Accessibility links

Qüdsdə hücum 4 İsrail əsgərinin ölümü, 15 əsgərin yaralanması ilə nəticələnib


İsrail polisi fələstinlinin yük maşınını bir qrup İsrail əsgərlərinin üstünə sürməsi nəticəsində törədilmiş hücum zamanı dörd əsgərin öldüyünü, 15 əsgərin isə yaralandığını bildirib. Onların bəzisinin vəziyyətinin ağır olduğu deyilir.

Polis sözçüsü İsrail radiosuna verdiyi açıqlamada hadisəni "ciddi terror hücumu" adlandırıb.

Rəsmilərin bildirdiyinə görə, əsgərlər Armon Hanatziv meydançasında Qüdsün qədim hissəsinə tamaşa etmək üçün avtobusdan endikləri zaman hücuma məruz qalıb. Sürücünün yük maşınının istiqamətini dəyişərək, maşını onların üstünə sürdüyü deyilir.

Rəsmilər hücumçunun güllə ilə vurulub öldürüldüyün bildirir. Fələstin rəsmiləri hücumçunun şərqi Qüdsün hadisənin baş verdiyi yerə yaxın Cəbəl Mukaber məhəlləsinin sakini olduğu bildirib.

Ölən dörd əsgərdən üçü qadın, biri kişidir. Onların hamısının iyirmi yaşlarında olduğu deyilir.

Bugünkü hücum 2015-ci ilin sentyabr ayında fələstinlilər tərəfindən törədilmiş zorakılıqlardan sonra ən çox ölümlə nəticələnən hücumdur. Silsilə hücumlar nəticəsində 40 israilli və bir neçə xarici ölkə vətəndaşı öldürülmüşdü. İsrail tərəfindən 247 fələstinli öldürülüb.

İsrail zorakılıqların fələstinlilərin təhrikçi cəhdlərinin nəticəsi olduğunu bildirir. Fələstinlilər isə hücumların bir zamanlar Fələstin torpaqları olan ərazilərin 50 ildən artıqdır İsrail tərəfindən işğalının və müstəqil Fələstin dövlətinin yaradılması ümidlərinin boşa çıxmasının nəticəsi olduğunu deyir.

XS
SM
MD
LG