Accessibility links

Rüfət Səfərov: Məmurlar siyasi hüquqlara qarşı dözümsüzdür


Rüfət Səfərov

Müdafiə Xətti Təşkilatının koordinatoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində ölkədə insan hüquqlarının mövcud durumu və son həbslərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda xeyli hüquq müdafiə təşkilatları olduğu halda yenisinin yaradılması hansı zərurətdən irəli gəlib? Müdafiə xəttini fərqləndirən cəhətlər hansılardır?

Fəaliyyətimizə qarşı artıq təhlükə və təhdid göz önündədir.

Rüfət Səfərov: Azərbaycanda hüquq müdafiə təşkilatlarının fəaliyyət göstərməsi üçün bir zəmin yoxdur. Əksinə, zaman-zaman rəsmi əngəllərin və buxovların şahidi olmuşuq. Bəli, təxminən 5-6 il bundan qabaq Azərbaycanda tanınmış hüquq müdafiəçiləri ard-arda həbsə məruz qaldı. Onlar bu və ya digər illərdə məhkum edildi. Hazırda demək olar ki bizim sərbəst hüquq müdafiəçilərinin bir qismi ölkə xaricində mühacirətdə fəaliyyət göstərir. Azərbaycanın daxilində fəaliyyət göstərən hüquq müdafiəçiləri üçün isə hər an təhlükə və təhdid gözlənilir. Təsadüfi deyil ki, Müdafiə Xəttini biz elan edər-etməz Baş Prokurorluq tərəfindən ilk rəsmi xəbərdarlığımızı aldıq. Fəaliyyətimizə qarşı artıq təhlükə və təhdid göz önündədir. Özümüzü hansısa bir ciddi mənada digər hüquq müdafiəçilərindən fərqləndirmək, ortaya yeni bir ciddi səhifə açmaq kimi böyük iddiamız yoxdur. Əksinə, mövcud olan hüquq müdafiəçilərinin, xüsusilə hakimiyyətin əlində və cibində olamayan hüquq müdafiəçilərinin təcrübəsini biz hər zaman əxz etmək fikrindəyik. Amma, 14-15 iyul günü “Qarabağ” mitinqi ilə bağlı olaraq açılan yeni kobud repressiv səhifədə həbs olunanların müdafiəsinin zəifliyini müşahidə etdik. Əslində hazırda Müdafiə Xəttinin təsis edilməsini tezləşdirən ən vacib cəhət də məhz bu proses oldu. Demək olar ki, bizim son ay yarım ərzində başlıca fəaliyyətimiz “Qarabağ” yürüyüşü ilə bağlı həbs olunan şəxslərin vəziyyətini nəzərdə saxlamaq idi. Onların bu və digər hüquq və azadlıqlarını hifz etməyə yönəlib.

Rüfət Səfərov: Məmurlar siyasi hüquqlara qarşı dözümsüzdür
please wait

No media source currently available

0:00 0:10:10 0:00

Amerikanın Səsi: Sizcə Azərbaycanda daha çox hansı sahədə insan hüquqları pozulur? Bunun səbəbi nədir - qanunvericilikdə boşluqlar, institusional problemlər, məmurların etinasızlığı?

Məmurların xüsusilə siyasi hüquqlara qarşı dözümsüzlüyü ortadadır.

Rüfət Səfərov: Şübhəsiz ki, heç kimə sirr deyil ki, Azərbaycanda insan hüquqları sahəsində problemlər mövcuddur. Qanun, norma və onun müddəası, çox təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti tərəfindən iqnor edlir, etinad göstərilmir, məmur özbaşınalığı var. Məmurların, orta və iri məmurların xüsusilə siyasi hüquqlara qarşı dözümsüzlüyü ortadadır. Mən deməzdim ki, qanunvericiliyimzdə formal da olsa xüsusilə xarici hüquqların təşviq edilməsi üçün siyasi hüquqlardan istifadə etmək üçün imkanlar var. Konstitusiyamızda söz və fikir azadlığına, məlumat azadlığına, mətbuat azadlığına, vicdan azadlığına, sərbəst toplaşmaq hüququna kifayət qədər ciddi surətdə yer ayrılıbdır və düşünürəm ki, həmin normalar qabaqcıl qərb və Avropa ənənələri ilə səsləşən normalardır. Amma faktiki surətdə isə onların hər biri çox təssüf ki, kağız üzərində qalıb. Azərbaycan hakimiyyətinin faktoloji tərəfdən ciddi surətdə əngəl və buxovu ilə müşahidə olunur.

Amerikanın Səsi: Son zamanlar həbs yerlərində saxlanılarkən şəxslərin işgəncəyə məruz qalması söylənilir. Bu iddialar obyektiv araşdırılırmı? Ölkədə həbs yerlərinə səmərəli nəzarət mexanizmi varmı?

Son 6 ay ərzində Azərbaycanın siyasi həyatında yeni repressiv bir səhifə açılıb.

Rüfət Səfərov: Bilirsiniz, dərd burasındadır ki, adamlar siyasi görüş dairəsinə görə həbs olunur. Onlar qondarma və qurama motivlərlə ayrı-ayrı illərə məhkum olunurlar. Eyni zamanda saxlandıqları yerlərdə işgəncəyə və qeyri-insani rəftara məruiz qalırlar. Baxın, bizə bəllidir ki, son 6 ay ərzində Azərbaycanın siyasi həyatında yeni repressiv bir səhifə açılıb. Məhz bu repressiv səhifədə adamlar həbs olunur, aclıq edirlər, Fuad Qəhrəmanlının, Seymur Əhmədzadənin və digər siyasi motivlərlə saxlanılan şəxslərin timsalında olmazın işgəncəyə qalırlar. Təsəvvür edin ki, bunlar azmış kimi onlar müdafiəçilərindən belə imtina etməyə məcbur edilirlər. Biz bunu Fuad bəyin timsalında gördük. Adamı həbs edirlər, adamı dövlət çevrilişində, daha doğrusu konstitusion quruluşu çevirməkdə ittiham edirlər, işgəncəyə məruz qoyurlar. Müdafiə Xətti bunu qaldırır, sos siqnalı verir. Məlum olur ki, həqiqətən işgəncəyə məruz qalır, ombudsman üzərinə düşən qanuni öhdəlikləri icra etmir. Vəkillə bərabər baş çəkmir. Nəticədə Fuad Qəhrəmanlı deyir ki, mən müdafiəçimdən də imtina edirəm. Bu dövrü, mən əvvəlki çıxışlarımda da qeyd eləmişəm, çox böyük rahatlıqla ötən əsrin 30-cu illərində mövcud olan böyük repressiya illərinin hüquq təcrübəsi ilə müqayisə etmək olar. Təəssüf.

Amerikanın Səsi: Mediada məhbusların aclıq etməsi faktları da tez-tez yer alır. İnsanları bu kəskin addımlar atmasına nə vadar edir?

Rüfət Səfərov: Bütün hüquq müdafiə mexanizmləri tükənəndən sonra ölkə daxilində instansiyalar insanların bu və ya digər haqlarını tanımdadıqdan sonra dörd divar arasında dustaq, siyasi məhkum nə etməlidir? Yeganə çıxış yolu öz canına qəsd eləmək, aclıq aksiyasına getməkdir. Örnək verim sizə,

Günümüzn qəhrəmanı Tofiq Yaqubludur. Tofiq bəy həm yerli, həm də beynəxalq ictimaiyyətə bəllidir ki, ən gülünc və absurd ittihamlarla həbsdədir.

Tofiq bəyin saxlanıldığı yerdən, hadisə yerinin müayinə protokolundan tutmuş yekun ittiham hökmünə qədər bütün proses saxtakarlığı ilə, uydurulması ilə fərqlənir. Qurama şahid ifadələri, yalançı ekspert rəylərini əsaslandırıldı, 4 il 3 ay müddətinə Tofiq bəy azadlıqdan məhrum edildi. Tofiq bəy artıq bütün müdafiə mexanizmlərinə, bütün imkanlara istinad edir, amma onun haqqı tanınmır. Hətta müdafiəçilərə son nitq söyləmək üçün imkan yaradılmır. Ən hüquqda, belə deyək də, cinayət posessual hüququnda ciddi institutlardan biridir, hansı ki, daha onun buxovlanması absurdun absurdudur, son söz belə tanınmır.

Tofiq bəy artıq ölüm aclığına başlayıb və bu nəyə etiraz rəmzidir? Hazırki hakimiyyətin hüquq sisteminə, onun cəza icra siyasətinə. Təəssüf ki, indiki halda Azərbaycan hakimiyyəti hüquqi dövlət quruculuğuna zəmin yaratmaq əvəzinə hər gün avtoritar meyillərin dövlət və cəmiyyət həyatında daha da dərinlərə işləməsinə zəmin yaradır. Və bu proseslərin yekunu olaraq əslində xoşagəlməz situasiyə təkcə işgəncəyə, qeyri-qanuni davranışa məruz qalan subyektlərə deyil, eyni zamanda hakimiyyətin özünün həm siyasi, həm də hüquqi simasına kobud bir müdaxilə olacaq. Onsuz da ağır olan insan hüquqlarının durumu, onsuz da xoşagəlməz olan imic daha da bərbad vəziyyət alacaq .

Amerikanın Səsi: Hüquq müdafiəçiləri necə, özləri etibarlı müdafiəyə malikdirlərmi? Onlar hansı çətinliklərlə rastlaşır?

Rüfət Səfərov: Mən əslində əvvəlki suala cavabda qeyd elədim Azərbaycanda nəinki başqalarının hüquqlarını qorumaq narahatçılıq doğurur. Hüquq müdafiəçilərinin özləri zaman-zaman həbslərlə, təqiblərlə üzləşir. Bunu mən bir ay qabaq öz taleyimdə bir daha gördüm və müşahidə etdim ki, hələ ortada ciddi bir fəaliyyətimiz yoxdur. Böyük bir təcrübəyə malik deyilik. İki həftənin fəaliyyətinin nəticəsində prokurorluqda mühüm işlər üzrə müstəntiq tərəfindən qəbul edildim. Rəsmi xəbərdarlıq aldım. İzah olundu ki, biz qeyri-qanuni fəaliyyətlə məşğul oluruq. Bu qeyri-qanuni fəaliyyətin də dırnaqarası nədən ibarətdir? Azərbaycanda kobud şəkildə pozulan insan hüquq və azadlıqların müdafiəsidir.

Amerikanın Səsi: Bəs Rüfət bəy, vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

Azərbaycanlılar, xüsusilə hüquq ictimaiyyəti öz üzərinə düşən məsuliyyəti individual olaraq dərk eləsə ümumi prosesdə bir irəliləyiş ola bilər.

Rüfət Səfərov: Düşünürəm ki, hər bir vətəndaş və fərd öz məsuliyyətini dərindən idrak edib, baş verən xoşagəlməz tendensiyalarda özünün də qatqısını və məsuliyyətini başa düşməyincə bizim, bu, ümumi bəlamız “Damokl qılıncı" kimi başımızın üstündən asılacaq. Biz anlamalıyıq ki, bu gün siyasi məhbusların, vicdan məhbuslarının, qeyd etdiyimiz kimi günümüzün qəhrəmanı Tofiq Yaqublunun problemi təkcə onun yox, ailəsinin deyil, silahdaşlarının deyil, bütövlükdə Azərbaycanın problemidir. Çünki bir şəxsin haqqı və hüququ pozulursa həmin fərdin yox, eyni zamanda bütövlükdə ölkənin hüquqi siması korlanır. Bu baxımdan əgər azərbaycanlılar, xüsusilə hüquq ictimaiyyəti öz üzərinə düşən məsuliyyəti individual olaraq dərk eləsə ümumi prosesdə bir irəliləyiş ola bilər. Yox əgər biz proseslərə laqeyd və lal nəzərlərlə baxıb da günün birində gəlib bu daş mənə dəyəcək, yoxsa dəyməyəcək, bunu düşünüb də keçsək onda təbii ki, Azərbaycanda bütün sahələr o cümlədən də hüquq müdafiə təşkilatı siyasi partiyaların fəaliyyəti və ümumiyyətlə müxalif fikir düşüncələri üçün şərait olmayacaq.

Qeyd: Azərbaycan hakimiyyəti insanların əqidəsinə görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirir. Hökumət ölkədə siyasi məhbusların olmadığını bəyan edir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri Azərbaycanda 200-dən çox insanı siyasi məhbus kimi tanıyır. Amnesty İnternational Tofiq Yaqublu da daxil olmaqla ondan çox insanı vicdan məhbusu elan edib. Avropa Şurası Parlament Assambleyası bu ilin yanvarında Azərbaycanda siyasi məhbuslarla bağlı qətmanə qəbul edib, bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

Azərbaycan beynəlxalq media azadlığı indeksində 180 ölkə arasında 168-ci yerdə qərarlaşıb

Şərhlərə bax (1)

XS
SM
MD
LG