Accessibility links

Rüfət Səfərov: Pandemiya dövründə insan azadlıqları sıx təqiblərə məruz qalıb


Rüfət Səfərov: Pandemiya dövründə insan azadlıqları sıx təqiblərə məruz qalıb
please wait

No media source currently available

0:00 0:06:57 0:00

“Müdafiə Xətti” Hüquq Müdafiə Təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində 2020-ci ildə ölkədə insan hüquq və azadlıqlarının durumundan, COVİD-19 pandemiyasının insan hüquqlarına təsirlərindən danışıb.

Amerikanın Səsi: İnsan hüquqları ilə bağlı 2020-ci ilin yekunlarını necə qiymətləndirərdiniz?

Ötən illərdə sərbəst toplaşma azadlığı, söz və fikir azadlığı, bütövlükdə özünü ifadəetmə azadlığı nə qədər məhdudlaşdırılmışdısa 2020-ci ildə bu daha da çox boz bir cizgilərə malik oldu.

Rüfət Səfərov: Çox təəssüflər olsun ki, ötən illərdə olduğu kimi Azərbaycanda 2020-ci ildə də əsas insan hüquq və azadlıqları, xüsusilə siyasi haqlar tapdanıldı, buxovlandı. Təsadüfi deyil ki, 2020-ci ilin yanvar ayında Böyük Britaniyanın The Economist Intelligence Unit təşkilatı 167 ölkə arasında demokratiya indeksini elan etdi. Məlum oldu ki, Azərbyacan həmin ölkələr arasında yalnız 147-ci yeri tutur. Avtoritar meyllərin dövlət və cəmiyyət həyatında dərin nüfuz salan bir ölkə kimi qeyd olundu. Məsələnin ölkəmiz üçün ən anormal tərəfi bundan ibarət oldu ki, Cənubi Qafqazda digər qonşu ölkələr gibrid ölkələr sırasında oldu. Bu il Azərbaycanda insan hüquq və azadlıqlarının daha da sıx təqiblərə məruz qalması pandemiyanın, xüsusi karantin rejiminin tətbiq olunmasından sonra geniş vüsət aldı. Təəssüflər olsun ki, Azərbycan hakimiyyəti, rəsmi siyasət vətəndaşların yanında ciddi sosial-iqtisadi paketlərlə çıxış etmək əvəzində siyasi yüklü cinayət təqiblərini daha da sıxlaşdırdı. Ən yeni tarix bizə nümayiş etdirir ki, əsas müxalifətçilərdən olan Tofiq Yaqublunun timsalında bir neçə müxalifətçi mart ayında qondarma əsaslarla cinayət təqibinə məruz qaldı. Heç bir hüquqi məsuliyyət daşımayan, heç bir təqsiri olmayan şəxslər, ictimai-siyasi fəallar inzibati qaydada həbs olundular. Bundan bir qədər sonra, iyul ayında insanlar dinc qaydada özünü ifadə etdi, sərbəst toplaşma hüququndan istifadə etdi, lakin yenə də təəssüflər olsun ki, rəsmi Azərbaycan bunu zorakılıqla qarşıladı və 36 şəxs barədə həbs seçildi. Düşünürəm ki, ötən illərdə sərbəst toplaşma azadlığı, söz və fikir azadlığı, bütövlükdə özünü ifadəetmə azadlığı nə qədər məhdudlaşdırılmışdısa 2020-ci ildə bu daha da çox boz bir cizgilərə malik oldu.

Amerikanın Səsi: 2020-ci ildə COVİD-19 pandemiyasının Azərbaycanda insan hüqularına təsirləri nə oldu?

Rəsmi Azərbaycan bu ağır fazadan sui-istifadə etdi. Fürsəti sanki fövtə vermədi. Öz rəqiblərinə, başqa cür düşünən vətəndaşlara qarşı təqibləri daha da sıxlaşdırdı.

Rüfət Səfərov: Bəli, mart ayından etibarən Azərbyacanda karantin rejimi, daha sonra isə xüsusi karantin rejimi tətbiq olundu. Rəsmi Azərbaycan bu ağır fazadan sui-istifadə etdi. Fürsəti sanki fövtə vermədi. Öz rəqiblərinə, başqa cür düşünən vətəndaşlara qarşı təqibləri daha da sıxlaşdırdı. Bayaq sualınıza cavab olaraq qeyd etdiyim kimi, saysız-hesabsız insanlar siyasi yüklü cinayət təqibinə məruz qaldı. Onların arasında özünü ən qabarıq şəkildə göstərən Qarabağ məhbusları oldu ki, 36 nəfər şəxs barəsində ağır, xüsusilə ağır maddələr üzrə ittihamlar səsləndirildi. Lakin sonradan məhbuslar barəsində ev dustaqlığı qətimkan tədbiri seçildi. Bizdə, hüquq müdafiə təşkilatı olaraq “Müdfiə Xətti”ində az da olsa bir ümid yaratdı ki, məhkəmələrin növbəti gedişatında ədalətli bir prosesin şahidi ola bilərik.

