Accessibility links

Rüfət Səfərov: Siyasi təqib olmadan avtoritar rejimin ömür sürməsi çətindir


“Müdafiə Xətti” Hüquq Müdafiə Təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda siyasi məhbus problemindən danışıb.

Amerikanın Səsi: Bu yaxınlarda "Siyasi məhbuslarsız Azərbaycan ittifaqı" ölkədə siyası məhbusların yenilənmiş siyahısını açıqlayıb. Burada 146 nəfərin adı var. Ötən ilin avqustunda bu siyahida 192 nəfərin adı var idi. Siyasi məhbusların sayının azalmasi nədən xəbər verir – ölkədə siyasi iqlim mülayimləşıb, yoxsa etiraz dalğası azalıb?

Avtoritar rejimlərin əsas mövcudluq şərtlərindən biri də siyasi məhbusların mövcudluğundadır.

Rüfət Səfərov: Əvvəla, hazırkı üsul-idarənin mövcud olduğu dövrü heç bir zaman siyasi məhbuslarsız keçirməmişik. Sadəcə olaraq yerdəyişmələr olub. Bu il ilə ötən ili müqayisə etdikdə ola bilsin ki, Qarabağ məhbuslarının ev dustaqlığına buraxılması bu siyahıda müəyyən fərqlərə gətirib çıxarıb. Amma yenə də 2019-cu ilin mart ayında mənim timsalımda 51 nəfər siyasi məhbus azadlığa buraxıldı. Onların yerini çox qısa zamanda doldurdular. Bunun da bəzi subyektiv cəhətləri var. Ən başlıcası budur ki, avtoritar rejimlərin əsas formalaşma və mövcudluq şərtlərindən biri də siyasi məhbusların mövcudluğundadır. Siyasi məhbuslar olmadan, insanların siyasi təqibə məruza qalması olmadan avtoritar rejimin ömür sürməsi çətindir. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən öhdəlik götürdüyü bir sıra sahələrdə, o cümlədən də yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının məhbus kimi tanıdığı insanların qısa bir zamanda azadlığa buraxılması və ya onların işinə yenidən məhkəmə qaydasında baxılması sahəsində hələ də irəliləyiş yoxdur. Çox təəssüf ki, bu illər ərzində Azərbaycan hakimiyyəti nəinki bu öhdəlikləri icra edibdir, buraxdığı siyasi məhbusları daha yeni siyasi məhbuslarla əvəz edib. Amma bunlar da azlıq edir. O siyasi məhbusların əksəriyyətinin üzərində işgəncə testləri, qeyri-insani rəftar məsələləri olubdur. Təəssüf ki, bu hal var. Azərbaycan hakimiyyətinə bizim çağırışımız nə ola bilər? Demokratik dünyanın bir parçası olaraq Azərbaycanı siyasi və vicdan məhbusları olmadan görmək

Amerikanın Səsi: Azəbaycanda siyasi məhbus probleminin olmasının səbəbi nədir?

1993-cü ildən bu günə qədər elə dövr olmayıb ki, Azərbaycanda siyasi məhbus olmasın.

Rüfət Səfərov: Əslində mən bundan öncəki suala cavab verdim. Bilirsiniz, mülayim bir idarəetmə mexanizmi yoxdur. İctimai-siyasi münasibətlər kobud əsaslar üzərində qurulub. Azadlıqlar, hüquqlar buxovlanıb. Əsas insan hüquq və azadlıqları demək olar ki, iqnor edilir. Qeyri-hökümət təşkilatlarına, hüquq-müdafiə təşkilatlarına, siyasi müxalifətə, bir sözlə başqa cür düşüncəyə məkan yoxdur. Belə də çox güman ki, təbii ki, siyasi təqib olacaq və qaldırılmış saxta, uydurma cinayət işlərinin yükü siyasi xarakterli olacaq. Bu da heç şübhəsiz siyasi məhbusları qaçılmaz edir. 1993-cü ildən bu günə qədər elə dövr olmayıb ki, Azərbaycanda siyasi məhbus olmasın.

Amerikanın Səsi: Sizcə bu problemin kardinal həlli ücün nə lazımdır?

2013-2014-cü illəri xatırlayaq, - repressiyalar, təqiblər daha da dərin xarakter daşıdı.

Rüfət Səfərov: Baxın, 2013-cü ildə AŞPA-da (Avropa Şurası Parlament Assambleyası-red ) cənab Kristof Ştrasserin məlum hesabatının qəbul edilməsinə çox təəssüf ki, Azərbaycan hakimiyyəti və onun ayrı-ayrı dairələrdə, xüsusilə mötəbər siyasi mərkəzlərdə müdafiəçiləri maneçilik törətdi. 2013-2014-cü illəri xatırlayaq, - repressiyalar, təqiblər daha da dərin xarakter daşıdı. Elə hüquq müdafiəçilərinin bir qismi həmin dövrdə məhbəsə salındı. Azəbaycan hakimiyyəti məhz AŞPA-nın bu yanaşmasından sui- istifadə edərək təqibləri daha da sıxlaşdırdı. Bildiyiniz kimi, 30 yanvar 2020-ci ildə islandiyalı deputat Azərbaycanda siyasi məhbuslar üzrə həmməruzəçi Sunna xanımın hesabatı qəbul olundu. AŞPA qətnaməni qəbul etdi və Azərbaycana çağırış etdi ki, siyasi məhbusları azad etsin. Hesab edirəm ki , bu çağırışlara müsbət cavab verilməzsə AŞPA-da Azərbaycanı daha da ciddi risklər gözləyir. Hətta Azərbaycanı AŞPA-dan çıxarılması riski gözlənilir. Eyni zamanda bu cümləni çıxışçılardan biri də səsləndirib. Bu mənada Azərbaycan höküməti bu çağırışlara ciddi, lakin əməli surətdə yanaşmalıdır.

Amerikanın Səsi: Beynəlxalq ictimayyət siyasi məhbusların azad edilməsi üçün nə edə bilir?

Rüfət Səfərov: Düşünürəm ki, insan hüquqları sahəsində ixtisaslaşmış mötəbər beynəlxalq təşkilatlar var. Əslində onların Azərbaycanda mövcud olan insan hüquq və azadlıqlaının kobud şəkildə tapdalanmasına dair hesabatları məhz AŞPA-da ciddiyə alınır, nəticə etibarı ilə belə qətnamələrə gətirib çıxarır. Mən bir hüquqşünas kimi deyə bilərəm ki, bu qətnamənin icra edilməməsi birbaşa hansısa sanksiyaya gəririb çıxara bilməz. Amma dolayı mexanizmlər var, hansı ki, bir sıra siyasi məhbuslarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qətnamələrinin icra olunmaması nəticəsində Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sanksiyaları ilə üzləşə bilər. Yekunda yenə deyirəm, burada təkcə müxalifət, iqtidar, cəmiyyət deyil, Azərbaycan dövləti pis vəziyyətə düşə bilər. Onsuz da bərbad olan siyasi siması daba da bərbadlaşar.

Şərhlərə bax

XS
SM
MD
LG