Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insanların şəxsi həyat toxunulmazlığı hüququnun pozulmasından və bu hüququn bərpası istiqamətində atıla biləcək addımlardan danışıb.
Amerikanın Səsi: Rüfət bəy, son vaxtlar Azərbaycanda şəxsi həyata müdaxilə ilə bağlı xəbərlər çoxalıb. Ümumiyyətlə vətəndaşların video görüntüləri sosial şəbəkələrdə yayılır. Videoların təhlilləri göstərir ki, hədəfə daha çox hakimiyyətin tənqidçiləri və ya onların ailə üzvləridir. Fikrinizcə insanların şəxsi həyatı ilə bağlı məlumatların yayılmasının qarşısını almaq üçün nələr edilməlidir?
Azərbaycan höküməti son illər ərzində qara və sarı piyardan istifadə edərək insanların şəxsi toxunulmazlıq hüququnu pozaraq, onları cəmiyyətin gözündən salmaq, nüfuzlarına xələl gətirmək niyyəti güdürsə, bu, əks effekt verir.
Rüfət Səfərov: Düşünürəm ki, şəxsi həyatın toxunulmazlığı konstitutsiya üzrə əsas azadlıqlar və hüquqlar sırasında yer alır. Mən həm yerli həm də beynəlxalq səviyyədə şəxsi həyata müdaxilə etməməklə bağlı normativ hüquqi aktlara, konvensiyalara toxunmaq istəyirəm. Avropa Konvensiyasının 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ-red) maddəsi üzrə hər bir şəxsin toxunulmazlıq hüququ var. Onun fərdi və ailə sirlərinə hörmət etmək, yazışma, poçt, teleqraf, kommunikasiya və s əlaqələrinə hörmət etmək, eləcə də konstitusiyanın 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ təsbit olunub. Orada da qeyd elədiyim öhdəliklər, təminat nəzərdə tutulub, hansı ki, bu hüququn əhəmiyyəti ondadır ki, fərdlərin hüquqlarına dövlət təminat verməlidir. Digər tərəfdən hələ mülki və siyasi hüquqlar haqqında paktın özündə də şəxsi həyat toxunulmazlığı təsbit olunub. Xüsusilə fərdi məlumatların avtomatlaşdırılması zamanı şəxsi həyata müdaxilə etməməklə bağlı Avropa Konvensiyası var. Azərbaycan da bu konvensiyaya qoşulub. Şübhəsiz ki, cinayət məcəlləsi üzrə 156-cı maddə şəxsi həyata müdaxiləni kriminallaşdırır. Bu alternativ sanksiyaya malikdir. Cərimədən, ictimai işlərdən tutmuş ta vəzifəli şəxslər öz qulluq mövqeyindən sui -istifadə edərək şəxsi həyata müdaxilə edərlərsə, iki il müddətinə azadlıqdan məhrum etməyə qədər cəzalandırılır. Düşünürəm ki, hansı ölkədə ki, dövlətin və cəmiyyətin həyatında avtoritar meyillər daha çox dərinliklərə nüfuz edib, orada alternativ düşüncə sahiblərinin, müxalifətçilərin, ictimai fəalların susdurulması baş tutmayanda onlar şantaj edilir, şəxsi həyatları, məlumatları artıq müzakirə obyektinə çevrilir. Təsadüfi deyil ki, son zamanlar Azərbaycan hökuməti öz rəqiblərinə qarşı, siyasi fəallara, müxalifətçilərə, vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı “qurşaqdan aşağı” zərbə vurulur. Onların şəxsi həyatına müdaxilə olunur. Düşünürəm ki, Azərbaycan hökuməti son illər ərzində qara və sarı piyardan istifadə edərək insanların şəxsi toxunulmazlıq hüququnu pozaraq, onları cəmiyyətin gözündən salmaq, nüfuzlarına xələl gətirmək niyyəti güdürlərsə, bu, əks effekt verir. Artıq insanları, vətəndaşları siyasi, ictimai fəalların, müxalifətçilərin şəxsi həyatı deyil, onların bu və ya digər görüntüləri deyil, sadəcə olaraq siyasi görüş əqidələri və fəaliyyətləri maraqlandırır. Biz inkişaf etmiş cəmiyyətlərdə, xüsusən hüquqa söykənən ölkələrdə bu kimi məlumatların yayılmasını görsək də cəmiyyət sanki buna etinad göstərmir, iqnor edir. Azərbaycan hakimiyyəti çox təəssüf ki, aktivistlərin, müxalifətçilərin timsalında şəxsi toxunulmazlıq hüququnu kobud şəkildə pozub. Bütün bunlar Azərbaycan hakimiyyətinin xüsusilə də dövətin onsuz da xoş olmayan siyasi və hüquqi simasını daha da bərbadlaşdırır deyə düşünürəm.
Amerikanın Səsi: Ümumiyyətlə bir sıra ekspertlər hesab edir ki, bir sıra insanların şəxsi həyatı ilə bağlı məlumatlar məqsədli yayılıb ki, sonradan qanunvericilikdə sosial şəbəkələrdə məhdudlaşdırıcı tədbirlər tətbiq etmək üçün əsaslar yaransın. Bəs, siz bu barədə nə düşünürsünüz?
Sosial şəbəkələrdə bu və ya digər posta görə yox, hətta rəylərə görə bu gün siyasi məhbus həyatı yaşayan insanlar var.
Rüfət Səfərov: Əslində, Cinayət Məcəlləsinin 148-1- ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə -red) maddəsi üzrə informasiya resurslarında təhqir, böhtan məlumatlarının yayılması kriminallaşdırılıb. Şübhəsiz ki, hakimiyyətin bu kimi niyyəti ola bilər. Azəbaycan hakimyyətinin marağındadır ki, azad medianı, müstəqil platformaları buxovladığı kimi, sosial şəbəkələrin platformalarını da məhdudiyyətə məruz qoysun. Onsuz da artıq təcrübədə var ki, sosial şəbəkələrdə bu və ya digər təkcə post yox, hətta rəylərə görə bu gün siyasi məhbus həyatı yaşayan insanlar var. Misal üçün, deyə bilərəm, jurnalist, hətta aktyor timsalında bu gün rəy yazdılqarına görə məhbus həyatı yaşayan insanlar var. Şübhəsiz ki, bu da Azərbaycan hakimiyyətinin mümkün vasitələrindən biri və yaxud niyyətlərindən biri ola bilər. Amma hesab edirəm ki, sosial şəbəkələrin məhdudiyyətə məruz qoyulması mümkün olmayacaq. Bu ən azı əks effekt verə bilər. Artıq elə bir hal baş versə filtirasiyalar və məhdudiyyətlərin tətbiq olunması ilə biz Türkəmənistan, Şimali Koreya təcrübəsini buraya daşımış olacağıq.
Amerikanın Səsi: Şəxsi həyata müdaxilənin qurbanları pozulmuş hüquqlarının bərpası üçün nə edə bilər?
Bu sadəcə dövlətlə vətəndaş arasında onsuz da dərin olan uçurumu daha da dərinləşdirir.
Rüfət Səfərov: Bu suala mən belə cavab verərdim ki, şəxsi həyatın toxunulmazlığı ilə bağlı qeyd elədiyim Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma-red) maddəsi üzrə zərərçəkmiş şəxs prokrorluq orqanlarına istintaq adiyatı üzrə müraciət etməlidir. Burada söhbət ictimai xüsusi ittihamdan gedir. Yəni, təkcə faktın, daha doğrusu şəxsi həyata müdaxilə ilə bağlı məlumatların yayılması kifayət deyil, mütləq zərərçəkmiş şəxsin də müraciəti olmalıdır ki, hüquq müdafiə orqanları, prokrorluq hərəkətə keçsin. Qanunvericiliyin tələbi budur. Düzdür, burada istisnalar ola bilər. Tutalım ki, fəaliyyət qabiliyyətsizliyi olmayan şəxsin barəsində edilərsə, anlaqsız şəxsdirsə, hamilə qadındırsa və yaxud da ki, hakimiyyət nümayəndələrinə qarşı edilibsə, və ya hakimiyyət nümayəndələri tərəfindən edilibsə, bu, istisnalar olmaqla zərərçəkmiş şəxsin ərizəsi, müraciəti olmadan da prokrorluq orqanının vəzifəsidir ki, ictimai qaydada ittiham etsin və təqib həyata keçirsin. Amma bu normaların fonunda gerçəklik nə diqtə edir? Bayaq dediyim kimi, ictimai siyasi fəalların hansı ki, onların şəxsi həyatları, fərdi məlumatları çox kobud müdaxiləyə məruz qalıb. Daxili instansiyaların heç birində haqları və hüquqları təmin edilməyib. Yalnız çıxış yolu olaraq Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməkdir. Təbii ki, presedent hüququ da şəxsi həyatın toxunulmazlığını son dərəcə ciddiyə alır və bununla bağlı təkcə Azərbaycan deyil, Avropa Konvensiyasına qoşulan dövlətlərdə kifayət qədər kompensasiylar və qərarlar mövcuddur. Hesab edirəm ki, Azərbaycan höküməti bu qara piyardan insanların, fəalların nüfuzunu, ləyaqətini, şəxsiyyətini alçaldıb, onları cəmiyyətin gözündən salmaqda sadəcə olaraq paralel olaraq dövlətin və bütövlükdə cəmiyyətin maraqlarına zidd hərəkət etmiş olurlar. Bu sadəcə dövlətlə vətəndaş arasında onsuz da dərin olan uçurumu daha da dərinləşdirir. Təsəvvür edin ki, həm konstitusiyanın 32-ci maddəsi (Şəxsi toxunulmazlıq hüququ –red) üzrə, eyni zamanda Avropa Konvesniyasının 8-ci maddəsi üzrə normativ normaların mahiyyətinə biz nəzər salırıq, bəlli olar ki, fərdin hüquqlarına, indiki halda isə şəxsin toxunulmazlıq hüququna dövlət özü təminat verməlidir. Amma, Azərbaycan təcrübəsi göstərir ki, dövlət nəyinki özü təminat verir, dövlətin özü və onun strukturları birbaşa müdaxilə edir.
Qeyd: Bu hüquq müdafiəçisi Rüfət Səfərovun fikirləridir. Azərbaycan hökuməti hüquq müdafiəçisinin dediklərinin əksini bildirir. Hökumət rəsmiləri insanların bütün fundamental hüquqlarının, o cümlədən şəxsi toxunulmazlıq hüququnun tam təmin edildiyini bildirir. Bununla yanaşı, Avropa Məhkəməsi şəxsi toxunulmazlıq hüququnun pozulması halları ilə bağlı Azərbaycana qarşı bir neçə qərar qəbul edib.