Amerikanın Səsi: Siz bir təkliflə də çıxış edibsiniz - məhbsuların əfv edilməsi təklifi. Bu təklifiniz nəyə əsaslanır?

Azərbaycanda yenə də müxtəlif kateqoriyalardan olan siyasi məhbuslar var. Jurnalistlər, bloqçular, dindarlar, vicdan məhbusları, ayrı-ayrı müxalifət partiyalarının nümayəndələri həbsədir.

Rüfət Səfərov: Düşünürəm ki, region, demokratik dünya bu gün pandemiyanın, ağır bəlanın fonunda cəzaçəkmə müəssisələrində, həbsxanalarda, istintaq təcridxanalarında olan insanların həbsinə deyil, həbsə alternativ cəza tədbirinin seçilməsinə, şərti məhkumetməyə, hətta əfvə, amnistiyaya daha çox meylli görünür. Azərbaycan hakimiyyəti nədənsə bu istiqamətdə əməli addımlar atmır. Bəli, “Müdafiə Xətti” təşkilatının həmtəsisçilərindən biri olaraq yaxın günlərdə dövlət başçısına müraciət etdim ki, qarşıdan gələn 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı olaraq ənənəvi əfv sərəncamı imzalansın. Lakin, təəssüflər olsun ki, artıq əfv komissiyasının bəzi üzvləri ümidsiz bəyanatlarla çıxış ediblər, pandemiya şəratində birbaşa toplaşmaq, fikir mübadiləsi aparılması problemləri ilə bağlı narahatçılıqlarını ifadə ediblər. Lakin, bu, biz hüquq müdafiəçiləi üçün inandırıcı ola bilməz. Bir halda ki, bu gün Azərbaycan məhkəmələrində on-line qaydada məhkəmə prosesləri keçirilirsə, dünyanın ən ciddi hüquq və siyasi mərkəzləri virtual qaydada toplantı keçirirsə əfv komissiyası üçün də bu cür yığıncaqların keçirilməsi problem olmamalıdır. Şübhəsiz ki, Azərbaycanda yenə də müxtəlif kateqoriyalardan olan siyasi məhbuslar var. Jurnalistlər, bloqçular, dindarlar, vicdan məhbusları, ayrı-ayrı müxalifət partiyalarının nümayəndələri həbsədir. Çağırışımız bundan ibarət oldu ki, ilin sonunda müvafiq əfv sərəncamı imzalansın. Ən azı 2019-cu ilin mart ayı ilə müqayisəyə gələ biləcək məzmunca bir əfv sərəncamı imzalansın.

Amerikanın Səsi: Bəs, 2021-ci ildə insan hüqularının durumunun daha da yaxşılaşdırılması üçün hansı islahatlar olmalıdır?

Ən əsası sərbəst toplaşma, fikir azadlığı sahəsində Azərbaycan hakimiyyəti ciddi, lakin əməli addımlar atmalıdır

Rüfət Səfərov: Hesab edirəm ki, Azərbaycanda növbəti ildən başlayaraq, gecikmiş də olsa, hüquqi və demokratik açılımlar mütləqdir. İlk növbədə Azərbaycan mühitində azad seçkilərin təmin edilməsi, məhkəmələrin müstəqilliyinin realizə olunması, məhkəmə proselərində mühakımələrin ədalətə söykənməsi, iqtisadi azadlıqlar, azad sahibkarlıq, ən əsası isə sərbəst toplaşma, fikir azadlığı sahəsində Azərbaycan hakimiyyəti ciddi, lakin əməli addımlar atmalıdır. Xüsusilə qəsb altında olan Dağlıq Qarabağın əhəmiyyətli hissəsində Azərbaycan bundan sonra da uğur qazanacaqsa, hərçənd ki, mənim buna böyük ümidim var, Azərbyacanın daxili auditoriyasında, ölkədaxili proseslərdə demokratik və hüquqi açılımlardan bu çox asılı olacaq. Bu mütləqdir.

Qeyd: Azərbaycan hökuməti bir qayda olaraq insan hüquq və azadlıqları ilə bağlı tənqidləri qərəzli sayır. Ölkə rəhbərləri fundamental azadlıqların, o cümlədən söz, fikir, meda, seçki azadlığının tam təmin edilyini bəyan edir.

Bununla yanaşı, Azərbaycan insan hüquqları ilə bağlı beynəlxalq indekslərdə yaxşı mövqedə dayanmır. Beynəlxalq hüquq müdafiə təşkilatları il ərzində ölkədə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı çoxsaylı bəyanatlarla çıxış edib. Avropa Şurası Parlament Assambleyası bu il Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

Şərhlərə bax

XS
SM
MD
LG