Accessibility links

Qrafik-dizayner Rəsul Həsənlinin saxlanıldığı bildirilir


Rəsul Həsənov

Qrafik-dizayner Rəsul Həsənli bu gün səhər saatlarında evindən çıxarkən naməlum şəxslər tərəfidən saxlanılaraq qeyri-müəyyən istiqamətə aparılıb.

Bu barədə bloger Həbib Müntəzir Facebook səhifəsində məlumat yayıb.

Rəsul Həsənli fevralın 16-da Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası zamanı kardon yaratmaq üçün sıraya düzülən polis əməkdaşlarının videosunu yallı oynadıqları kimi montaj edərək sosial şəbəkələrdə yerləşdirib.

Rəsul Həsənli saxlanıldıqdan qısa müddət sonra onun Facebook profilindən bu çarx silinib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə videoya görə insanın saxlanımasına inanmaq istəmədiyini bildirir.

“Ümid edirəm yalan olar. Hansısa bir video-materiala görə, heç bir qanun pozuntusuna yol verməyən, qanunsuz aksiyalarda belə iştirak etməyən tanınmış yaradıcı bir gəncə qarşı polisin bu tip davranışı, yaradıcı bir şəxsin təxəyyülünün məhsulu olan bu tip paylaşımlara aşırı reaksiyalar qəbuledilməzdir. Əgər həmin videoda qanuna zidd məqamlar yer alıbsa bunu hüquqi müstəvidə həll etmək daha doğru olardı. Bu, həm polisi nüfuzdan salır, həm ölkədə gənclərə dəstəklə bağlı aparılan işlərə kölgə salır və həmçinin də bu tip faktlar beynəlxalq qurumların hesabatlarına daxil olaraq ölkəmizin beynəlxalq imicinə də ciddi zərbə vurur,” Gündüz Facebook səhifəsində yazıb.

Rəsmi qurumlar qrafik-dizaynerin saxlanılması barədə hələ məlumat yaymayıb. Rəsul Həsənlinin ailə üzvləri və ya vəkili də onun saxlanılmasına münasibət bildirməyib.

XS
SM
MD
LG