Accessibility links

Qulu Məhərrəmli: Əsas məqsəd medianı indiki düşdüyü böhrandan çıxarmaqdır


Qulu Məhərrəmli: Əsas məqsəd medianı indiki düşdüyü böhrandan çıxarmaqdır
please wait

No media source currently available

0:00 0:12:25 0:00

Aprelin 19-da Azərbaycanın müstəqil media ictimaiyyətinin bir qrup nümayəndəsi "Media klub"un yaradıldığını elan edib. Klubun məqsədi kimi ölkənin müstəqil, sağlam informasiya məkanının formalaşdırılması olduğu bildirilib. Klubun təsisçilərindən biri olan jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində Azərbaycanda media məkanında durum, problemlər və klubun missiyasından danışıb.

“Media dəyərlərinin itməsi şəraitində və üstəgəl, sosial şəbəkələrin üstünlük təşkil etdiyi bir şəraitdə, ənənəvi peşəkar mediada etik normaların pozulduğu, daha sonra medianın demək olar ki, öz müstəqilliyini itirdiyi bir vaxtda təbii ki, bu missiyanın yerinə yetirilməsi çox çətindir”, Qulu Məhərrəmli qeyd edib.

O deyib ki, sağlam informasiya məkanının formalaşdırılması yollarından biri kimi diskussiya platformasının yaradılması mühümdür.

“Faktiki olaraq son hadisələr, prezident seçkisi ərəfəsindəki dövrdə hadisələr, situasiya göstərdi ki, media çox hazırlıqsızdı, media sosial şəbəkələrə uduzur və sosial şəbəkələrin də problemi odur ki, bəzi dairələr bunu manipulyasiya alətinə çevirməyə çalışır. Burada təhqirlər geniş yer alır. Bunlar da təbii ki, geniş auditoriyanı qıcıqlandırır, narahat edir, onların normal informasiya almaq imkanlarını məhdudlaşdırır”, o bildirib.

Qulu Məhərrəmlinin sözlərinə görə, medianın ictimai dəyərinin azaldığı bir şəraitdə qarşıda onun əsas missiyasını bərpa etmək kimi bir vəzifə durur. O deyib ki, buna nail olmaq üçün “cəmiyyəti lazım olan məlumatlarla təmin edən, etik qaydaları, peşəkarlıq səviyyəsini yüksəldilməsi, cəmiyyət üçün gərəkli və maraqlı olan, cəmiyyəti məlumatlandıran” bir peşəkar medianın olması lazımdır.

“O qədər informasiya basqısı var ki, həddindən artıq çox informasiya kütləsi var. Yəni normalda insanlar nəyin doğru, nəyin yalan olduğunu, nəyin gərəkli olduğunu, nəyin yaxşı olduğunu, nəyin pis olduğunu qavraya bilmirlər. Bax, bu mənada bizim auditoriyaya çox ciddi kömək lazımdır. Və peşəkar media bunu edə bilər, bu missiyanı öz üzərinə götürə bilər.”

Qulu Məhərrəmli cəmiyyətdə diskussiyaların aparılmasının, fikir plüralizminin vacibliyini xüsusi vurğulayıb və qarşıda duran vəzifələrdən birinin ictimai diskussiyaların aparılmasından ibarət olduğunu deyib.

“Hesab edirəm ki, bütövlükdə cəmiyyət əmin olsa ki, bu klub həqiqətən də medianın gerçək problemlərini qaldırıb onu müzakirə eləmək istəyir və burada əsas məqsəd medianın indiki düşdüyü böhrandan çıxarmaqdı, bir növ sosial şəbəkələri də müdafiə altına götürmək ki, bu, normal bir informasiya platforması kimi cəmiyyətə xeyri dəyə bilər-yəni bunları müzakirə etmək hesab edirəm ki, cəmiyyəti həm də bir növ maarifləndirməkdir. Yəni bu diskussiyalarsız inkişaf mümkün deyil.”

Qulu Məhərrəmli yeni yaradılmış “Media klubu”nun onun bildirdiyi kimi, “mediada mövcud böhranın aradan qaldırılması” işində cəmiyyətə faydası olacağına inandığını deyib.

“Yeni nəsil formalaşır. Yeni nəsil meydana gəlir. Bunlar tutaq ki, 2000-ci ilə qədər olan mediadan bixəbərdir. Bunlar yalnız gözlərini açıb indiki medianı görüblər. Bu media da bayağı şou proqramlarıdır, düşük aparıcılardır, cəmiyyətə heç bir şey verməyən televiziya proqramlarıdır, bəzi əhəmiyyətsiz saytlardır. Bunların verdiyi məlumatlar cəmiyyətdə heç nəyi irəlilədə bilmir, yəni insanların şüuruna, düşüncəsinə təsir eliyə bilmir, yalnız onları əyləndirməklə məşğuldur. Bunlar hamısı indiki şəraitdə medianın böhranda, ənənəvi medianın böhranda olduğunu göstərir. Buna görə də bu böhranı aradan qaldırmaq lazımdır. Etik standartlar tətbiq olunmalıdır. Peşəkarlıq, yaradıcılıq azadlığı olmalıdır ki, jurnalistlər cəmiyyəti doğru-dürüst ifadə edə bilsinlər. Hesab edirəm ki, “Media klubu” bu məqsədlər üçün yaradılıb və inanıram ki, onun cəmiyyət üçün, bizim Azərbaycan cəmiyyəti üçün hər halda faydası olacaq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG