Accessibility links

Qubad İbadoğlu: 2017-ci il islahat ili olmadı [Video-müsahibə]


Qubad İbadoğlu 2017-ci ilin yekunlarından danışır
please wait

No media source currently available

0:00 0:14:14 0:00

İqtisadçı-ekspert Qubad İbadoğlu Amerikanın Səsinə müsahibədə 2017-ci ilin yekunları və 2018-ci ildə gözləntilərdən danışıb.

İqtisadiyyatda neft amili

Qubad İbadoğlunun bildirdiyinə görə, 2017-ci ilin islahat ili olacağı ilə bağlı ümidlərin olmasına və bunun üçün kifayət qədər əsaslar olmasına baxmayaraq, bu, baş vermədi. O, 2017-ci ildə də Azərbaycan iqtisadiyyatında neft amilinə üstünlük verildiyini, iqtisadiyyatda neftin rolunun önə çəkildiyini qeyd edib.

“Bunu həm əsas neft kontraktının 2015-ci ilə qədər uzadılması ilə təsdiq elədi. Həm də ki, ilin sonunda növbəti il üçün dövlət büdcəsi proqnozlaşdırılarkən Azərbaycan Dövlət Neft Fondundan transferlərin həcminin demək olar 50 faizdən çox artırılması və bütövlükdə götürüləndə 2018-ci ilin dövlət büdcəsinin artımında neft gəlirlərinin payının 97 faizə çatdırılması bir daha onu deməyə əsas verdi ki, Azərbaycan hakimiyyəti 2016-cı ildən başlayan, demək olar ki, qısa bir müddətdir, qeyri-neft sektorunun inkişafına yönələn siyasətindən geri çəkildi və yenidən neft faktoruna, yenidən neft siyasətinə üstünlük verməyə başladı. Bu təbii ki həm də islahatlarla bağlı bizim gözləntilərimizin özünü doğrultmamağının nəticəsi oldu. Və demək olar ki, bizim 2017-ci ildən gözlədiyimiz həm islahatlara keçid ili baş vermədi. Həm də ki, 2017-ci il bizim üçün böhrandan çıxış ola bilərdi. 2017-ci ilin demək olar ki, əvvəli, ilkin dövrləri müsbət artımla müşahidə olunsa da, sonda iqtisadi enişlə nəticələndi və biz təəsüflər olsun ki, bu ili də pozitiv nəticələrlə başa vura bilmədik. ”

Qeyri-neft sektoru

Qubad İbadoğlu bildirib ki, iqtisadi islahatların aparılması üçün konseptual hüquqi bazanın hazırlanmasına və qeyri-neft sektorunun stimullaşdırılması ilə bağlı qərar və fərmanların verilməsinə baxmayaraq, bu işlərin icrası istiqamətində ciddi addımların atıldığı müşahidə olunmur.

“Hesab edirəm ki, bu islahatlar yalnız konseptual bazanın formalaşdırılmasına yönəlməli deyildi və biz eyni zamanda, digər sektorlarda islahatlar aparmalıydıq. Bunun üçün ilk növbədə, hesab edirəm ki, Azərbaycanda rəqabəti dəstəkləyən bir siyasət həyata keçirilməli idi. Ölkənin hüquq-məhkəmə sisteminin müstəqilliyi sahəsində islahatlar aparılmalıdır və bu istiqamətdə baş verənlərlə biz sahibkarlığı inkişaf etdirib, rəqabət mühiti yarada bilərdik. Yəni bu rəqabət mühitində neft sektoru qabağa çıxacaq, qeyri-neft sektoru qabağa çıxacaq, təbii ki, bu ölkədən və eyni zamanda, dünya bazarının konyukturasından asılı olacaq. Və o baxımdan mən düşünürəm ki, ilk növbədə biz qanunların aliliyini təmin etmək üçün hüquq-məhkəmə sistemində islahatlar aparmalıyıq. Eyni zamanda, inzibati idarəetmə sistemində də islahatlar getməlidir. Və düşünürəm ki, həm institusional və struktur dəyişikliklərinə ehtiyac var.”

Alternativ enerji mənbələri

Qubad İbadoğlu bildirib ki, 2017-ci il dünya boyu tükənən enerji mənbələrinin yenilənən alternativ enerji mənbələri ilə əvəz edilməsi istiqamətində geniş təşəbbüslərlə yadda qaldı. Ekspert Azərbaycanda da bu istiqamətdə stimullaşdırıcı siyasətin yürüdülməli olduğunu deyib.

“Azərbaycanda bu istiqamətdə müəyyən işlər gedib, yəni institusional dəyişikliklər var. Bir agentlik fəaliyyət göstərir, dövlət proqramı var. Amma təəssüflər olsun ki, Azərbaycanda bu iş digər istiqamətlərdə dövlət siyasəti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilmir. Məsələn, sadə bir misal deyim. Növbəti ildən avtomobillərin rüsumları artırılacaq və ölkəyə gətirilən avtomobillər həm istismar ilindən, həm də mühərrikin gücündən asılı olaraq, daha çox idxal rüsumuna cəlb ediləcək. Amma bununla yanaşı, ölkəyə elektromobil avtomobillərin gətirilməsini stimullaşdıran heç bir qanunverici dəyişiklik yoxdur.”

Korrupsiya iqtisadi inkişafa maneədir

İqtisadçı-ekspert korrupsiya ilə mübarizədə şəffafflıq və hesabatlılıq prinsiplərinin əhəmiyyətini vurğulayıb, hüquq-məhkəmə sistemində islahatların vacibliyini qeyd edib.

“İlk növbədə hesab edirəm ki, korrupsiya ilə mübarizənin əsasını şəffaflıq və hesabatlılıq təşkil etməlidir. Ona görə də düşünürəm ki, Azərbaycan məmurları, Azərbaycanın rəhbər vəzifəsində olanlar, siyasi xadimləri gəlirləri və əmlakları barədə bəyannaməni doldurmalıdırlar və o bəyannamələr dərc olunmalı, ictimaiyyət üçün açıq olmalıdır. Bu, korrupsiya ilə mübarizənin ilkin şərtidir. Çox təəssüflər olsun ki, Azərbaycan demək olar ki, bizim regionda bu istiqamətdə fəaliyyəti olmayan yeganə dövlət olaraq qalır. Yəni biz ümid edirik ki, 2018-ci ildə seçki olduğu nəzərə alınaraq, həm siyasi xadimlər, həm də rəhbər vəzifəli şəxslər, bütövlükdə götürəndə dövlət məmurları Azərbaycanda öz gəlirləri və əmlakları barəsində bəyannaməni dərc edəcəklər və bu barədə ictimaiyyət məlumatlandırılacaq. Korrupsiya ilə mübarizə istiqamətində məhkəmələrin rolu çox əhəmiyyətlidir. Və təəssüflər olsun ki, Azərbaycanda ən çox korrupsiyalaşmış sistemlərdən biri də hüquq-məhkəmə və onların icrasına nəzarət edən ədliyyə sistemidir. Məhkəmə qərarlarının icrasından tutmuş, məhkəmənin özünün müstəqilliyinə qədər hesab edirəm ki, ciddi dəyişikliklər son nəticədə korrupsiya ilə mübarizə istiqamətində müsbət nəticələrə gətirib çıxara bilər. Təbii ki, korrupsiya ilə mübarizə həm də vətəndaşların iqtisadi və hüquqi biliklərinin artırılmasından, bu prosesdə vətəndaş cəmiyyətinin rolunun və medianın rolunun yüksəldilməsindən asılıdır. Düşünürəm ki, əgər dediyim istiqamətdə dəyişiklərlər olarsa, məhkəmə-hüquq sistemində, eyni zamadan dövlət məmularnıın gəlirlərinin bəyan edilməsi sahəsində müəyyən dəyişikliklər, vətəndaş cəmiyyətinin və medianın bu prosesə cəlb edilməsi ilə müşayiət olarsa, onda Azərbaycanda korrupsiya imkanları azala bilər və bu bütövlükdə həm də Azərbaycanda iqtisadiyyatın, biznesin inkişafı üçün əhəmiyyətli töhfə ola bilər.”

2018-ci il iqtisadiyyatı neftin qiymətindən asılı olacaq

Qubad İbadoğlu 2018-ci il iqtisadiyyatının daha çox dünya bazarında neftin qiymətindən asılı olacağını və açıqlanan proqnozların nikbin olmadığını bildirib.

“2018-ci ildə dünya bazarında neftin qiyməti ilə bağlı gözləntilər onu deməyə əsas verir ki, növbəti ildəki qiymətlər bu illə müqayisədə daha ucuz olacaq. Ən azı Amerika Birləşmiş Ştatları növbəti ildə hasilatını xeyli artırmaq niyyətindədir. Baxmayaraq ki, ehtiyatlar azalıb, amma bütövlükdə 2018-ci ilin planlarına görə daha çox neft istehsal olunacaq Amerika Birləşmiş Ştatlarında. Bu da təbii ki dünya bazarında neftin qiymətinə ucuzlaşdırıcı təsir göstərəcək. Və əgər dünya bazarında neftin qiyməti ucuzlaşarsa, təbii ki, Azərbaycanda iqtisadiyyatında biz böhranın davam etdiyini, Azərbaycanın milli valyutasının sabitliyinin pozulduğunu müşahidə edəcəyik. Və düşünürəm ki, 2018-ci ildə eyni zamanda, neftin qiymətinin ucuzlaşması həm Azərbaycanın investisiya öhdəliklərinin, xüsusilə də dövlət büdcəsindən maliyyələşən investisiya layihələrinin kreditləşdirilməsi, maliyyələşdirilməsi istiqamətində də çətinliklər yaradacaq. 2018-ci ilin dövlət büdcəsində demək olar ki, qiytmətləri bahalaşdıran xeyrli yeniliklər var, yəni aksiz vergilərin dərəcələri artırılır, eyni zamanda, gömrük rüsumları qaldırılır və bütün bunlarla yanaşı, yeni cərimələr, sanksiyalar tətbiq olunmağa başlayır. Bu isə onu deməyə əsas verir ki, 2018-ci ildə qiymətlərin səviyyəsində də bahalaşma gözləniləndir. Əgər dövlət tariflərini dəiyşdirməsə, yəni tənzimlənən qiymətlərə, o cümlədən, enerji daşıyıcılarına və kommunikal xidmətlərin tariflərinə yenidən baxmasa, onu builki səviyyədə saxlasa, onda ola bilər ki, növbəti ildə inflasiya səviyyəsi ikirəqəmli olmasın. Amma hesab edirəm ki, indiki halda bu gedişlə çox güman ki, 2018-ci il həm də qiymətlərin bahalaşması ilə də xarakterizə olunacaq. 2018-ci il ümid edirəm ki, keçid ili olacaq, yəni ən sonuncu şansımızı dəyərləndirib, ən azı növbəti ildə biz islahatlar istiqamətində addımlar atmalıyıq ki, bütövlükdə Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafına nail ola bilək. ”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG