Accessibility links

Rüfət Səfərov: May ayında insan haqlarının durumu repressiv xarakterli olub


Müdafiə Xətti təşkilatının həmtəsisçiləri mətbuat konfransı keçirərkən
Müdafiə Xətti təşkilatının həmtəsisçiləri mətbuat konfransı keçirərkən

Bu gün, iyunun 3-də Müdafiə Xətti Hüquq Müdafiə Təşkilatı ölkədə may ayında insan hüquqları ilə bağlı qeydə alınan hüquq pozuntuları barədə mətbuat konfransı keçirib.

Təşkilatın aylıq hesabatında deyilir ki, may ayında insan haqlarının durumu repressiv xarakterli olub.

“Siyasi azadlıqlar, şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, fikir azadlığı, media azadlığı hüquqları sahəsində pozuntular qeydə alınıb. Ölkədə toplaşmaq azadlığı hüququ isə ümumiyyətlə dəfn olunub. Toplaşmağa cəhd edən insanlara qarşı güc tətbiq olunub,” Müdafiə Xətti təşkilatının hesabatında deyilir.

Hesabatı təşkilatın icraçı direktoru Rüfət Səfərov təqdim edib.

“Mayın 3-də tələbələr İqtisad Universitetinin binası qarşısında aksiyaya cəhd edib. Aksiya iştirakçıları saxlanılıb, zorakılığa məruz qalıb.

Mayın 5-də həbsdə olan bloger Aslan Qurbanov cərimə kamerasına (karser) salınıb. Bloger 2020-ci il in14 iyununda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, hakimiyyətin zorla dəyişdirilməsi kimi ağır ittihamla təqsirləndirilir.

Mayın 5-də “Müsəlman Birliyi” Hərəkatının fəallarının Ramazan ayında qədr gecəsi keçirməsinin qarşısı alınıb. Fəallar inzibati məsuliyyətə cəlb edilib.

Mayın 5-də keçmiş siyasi məhbus Bayram Məmmədovun meyiti İstanbulda dənizdən tapılıb. Onun ölümü “şübhləi ölüm” kimi tanınıb. Çox təəssüf ki, istintaqın gedişi və Bayram Məmmədovun ölümü ilə bağlı anlayışla qəbul edilə biləcək informasiya verilmir. Bayram Məmmədovun ölümü ya qəsdən adam öldürmədir, ya da təsadüfu ölümdür.

Mayın 7-də Bakıda “28 May” metro stansiyasının qarşısında sosial tələblərlə keçirlən aksiya zorakılıqla susdurulub.

Mayın 8-də satirik şair İbrahim Xudayi sosial şəbəkələrdə tənqidi şer yaydığına görə inanclı insanların zorakılığına məruz qalıb. Zoraıkılıq edənlərdən biri tapılaraq məsuliyyətə cəlb olunub.

Mayın 8-də Müsavat Partiyası fəallarının Rusiyanın Bakıdakı səfirliyi qarşısında piketə cəhdinin qarşısı alınıb. Polis qeyri-adekvat güc tətbiq edib.

Mayın 8-də Gəncə hadisələri ilə bağlı həbsdə olan Firudin Zeynalov aclıq edib. O özünü günahkar bilmir,” Rüfət Səfərov qeyd edib.

Hüquq müdafiəçisinin fikrincə, cəzaçəkmə müəssisələrində vəziyyət ağırdır.

“6 saylı Cəzaçəkmə Müəsissəsində 10 nəfər məhbus etiraz olaraq damarlarını doğrayıb. Bundan sonra problemi araşdırmaq əvəzinə məhbusların poçt göndərişlərinə qadağa qoyulub. Ölkədə cəzaların icrası siyasəti ədalətli deyil, islah siyasətindən isə söhbət gedə bilməz. Cəzaçəkmə müəssisələri bir qrup vəizfəli şəxsin nəzarətindədir.”

Səfərovun dediyinə görə, mayın 22-də həbsdə olan keçmiş baş prokuror Eldar Həsənovun vəziyyəti ağırlaşıb.

“Avropa İnsan Haqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 39-cu maddəsinə uyğun olaraq Həsənovun stasionar müalicəyə cəlb edilməsi barədə qərar qəbul edib. Eldar Həsənovun müalicəsi hələ də təmin edilməyib. Avropa Məhkəməsinin qərarı yerinə yetirilməlidir. İstintaqın necə aparıldığını isə məhkəmə zamanı görəcyik” o qeyd edib.

Hüquq müdafiəsi ictimai-siyasi fəal Rəbiyyə Məmmədovun təhqirə məruz qalmasının araşdırılmadığını deyib.

O həmçinin son günlərdə keçmiş siyasi məhbus İlkin Rüstəmzadə və onun yaxınlarına qarşı təzyiqlərin olduğunu bildirib.

“Çox yəqin ki, təzyiqlər İlkin Rüstəmzadənin çapdan çıxan “Qaranlığın hekayəsi” kitabı ilə bağlıdır. Kitabda cəzaçəkmə müəsissələrindəki ağır münasibətlər sistemi açıq şəkildə ortaya qoyulub. Naməlum şəxs İlkin Rüstəmzadənin bacısı Türkan Rüstəmzadəni təhdid edib. Bakı şəhər Baş Polis İdarəsində İlkin və Türkan Rüstəmzadələrin izahatı alınıb. Polis təhdid edən şəxləri tapacağını deyib.”

Rüfət Səfərov keçmiş siyasi məhbus Orxan Baxışlıya qarşı da təzyiqlərin başladığını deyib.

“Mayın 31-də Baxışlının yaxın qohumları Cəlilabad rayon Polis Şöbəsinə dəvət edilib. Onlardan Orxanın polisə gəlməsi tələb olunub,” o qeyd edib.

Hüquq müdafiəçisi iyunun ilk günlərində Qarabağ müharibəsinin qazisinin etiraz olaraq özünü yandırmağa cəhd etdiyini deyib.

“Qarabağ qazilərinə qarşı son iki gündə hüquqla və mənəviyyatla bir araya sığmayan hərəkətlərə baş vurulur. Qazi meyvə-tərəvəz satarkən zorakılıqla qarşılaşıb. Bu zaman Qarabağ qazisi özünə od vurub,” Səfərov qeyd edib.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq insan hüquqları sahəsində tənqidləri qəbul etmir, ölkədə fundamental hüquqların tam təmin edildiyini bildirir.

Penitensiar Xidmət isə cəzaçəkmə müəsissələrində insanların qanunvericiliyə uyğun daxili nizam-intiqam qaydaları əsasəında saxlanıldğını bəyan edir.

XS
SM
MD
LG