Accessibility links

Rüstəm İbrahimbəyov: “Dövlətçiliyin əsasını dağıdan korrupsiyaya qarşı mübarizə edən gəncin məhv edilməsi yolverilməzdir”


Rüstəm İbrahimbəyov

Azərbaycanın tanınmış kinorejissoru Rüstəm İbrahimbəyov bloger Mehman Hüseynovla bağlı Azərbaycan prezidentinə müraciət edib.

Müraciətdə deyilir: "Nə etməli? Bundan sonra necə yaşamalı, əgər sənin gözlərinin qarşısında bir gənci vicdanlı, düzgün və ləyaqətli olduğuna görə ölümə sürükləyirlərsə?

Səksən yaşlı Əkrəm Əylisliyə qarşı sayıqlama cinayət işi qaldırırlarsa, deməli, bizim keçmişimiz ilə haqq-hesab çəkirlər.

Mehman Hüseynovu ölümə sürükləyirlərsə demək ki, bizim gələcəyimizi məhv edirlər.

Səksən yaşlı Əkrəm Əylisliyə qarşı sayıqlama cinayət işi qaldırırlarsa, deməli, bizim keçmişimiz ilə haqq-hesab çəkirlər. Mehman Hüseynovu ölümə sürükləyirlərsə demək ki, bizim gələcəyimizi məhv edirlər.
Rüstəm İbrahimbəyov

Artıq proses geriyə dönməz xarakter alır. Mən Azərbaycan prezidentinə müraciət edərək haqq-hesab maşınını durdurmağa çağırıram. Uşaqlarımızın gələcəkdə normal həyat yaşaya bilməsi üçün bu gün ən yaxşıları məhv etməməliyik. Bir əsr öncə bütün Şərq üçün azadlıq və ədalət nümunəsi olan ölkədə özünü bizim dövlətçiliyin əsasını dağıdan korrupsiya ya qarşı mübarizəyə həsr etmiş gəncin məhv edilməsi yolverilməzdir,” İbrahimbəyov bildirir.

Rüstəm İbrahimbəyov 2013-cü ildə birləşmiş müxalifətin Azərbaycan prezidentliyinə vahid namizədi kimi irəli sürülüb. Lakin Mərkəzi Seçki Komissiyası onun ikili vətəndaşlığını əsas gətirilərək namizədliyini təsdiq etməyib.

Rüstəm İbrahimbəyovun əsərləri dünyanın yüzədək ölkəsinin teatrlarında oynanılıb. Onun filmləri keçmiş SSRİ məkanında məşhurdur. İbrahimbəyov Azərbaycan Dövlət mükafatı laureatı (1980), SSRİ Dövlət mükafatı laureatı (1981), Rusiyanın Dövlət mükafatı laureatıdır (1994-1996). Azərbaycanın Xalq yazıçısıdır (1998). “Şöhrət” ordeni ilə təltif olunub (1995).

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Gündüz Ağayevin `Mehman Hüseynovu azad edin! Free Mehman Huseynov! illustriasiyası
Gündüz Ağayevin `Mehman Hüseynovu azad edin! Free Mehman Huseynov! illustriasiyası

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG