Accessibility links

Qubad İbadoğlu: Azərbaycanda hakimiyyət özünü qoruma instinktindən çıxış etdi


Qubad İbadoğlu: Azərbaycanda hakimiyyət özünü qoruma instinktindən çıxış etdi
please wait

No media source currently available

0:00 0:19:40 0:00

Dünyanın bir sıra ölkələri tədricən koronavirus epidemiyası ilə əlaqədar olaraq tətbiq edilən karantin məhdudiyyətlərini qaldıraraq, iqtisadi fəaliyyətləri bərpa etməyə başlayıb. Ekspertlər qlobal iqtisadiyyatın pandemiyadan sonra bərpasının bir neçə il sürə biləcəyini bildirir. Dünya boyu neftin qiymətinin düşməsi isə iqtisadiyyatı neft gəlirlərindən asılı olan ölkələr üçün ekspertlərin bildirdiyinə görə, daha ciddi risklər yaradır. ABŞ-ın Rutgers Universitetinin professoru, iqtisadçı alim Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində Azərbaycanda karantin tədbirləri və pandemiyanın iqtisadiyyata təsirləri haqda danışıb.

İqtisadçı alim pandemiya dövrü dünya ölkələrinin hökumətləri tərəfindən tətbiq edilən karantin tədbirləri nəticəsində iqtisadiyyata dəyən zərərin qarşısının alınması üçün müxtəlif dəstək proqramları təqdim etdiyini qeyd edib. Onun bildirdiyinə görə, bu proqramlar iş yerlərinin saxlanması və iqtisadiyyatın qorunmasına yönəlib.

Amma düşünmürlər ki, bu gün şirkəti qorumaq lazımdır, bu gün istehlakçını qorumaq lazımdır ki, sabah onlar ölkənin iqtisadiyyatını böhrandan çıxarsınlar.

“Azərbaycanda isə hakimiyyət özünü qoruma instinktindən çıxış elədi. Hakimiyyət iqtisadi agentləri fikirləşmədi, biznesi qorusun, az təminatlı ailələlərə yardım etsin, çalışsın ki, alıcılıq qabiliyyətinin aşağı düşməsinə imkan verməsin, yoxsulluq artmasın, çalışsın ki, Azərbaycanda əmək haqları azalmasın. Amma baxın, rəsmi statistik məlumat göstərir ki, Azərbaycanda ilk 5 ayda orta aylıq əmək haqqı 728 manat 90 qəpik olub, amma ilk 3 ayda orta aylıq əmək haqqı 744 manat 80 qəpik idi. Yəni əmək haqqı hətta ilk 4 ayda da, ilk 3 ayda da indiki ilk 5 aylıq əmək haqqıya görə daha yüksək olub. Azərbaycanda orta aylıq əmək haqqı aşağı düşür.”

İqtisadçı ekspert ölkədə ayrılan 190 manat yardımın bütün işsizləri təmin etmədiyini bildirərək, işsizlik səviyyəsi ilə bağlı son üç ayda rəsmi məlumatların olmadığını deyib.

“Azərbaycan heç rəsmi olaraq ümumi rəqəmi də vermir ki, görək Azərbaycanda işsizlik nə qədərdir. Və biz əgər bilmiriksə ölkədə işsizliyin sayını, işsizlərin sayını bilmiriksə - bəlkə bilirlər özləri təbii ki - onu açıqlamırıqsa, onda necə effektiv siyasət və gerçək işsizlərə yönələn ünvanlı dövlət dəstəyini həyata keçirmək olar?”

Onun fikrincə, Azərbaycanın “seçdiyi makroiqtisadi yanaşma, apardığı dövlət siyasəti sadəcə olaraq fiskal buxovlayıcı siyasətdir”.

İstehlakçı kimi az təminatlı təbəqənin üzərində bir sosial müdafiə elementi qurulmalıdır və eyni zamanda, iqtisadi agent olaraq biznesin də.

“Amma düşünmürlər ki, bu gün şirkəti qorumaq lazımdır, bu gün istehlakçını qorumaq lazımdır ki, sabah onlar ölkənin iqtisadiyyatını böhrandan çıxarsınlar. Amma bu gün əgər şirkət müflisləşirsə, insanlar yoxsullaşırsa onda iqtisadiyyatı böhrandan çıxarmaq prosesi və müddəti uzanacaq”, o əlavə edib.

Qubad İbadoğlu iş yerlərinin itirilməsi, əmək haqqının azalmasını qeyd edərək, bunun əhalinin “yaşayış şətlərini daha da çətinləşdirdiyini”, əhalinin təhlükəsizliyi və sağlamlığı üçün problemlər yaratdığını” bildirib.

İqtisadçı alim pandemiyadan sonra iqtisadiyyatın böhrandan çıxarılaraq bərpası üçün dövlətin “fiskal buxovlayıcı siyasətdən genişləndirilmiş siyasətə” keçməli olduğunu deyib.

“Monetar siyasətimizdə uçot dərəcələri aşağı salınmalıdır, faiz dərəcələri azaldılmalıdır ki, kredit qoyuluşları artsın. Bunsuz iqtisadiyyatı böhrandan çıxarmaq mümkün olmayacaq. Dövlət özü daha çox xərcləmərə getməlidir və dövlətin xərcləmələri əsasən hesab edirəm ki, iqtisadi agentlərə yönəlməlidir. İstehlakçı kimi az təminatlı təbəqənin üzərində bir sosial müdafiə elementi qurulmalıdır və eyni zamanda, iqtisadi agent olaraq biznesin də.”

Qubad İbadoğlu Azərbaycanın hazırda pandemiya dövründə iqtisadi tənəzzüldən çıxmaq üçün yanaşmasını dəyişməli olduğunu deyib.

“Azərbaycan yanaşması düzgün deyil, yəni bu gün üçün düzgün deyil, ola bilər ki, indiyə qədər düz idi. Artırmaq lazım idi, mən razıyam, amma indi xərcləmək lazımdır. Xərcləməsək, alıcılıq qabiliyyətini qaldırmasaq, məcmu tələbi stimullaşdırmasaq, böhrandan tez çıxa bilməyəcəyik. Azərbaycan üçün böhranın belə deyək tsiklik müddəti daha da uzun olacaq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG