Accessibility links

Danimarkadakı Misir və Türkiyə səfirlikləri qarşısında Qurani-Kərimin nüsxələri yandırılıb


Danimarka və İsveçdə son həftələr müsəlmanların qəzəbinə səbəb olan oxşar etirazlardan sonra çərşənbə axşamı İslam əleyhdarı olan kiçik bir qrup Kopenhagendə Misir və Türkiyə səfirlikləri qarşısında Qurani-Kərimin nüsxələrini yandırıb.

Danimarka və İsveç İslamın müqəddəs kitabının yandırılmasından təəssüfləndiklərini, lakin söz azadlığını qoruyan qaydalar çərçivəsində bunun qarşısını ala bilməyəcəklərini bildirib. Keçən həftə İraqda etirazçılar İsveçin Bağdaddakı səfirliyini yandırıb.

Çərşənbə axşamı Kopenhagendə "Danimarka Vətənpərvərləri" adlı qrupun nümayişi qrupun bazar ertəsi və keçən həftə İraq səfirliyi qarşısında Qurani-Kərimin nüsxələrini yandırmasından sonra keçirilib. Son bir ay ərzində İsveçdə iki belə hadisə baş verib.

Türkiyənin Xarici İşlər Nazirliyi çərşənbə axşamı Qurani-Kərimə qarşı "davam edən hücumları" qəti şəkildə pisləyib və əlavə edib ki, bu, Danimarka rəsmilərinin belə addımlara icazə verməsi, nəticələrin "ciddiliyini" görməməsi deməkdir. Türkiyə bazar ertəsi Danimarkanı İslama qarşı bu "nifrət cinayətinin" qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırıb.

Bəhreyn İsveçin müvəqqəti işlər vəkilini çağıraraq, ona Stokholmda Quranın yandırılmasına icazə verilməsinə etiraz olaraq rəsmi etiraz məktubu təqdim edib. Bu barədə məlumatı dövlət xəbər agentliyi çərşənbə axşamı Xarici İşlər Nazirliyinə istinadən yayıb.

İraqın Xarici İşlər Nazirliyi bazar ertəsi Avropa İttifaqı ölkələrinin rəsmilərini Qurani-Kərimin yandırılması fonunda "ifadə azadlığı və nümayiş hüququ adlandırılanlara tez bir zamanda yenidən baxmağa" çağırıb.

Misirin Xarici İşlər Nazirliyi Qurani-Kərimin təhqir edilməsini pisləmək üçün çərşənbə axşamı İsveçin müvəqqəti işlər vəkilini çağırıb.

Danimarka Qurani-Kərimin nüsxələrinin yandırılmasını "təxribatçı və utancverici hərəkətlər" kimi pisləsə də, dinc nümayişçilərin qarşısını almaq səlahiyyətinə malik olmadığını bildirib.

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen çərşənbə axşamı İraqın xarici işlər naziri Fuad Hüseynlə ölkələri arasındakı əlaqələr və Qurani-Kərimin yandırılması ilə bağlı "konstruktiv telefon danışığı apardığını" deyib.

XS
SM
MD
LG