Accessibility links

Rəşad Şirin: Demokratik mühit olmadan siyasi partiya sistemindən danışmaq çətindir


Rəşad Şirin: Demokratik mühit olmadan siyasi partiya sistemindən danışmaq çətindir
please wait

No media source currently available

0:00 0:11:43 0:00

Siyasi təhlilçi Rəşad Şirinin Amerikanın Səsinə müsahibəsində Azərbaycanda siyasi partiyalar arasındakı münasibət, hakim elitanın apardığı son siyasətdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda siyasi partiyalar arasındakı münasibətləri necə qiymətləndirərdiniz?

Rəşad Şirin: Siyasi sistem deyilən bir anlayış var ki, onun içində müxtəlif elementlər var. Onlardan biri də siyasi partiya sistemidir. Bu, siyasi partiya sisteminin nə qədər effektiv, nə qədər insanların maraqlarını, fikirlərini təmsil etməsi mövcud olan demokratik mühitdən aslıdır. Zatən siyasi partiyalar sistemi varsa, deməli biz demokratiyadan danışırıq. Demokratik mühit olmadan siyasi partiya sistemindən danışmaq bir az çətindir. Burada çox vacib bir məqam var. Məqam nədən ibarətdir? Siyasi partiyaların, birincisi, insanların maraqlarını, fikirlərini təmsil etmək imkanları mövcud olmalıdır. İkincisi, onların seçki yolu ilə hakimiyyətə gəlmək ehtimalı və ya imkanı olmalıdır. Bu imkan varsa siyasi partiyalar arasında müəyyən münasibətlər formalaşmağa başlayır. Bu münasibətlər, misal üçün, müttəfiqlər şəklində ola bilər. Seçki kampaniyası, təşviqatı dövründə bir-birinə dəstək vermək olar. Əgər hakimiyyətə gəlmə ehtimalı yoxdursa və ya demokratik mühit yoxdursa hansısa bir ölkədə partiyalar arasında müttəfiqlik imkanları azalır. Yəni, partiyalar arasında münasibətlər daha çox ziddiyyət, daha çox dartışma və sair üzərində qurulur, çox vaxt. Bunu da siz yəqin ki, bizim siyasi partiya mühitindən hiss etmiş olursunuz. Bunu görmək çətin deyil. Qısaca desək hakimiyyətə gəlmək, hakimiyyətdə təmsil olunmaq ehtimalı yüksəkdirsə, partiyalar arasında münasibətlər daha konstruktiv olur. Düzdür rəqabət mühiti də var. Amma, eyni zamanda kiminsə kiminləsə ilə birləşib daha böyük rəqibə qarşı mübarizə aparmaq ehtimalı var. Hakimiyyətə gəlmək ehtimal yoxdursa və ya imkanlar yoxdursa o zaman bu enerji daha çox partiyaların bir-birinə qarşı ziddiyyətlərindən istifadə edilməyə sərf olunur. Normalda Azərbaycanda çox zaman müşahidə etdiyimiz də budur. Misal üçün, xüsusilə son zamanlar müxalifət cəbhəsində olan partiyalar, 90-cı illərdə vəziyyət bir qədər fərqli idi. Orada ehtimal daha çox idi. Partiyalara daha çox imkan görürdülər hakimiyyətə gəlməyi. Siz əgər xatırlayırsınızsa seçki qabağı böyük birləşmələr olurdu, ittifaqlar qurulurdu. Daha sonra bu ehtimal və imkanlar azaldığı üçün partiyalar arasındakı ziddiyyətlər böyüməyə başladı. Çünki ümumi maraqlar yoxdur. Ondan dolayı da ittifaqlar qurula bilmir.

Amerikanın Səsi: Azərbaycanda bir sıra siyasi partiyalar prezident administrasiyasının rəsmisi ilə danışıqlar aparır. Hökümət bu danışıqları dialoq kimi təqdim edir. Sizcə bu danışıqlara dialoq demək mümkündürmü?

Rəşad Şirin: Təxminən belə deyək, son bir il ərzində bu cəhdlər, təşəbbüslər aktivləşdi. Buna dialoq demək və ya deməməkdən başqa mən düşünürəm ki, sual bir az fərqli qoyulmaldır. Bu hakimiyyətin nəyinə lazımdır? Ehtiyac hardan yarandı? Mən bəzi analitik yazılarımda bu haqda ətraflı detallara getmişəm. Təxminən mənim hiss etdiyim budur ki, hakimiyyət idarəetmə sistemində etdiyi dəyişikliklər, yeniliklərdən əlavə alternativ mexanizmlər üzərində düşünür ki, bura siyasi partiyaları da daxil etmək istəyir. Yəni, belə deyək, təxminən tək partiya sistemindən çoxpartiyalı sisteminə keçid etmək haqqında düşünür. Bunu ifadə edirlər. Bu haqda danışırlar. Sadəcə olaraq bu proses hara qədər gedə biləcək. Bunun iştirakçıları kimlərdir. Bu da çox vacib bir məsələdir. Çünki böyük partiyalar var ki, onlar bu prosesdən kənarda qalıblar, özlərini kənarda tutublar. Bu prosesin legitimliyinə inanmırlar. Yəni güvən göstərmirlər bu prosesə. Bu baxımdan hakimiyyət daha kiçik partiyalarla işləyir. Onlarla ittifaq qurmağa çalışır. Bu bir model ola bilər. Misal üçün, Azərbaycan hakimiyyəti YAP (Yeni Azərbaycan Partiyası) vasitəsilə ki, onu da bu yaxınlarda reform etməyə çalışırlar. YAP və digər kiçik partiyalarla bir ittifaq qura bilər. Bunun davamı olaraq konstitusiyon dəyişikliklər ola bilər və proporsional sistem geri qayıda bilər. Çünki proporsional sistem və majoritar sistemin əsas fərqi ondadır ki, mojaritar sistemdə partiyalara ehtiyac yoxdur o qədər də. Əgər siz partiyalara daha çox rol vermək istəyirsinizsə avtomatik olaraq konstitusiyanı dəyişib, seçki sistemini yəni təmsilçilik sistemini dəyişməlisiniz. Proporsional sistem qurulmalıdır. Mən təxmini bunu görürəm ki, Azərbaycan hakimiyyəti YAP vasitəsilə yeni bir siyasi mühit yaratmaq istəyir. Əslində bu maraqlı bir sistemdir. Bunun nəticəsini biz yəqin ki, görəcəyik.

Amerikanın Səsi: Rəşad bəy, ümumiyyətlə siyasi partiyalarla danışıqların hakimiyyətin qərarlarına təsiri hiss edilirmi? Əgər bu danışıqların hökümətin qərarlarına təsirləri yoxdursa o zaman bunun faydalılığı nədədir?

Rəşad Şirin: Siyasi partiyalarla danışıqların təsiri indi hiss edilə bilməz. Siyasi partiyalarla danışıqlar daha çox yeni siyasi konfiqurasiya qurulması üçündür. Yeni siyasi konfiqurasiya nədən ibarət olacaq, onu artıq biz daha öncə dedik ki, proporsional bir sistemdən istifadə edib partiyalara daha çox rol vermək. Parlamentdə bəlkə də hökümətdə. Biz bunun nəticəsini ola bilər ki, daha sonra görə bilək. Hal-hazırkı mərhələdə bu dialoqun hökümətin qərarlarına təsir etmək imkanını görmürəm mən. Bu daha çox sonrakı mərhələdədir. Partiyalara əgər daha aktiv iştirak imkanı verilərsə, onlar bu prosesə təsir edə bilərlər, qərar verməyə və ya iştiraka idarəetmədə və ya hakimiyyətin daha çox bölüşdürülməsi müxtəlif siyasi qruplar arasında və s.

Amerikanın Səsi: Hazırda müxalifətin durumunu necə qiymətləndirərdiniz?

Rəşad Şirin: Təbii ki, müxalifət və siyasi partiyalar, bunlar siyasi partiyalar sisteminin çox vacib elementlədir. Sadəcə olaraq söhbət nədən gedir. Söhbət ondan gedir ki, hal-hazırda hakim elita, hakimiyyət nə qədər siyasi imkanlar açmaq istəyir. Siyasi imkanlar strukturunu genişləndirmək istəyir. Bunun kənarında müxalifətin hər hansısa bir aktivlik etməsi hal-hazırda çox çətindir. Ümumiyyətlə müxalif siyasətin imkanları çox zaman güc elitasının verə bildiyi azadlıq qədərdir. Yəni azadlıqlar nə qədər verilirsə o qədər də müxaliflik mövcud ola bilər, yəni, siyasi azadlıqlar. O baxımdan hələ ki, düşünmürəm ki, Azərbaycanda o situasiya formalaşıb. Buna doğru bəzi addımlar atılır və nəticə etibarı ilə bu nə vaxtsa ola bilər. Amma hal-hazırdakı durum hələ ki, onu göstərmir.

Amerikanın Səsi: Sizcə mövcud durumdan çıxış üçün nələr edilməlidir?

Rəşad Şirin: Mən düşünürəm ki, Azərbaycanda hakimiyyət idarəetmənin yaxşılaşdırılması üçün siyasi sistemdən istifadə etməlidir. Əslində bunu bir ehtiyac kimi biz görürük. Bu anlayışı biz görürük ki, hakimiyyət hiss edir. Misal üçün, bir tərəfdən meritokratik sistem (Meritokratiya - bilik və bacarıqlara əsaslanaraq həyata keçirilən bir idarə üsulu-red) qurmağa çalışır, uğrulu və ya uğursuz. Amma, eyni zamanda başa düşür ki, bunun bir sərhədi, limiti var. Sadəcə meritokratiya üzərindən idarəetməni yaxşı idarəetməyə çevirmək mümkün deyil. Ona görə hakim elitanın, prezidentin dilindən siz müxtəlif fikirlər eşidirsiniz. Misal üçün, ictimai nəzarət, siyasi dialoq, yeni siyasi konfiqurasiya və s. Bu onun göstəricisidir ki, elita anlayır ki, daha çox siyasi açılım lazımdır, daha çox partiyaların iştirakı lazımdır. Belə deyək, daha çox siyasət lazımdır. Onlar siyasətə ehtiyac olduğunu ifadə edirlər. Sadəcə olaraq indi bunlar implementasiya (“həyata keçirmə, yerinə yetirmə, reallaşdırma” deməkdir-red.) mərhələsində mümkün olduğu qədər korrekt işlər görülməlidir. Düzgün işlər görülməlidir. Daha çox məsləhətləşmələr olmalıdır və s. Yəni ictimai siyasət geri qayıtmalıdır. İctimai siyasətin geri qayıtması bir çox məsələləri həll edəcək. Həm ictimai nəzarət baxımından, həm ictimai fikir, ifadə azadlığı, media baxımından. Mən düşünürəm ki, Azərbaycan hakim elitası bunu başa düşür və anlayır. Sadəcə olaraq bunu necə icra edəcək onu artıq zaman göstərəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG