundan başqa daha iki Azərbaycan vətəndaşı bir neçə ildir Dağlıq Qarabağda həbsdə saxlanılır.

Azərbaycan tərəfi Ermənistandan olan azı 7 hərbi əsir kimi təqdim etdiyi şəxsi yerli televiziyada nümayiş etdirib.

​2020-ci il sentyabrın 27-də Dağlıq Qarabağda intensiv döyüş əməliyyatları başlanıb. Əməliyyatlar əsnasında hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG