Qvatemalada vulkan püskürməsindən xilas olanlar matəm saxlayır. Küçələrdə insanların ciyinlərində tabutlarla hərəkət etdiyini görmək olur.
Fuego vulkanının püskürməsi nəticəsində azı 69 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb. Bir milyon insanı təsirinə məruz qoyan fəlakət nəticəsində ölənlərin sayının artacağı təxmin edilir.
Prezident Cimmi Morales fəlakət zonasına baş çəkib.
Paytaxt Qvatemala şəhərindən 40 kilometr cənub-qərbdəki Fuego (Alov) vulkanı iyunun 3-də püskürüb. Qırmızı lava bir neçə kənddə evləri dağıdıb, içəridəki adamlar yanıb.
Milli Fəlakətlərin İdarə Olunması Agentliyi bildirib ki, lava axını El Rodeo kəndində adamların yanmasına, xəsarət almasına, ölməsinə səbəb olub.
Qvatemala şəhərində La Aurora aeroportu bağlandıqdan sonra yenidən açılıb.
3 mindən çox insan evakuasiya edilib. İtkin düşənlərin axtarışı aparılır.
Bu, Fuego vulkanının son 40 il ərzində ən iri püskürməsi sayılır.