Accessibility links

Rəşad Şirin: "Azərbaycan “incə balans” siyasətindən istifadə edəcək"


Rəşad Şirin: "Azərbaycan “incə balans” siyasətindən istifadə edəcək"
please wait

No media source currently available

0:00 0:06:17 0:00

Rəşad Şirin: "Azərbaycan “incə balans” siyasətindən istifadə edəcək"

Siyasi analitik Rəşad Şirinin Amerikanın Səsinə müsahibəsi

Siyasi analitik Rəşad Şirin Amerikanın Səsinə müsahibəsində ABŞ-ın İran və Rusiyaya sanksiyalarının Azərbaycana qarşı siyasi risklərindən danışıb.

Amerikanın Səsi: Azərbaycan Rusiya və İranla qonşu olmaqla geopolitik mənada çox həssas regionda yerləşir. ABŞ isə Rusiya və İrana qarşı sanksiyaları getdikcə gücləndirir. Bu siyasət Azərbaycan üçün hansı nəticələr yaradır?

Bunun Azərbaycana birbaşa iqtisadi təsirlərinin nə olacağını hələ demək çətindir. Neftin qiymətində oynamalar ola bilər.

Rəşad Şirin: Amerikanın İrana tətbiq etdiyi sanksiyalar əsasən iqtisadi sanksiyalardır. Təbii ki, bu, böyük dövlətlərə təsir edən bir sanksiyadır. Bunun mənfi nəticəsi böyük dövlətlərə təsir edəcək. Onların böyük maraqları, İranla müqavilələri var. Məsəl üçün "Boeing" və ya "Airbus" şirkətlərinin 17-19 milyardlıq böyük müqavilələri var ki, onlar İrana təyyarə satacaqdılar. O lisenziyalar artıq dayandırılıb. Avropa şirkətləri də artıq ehtiyat edirlər. Onlar da İranla iqtisadi münasibətlərini davam etdirmək istəmirlər. Çünki Amerika tərəfindən sanksiyalara məruz qala bilərlər. Burada Amerikanın ən böyük gücü təbii ki, dollar məsələsidir, sanksiyaların nəticəsi olaraq İran bank köçürmələrindən, əməliyyatlarından kənarda qalmış olacaq. Demək olar ki, bütün müqavilələr, bütün bank köçürmələrinin böyük əksəriyyəti Amerika bankları üzərindən köçürüldüyü üçün, bu, çox böyük zərbədir. Bunun Azərbaycana birbaşa iqtisadi təsirlərinin nə olacağını hələ demək çətindir. Neftin qiymətində oynamalar ola bilər. Bu bizə təsir edə bilər. Azərbaycandan İrana qarşı mümkün siyasətdə daha aktiv rol oynaması istənilə bilər. Dediyim kimi hal-hazırda İrana qarşı bu sanksiyalar iqtisadi xarakterlidir. İran da təbii ki, buna reaksiya olaraq uranın istehsalını dayandırmaq istəmir və bunu davam etdirəcək.

Amerikanın Səsi: Sizcə Azərbaycan bu durumda öz təhlükəsizliyi baxımından risklərin azaldılması üçün necə davranmalıdır?

Çox vaxt Azərbaycanın maraqları Rusiya və İranın maraqları ilə üst-üstə düşmür.

Rəşad Şirin: Mənə elə gəlir ki, Azərbaycan hər zaman istifadə etdiyi siyasətindən istifadə etməlidir və edəcək. Yəni həm Rusiya, həm də İranla bu incə balans siyasəti davam etdirilməlidir. Bunlar regionun böyük ölkələridir. Resursları, potensialı çox olan ölkələrdir. Azərbaycan hər zaman incə və həssas oyun oynayıb. Bir tərəfdən Qərb mütəffiqləri var. Azərbaycanın ABŞ, İsrail, Türkiyə ilə münasibətlərində onların maraqları fərqlidir. Çox vaxt Azərbaycanın maraqları Rusiya və İranın maraqları ilə üst-üstə düşmür. Azərbaycan bu vəziyyətdə mümkün olduğu qədər öz maraqlarını ortaya qoya bilməlidir. Azərbaycan üçün ən böyük maraq təbii ki, həyatda qalmaq-yəni təhlükəsizlik marağıdır. Çünki, dediyim kimi, İran və Rusiyanın resursları çoxdur. Məsəl üçün İran Suriya və İraqda çox böyük nüfuza sahibdir və qonşu ölkələrdə geniş əməliyyatlar apara bilir. Yəni bunlar hərbi əməliyyatlar ola bilər, psixoloji propaqanda ola bilər. Eyni dərəcədə də Rusiya. Son hadisələri biz gördük. Rusiyanın Ukrayna donanmasının 3 gəmisini həbs etməsi və s. Ətrafa daha çox qorxu, risk yarada bilən qüvvələrdir.

Amerikanın Səsi: Bəzi ekspertlər və millət vəkilləri hesab edirlər ki, Azərbaycan Qarabağ məsələsinin həlli naminə Rusiya ilə yaxınlaşmalı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmalıdır. Onların opponentləri isə çıxış yolunu Azərbaycanın Qərbə intiqrasiyasında görürlər. Bu mülahizələri necə qiymətləndirərdiniz? Sizcə daha bir fərqli yol varmı?

Rəşad Şirin: Əslində Azərbaycan dövlətinin istədiyi həmin status-kvo başqa yoldur. Yəni heç bir bölgə alyansında, bölgə ittifaqında iştirak etməmək, qoşulmamağı, bu yolu seçmiş ölkədir. Bu siyasət 90-cı illərdən davam edən siyasətdir. Açığı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağın Azərbaycan üçün nə qədər faydalı olacağı sualı altındadır. Digər tərəfdən Qərb alyanslarına da üzv olmağın Qarabağ məsələsində bizə hansı üstünlükləri verəcəyi məsələsi də sual altındadır. Əslində NATO-ya üzv olmaq üçün ölkə olaraq etnik konfliktlər və ya sərhəd boyu mübahisələr olmamalıdır. NATO-nun üzvü olmaq üçün belə qaydalar da var. O baxımdan mənə elə gəlir ki, mövcud status-kvo, mövcud siyasət zatən başqa bir yoldur. Üçüncü yol hal hazırda bundan ibarətdir. Yəni ortada olmaq və qoşulmamaq.

XS
SM
MD
LG