Polşa Sosial və Humanitar Elmlər Universitetində klinik psixologiya üzrə magistr dərəcəsi almış Rövşən Süleymanov Amerikanın Səsinə müsahibəsində intihar hallarının minimuma endirilməsi yollarından danışıb.
Amerikanın Səsi: İntihar krizisi nədir və bu nələrin nəticəsində baş verir?
İntihar insanın özünü öldürmək niyyəti ilə özünə xəsarət yetirməsi nəticəsində baş verən ölüm hadisəsidir.
Rövşən Süleymanov: İntihar insanın özünü öldürmək niyyəti ilə özünə xəsarət yetirməsi nəticəsində baş verən ölüm hadisəsidir. Bu, əsasən intihar krizisi nəticəsində baş verir. İntihar krizisi odur ki, insan müəyyən bir dövr ərzində ardıcıl olaraq intiharla bağlı düşüncələrə qapılır. İntihar etməklə bağlı inancları olur, səslər eşidir və bu bir istəklə müşahidə olunur. Bunun səbəbləri nələrdir? Bir çox səbəbləri var. Əsas səbəblər zehni, psixoloji, depressiv, bipolyar pozuntulardır, şizofreniya, qida pozuntuları, məsələn anoreksiya (qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kəskin arıqlama depressiya ilə müşahidə olunur-red.), bu kimi pozuntular intihara cəhdin səbəblərinin təxminin 90 faizini təşkil edir. Bundan əlavə olaraq da səbəblər var. Məsələn, uşaq vaxti ailədə uşağın şiddət görməsi və yaxud laqeydlik görməsi, cinsi qısnamaya məruz qalması, bunlar intihar riskini artırır. İntihar etməyə cəhd edən insanın psixoloji portretinə nəzər salsaq, burada əsasən ümidsizlik hökm sürür. İndi vəziyyət çox pisdir, gələcəkdə də bu vəziyyətin yaxşı olacağına heç bir inam yoxdur, əksinə, ola bilsin, daha da pis olacaq. İkinci olaraq dediyim kimi, insanın beynindən dayanmadan bu fikirlər keçir. Bu fikirlər insanın diqqətini daraldır. Yeganə çıxış yolu kimi intihar qalır. Üçüncü olaraq deyə bilərik ki, şəxsiyyətin bir xüsusiyyəti kimi, insanlarda bir qəfil qərarvermə istəyi olur ki, biz buna deyirik ki, artan impu-lsivlik.
Amerikanın Səsi: Ekspertlərin fikrincə, intihara cəhd intihar krizisi baş verən zaman olur. İnsanlarıın intihara cəhd etməsinin hansı bioloji, psixoloji və sosial səbəbləri var?
Rövşən Süleymanov: Bioloji səbəb bu ola bilər ki, ailədə intihara cəhdlər olubsa və yaxud intihar olubsa, bu, riskləri artırır. Bioloji meyllilik var. Bu ola bilər. İkinci onu qeyd elədim bayaq ki, insanda bir ümüdsüzlük hökm sürür. İntiharla bağlı düşüncələr olur. Qərarvermədə impulsiv olur və əsas məsələlərdən biri problemi çözmə defisiti olur insanda. Yəni hansısa problemlə üz-üzə gələndə intiharı bir qaçış vasitəsi kimi istifadə edir. Buna psixoterapevtlər `uyumsuz bir davranış` kimi baxırlar. Sosial tərəfindən ola bilər işsizlik, evsizlik, borcun olması, hansısa şiddət mühitində böyümək, bunlar sosial tərəflər ola bilər. Həyat tərzi burada rol oynaya bilər. Məsələn, insanın içkiyə meyilli olması, narkotik maddələrdən istifadə etməsi. Bu, intiharla bağlı düşüncələri artıra bilər.
Amerikanın Səsi: Azərbaycan intiharları minuma endirmək üçün hansı addımları atmalıdır?
Başda Səhiyyə Nazirliyi olmaqla, Təhsil Nazirliyi və başqa qurumlar davamlı olaraq fəaliyyət planı həyata keçirməlidir. İlk olaraq araşdırma mərkəzi olmalıdır, problem nədir araşdırmaq lazımdır.
Rövşən Süleymanov: Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı çağırışları var, 2014-cü ildən, bu çağırışa indiyə qədər 38 ölkə qoşulub. O, 38 ölkə özlərinin milli strageyiyasını yazıb, intiharların qarşısını almaq üçün. Ümumdünya Səhiyyə Təşkilatının çağırışında əsas nələr var? Dövlət qurumları bu işdə hansı rol oynamalıdır? Başda Səhiyyə Nazirliyi olmaqla, Təhsil Nazirliyi və başqa qurumlar davamlı olaraq fəaliyyət planı həyata keçirməlidir. İlk olaraq araşdırma mərkəzi olmalıdır, problem nədir araşdırmaq lazımdır. Həssas qruplar hansılardır? Bunları üzə çıxarmaq lazımdır. Daha sonra həmin həssas qruplara qayğı, psixoloji yardım onlar üçün əlçatandırmı, nə qədər əlçatandır? Bundan əlavə olaraq cəmiyyətin burada rolu nə ola bilər? Ayrı-ayrı institutların, QHT-lərin çox rolu ola bilər. Dövlətlə birlikdə çalışa bilərlər. Məsələn, mediada intiharla bağlı xəbərlər verərkən siyasət nə olmaldır? Nələri bilməlidirlər jurnalistlər? Nələri göstərmək olar, nələri göstərmək olmaz? Çünki bu da bir intihar epidemiyası yarada bilir, bu cür təşviqi görüntülərin olması və yaxud xəbərlərdə detallı izahlar. Bunlar mənfi təsir göstərir.
Amerikanın Səsi: Yerli medianın məlumatlarına görə, siyasi və sosial həssas qrupların, LGBT-çilərin qısnanması nəticəsində ölüm halları da qeydə alınıb. Bu halların qarşısının alınması üçün hansı islahatlara ehtiyac duyulur və ya cəmiyyət hansı vərdişlərinə yenidən baxmalıdır?
Rövşən Süleymanov: Bayaq dediyim kimi ardıcıl bir siyasət olmalıdır. Məsələn, Təhsil Nazirliyi bununla bağlı layihələr həyata keçirə bilər ki, intihar nədir. Biz deyirik bullinq, başqa sözlə gözümçıxdıya salmaq, zorbalıq etmək, kiməsə sataşmaq, gününü qara etmək, bu kimi hallar demək olar ki, çox dövlətlərdə var. Xüsusən orta məktəblərdə var. Bu yeniyetmələrin xüsusiyyətinə xas olandır. Amma bunları necə aşağı salmaq olar? Bu mövzunu müzakirə etməklə, istər dövlət qrumlarının, istər QHT-lərin səyləri nəticəsində cəmiyyət məlumat atmalıdır. Fərqindəyik, institutlar yaranmalıdır, bu mövzular müzakirə olunmaldır. Belə problemləri `palazın altına süpürməklə` problemlər şişir adətən.
Amerikanın Səsi: Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə Azərbaycan intiharlara görə neçənci yeri tutur?
Rövşən Süleymanov: Ümumdünya Səhiyyə Təşkilatının raportuna görə hər il dünyada təxminən 800 min insan intihar edir. Bu təxminən hər 40 saniyədə bir insanın intihar etməsi deməkdir. Ən çox intiharlar Litvada, Rusiyada, Cənubi Koreyadadır. Azərbaycan hər 100 min nəfərə verilən statistikaya görə 2,6-3 nəfər təşkil edir. Sıralamada 160-cı yerdən sonra gəlir. Bir insanın ölümü də facidədir. Maksimum çalışmaq lazımdır ki, bunları aşağı salaq.