Accessibility links

Rəşad Həsənov: Tibbi sığortada vacib faktor keyfiyyətli xidmətin təşkilidir


Rəşad Həsənov: Tibbi sığortada vacib faktor keyfiyyətli xidmətin təşkilidir
please wait

No media source currently available

0:00 0:08:27 0:00

İqtisadçı ekspert Rəşad Həsənov Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, problemi və gələcək problemindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda tətbiq edilən icbari tibbi sığorta modeli ölkədə etibarlı və keyfiyyətli səhiyyə xidmətlərin təminatına zəmanət verirmi?

Rəşad Həsənov: Əlbəttə, məsələyə icbari tibbi sığorta modeli baxımından baxmış olsaq, müəyyən qədər müasir tələblərə, çağırışlara uyğun bir modeldir. Xüsusi ilə də aztəminatlı əhalinin, pensiyaçıların, ünvanlı sosial yardım alanların, işləməyənlərin sığorta haqqının dövlət tərəfindən kompensasiya edilməsi məsələsi aspektindən icbari tibbi sığortaya çıxış, əlçatanlıq müsbət qiymətləndirilə bilər. O ki, qaldı burada tibbi xidmətlərin, səyyar xidmətlərinin keyfiyyəti baxımından, bu, nisbətən fərqli məqamdır. Çünki burada, böyük ehtimalla növbəti dövrlərdə icbari tibbi sığorta mexanizminin özü, əgər düzgün alət olaraq istifadə edilərsə, xidmətlərin keyfiyyətinin artmasını şərtləndirəcəkdir. Çünki beynəlxalq yanaşma da ondan ibarətdir ki, əslində peşəkar şəkildə sığorta xidmətlərini təklif edir. Yəni, səhiyyə xidmətləri qarşısında pulu ödəyən tərəflər özləri peşəkar komandalar formalaşdırırlar və tibb müəssisələrinin verdiyi xidmət məhz həmin komandalar tərəfindən dəyərləndirilir. Bir vətəndaş olaraq biz səhiyyənin, tibbin dərinliklərini bilməyə məcbur deyilik və yaxud da ki, bilə bilmərik. Mümkün deyil. Bizim səhv və düzgün olma istiqamətdə müalicə olunmağımız, keyfiyyətli və keyfiyyətsiz xidmətlərlə təmin olunmağımız qarşı tərəf üçün daha uyğundur, nəinki, pulu ödəyən bir tərəf, hansı ki, peşəkar xidmətlərdən də istifadə edərək bu məsələdə özünü daha az xərcləməsinə meyilli olan bir tərəfdir. Buna görə də dünya təcrübəsində də artıq tibbi sığortanı təşkil edən şirkətlərin özləri səhiyyə sistemində xidmətin keyfiyyətinin artmasına gətirib çıxaran bir mexanizm formalaşdırdılar. Onlar öz hüquqlarını artıq məhkəmələrdə də normal şəkildə tələb edə bilirlər. Çünki pulu ödəyən tərəfdirlər. Onlar, təbii ki, istəyirlər az pul ödəsinlər. Bu da ümid edirəm ki, növbəti uzunmüddətli dövrdə Azərbaycanda, xüsusilə də keyfiyyətsiz, qeyri-dəqiq müalicələri, səhiyyə xidmətlərinin təşrif edilməsi, qeyri-dəqiq reseptlərin, dərmanların xəstələrə satılması ilə bağlı problemlərin həlli istiqamətində müəyyən qədər kömək edə bilər. Əvvəlcədən də qeyd etdiyim kimi, əgər, bu keyfiyyətli və güclü alət olaraq istifadə edilərsə.

Amerikanın Səsi: Tibb müəssisələri sığortaya keçidə hazırdırmı, əhalinin məlumatlandırılması nə səviyyədədir?

Rəşad Həsənov: Tibb müəssisələri icbari tibbi sığorta tətbiqi baxımından o qədər də hazır deyillər. Bizdə bu maliyyələşmə baxımından tibb müəssisələrinin dövlətlə əlaqəli olması, dövlət tərəfindən maliyyələşməsi bu istiqamətdə müəyyən çətinlik yaradır və bu günə qədər də onların keyfiyyətli və məsuliyyətli xidmət təklif etmə təcrübəsi formalaşmayıb. Hazırda yeni mexanizm eyni zamanda icbari tibbi sığorta üçün xidmətlərin özəl sektordan alınması üçün də müəyyən şərait yaradır. Hansı ki, dövlət sektorunda bu tətbiq olunmur. Bu da müəyyən qədər, bəlkə də, gələcəkdə rəqabətin formalaşmasına, mərhələli şəkildə keyfiyyətin artmasına gətirib çıxaracaqdır. O ki qaldı əhalinin məlumatlılıq səviyyəsinə, bu, yeni bir məhsuldur, yeni bir institut formalaşır. Buna görə də ciddi şəkildə maarifləndirilməyə ehtiyac var. Kifayət qədər çoxşaxəli tərəfləri olan məsələdir. 2500-dən artıq xəstəliyin əhatə edilməsi özü çox böyük bir maarifləndirilməyə ehtiyacı olan sahədir.

Amerikanın Səsi: Əhalidən tutulan siğorta yığımları vətəndaşların gəlirlərinə mütənasibdirmi?

Rəşad Həsənov: Bəzi yerlərdə mütənasiblik var. Bəzi yerlərdə yoxdur. Məsələn, tutaq ki, müəyyən sosial qruplar üçün, məsələn gəlirlərin qeydə alınmaması, onların muzdlu işçi olmaması və yaxud sahibkar kimi fəaliyyət göstərməməsi məsələləri nəzərə alınmaqla, aylıq 10 manat müəyyən edilib. Burada artıq gəlirə diferensiallıq prinsipi işləmir. İllik 120 manat konkret olaraq. Bəzi sahələrdə isə nisbətən bu diferensiallıq təmin olunur. Xüsusilə də muzdlu fəaliyyət sahəsi ilə məşğul olanlarda və yaxud mülki xidməti müqavilə ilə çalışan insanlarda dövriyyəyə faizin tətbiq edilməsi məsələsidir ki, burada müəyyən qədər nisbət amili, diferensiallıq amili qorunur. Amma, o ki, qaldı əhalinin gəlirlərinin bu istiqamətə yönəldilməsi məsələsinə, düşünürəm ki, burada əslində gələcəkdə keyfiyyətli xidmətlər təmin olunacaqsa, indiki halda tariflər müəyyən qədər başa düşüləndir. Çünki, biz bunu region ölkələri ilə müqayisə etdikdə belə, bəzi hallarda görürük ki, müəyyən edilmiş o faiz dərəcələri daha aşağıdır. Amma təbii ki, burada vacib faktor məhz xidmətin keyfiyyətinin təmin edilməsidir. Əgər insan onu ödəyəcəksə, amma gedib həmin müəssisənin xidmətindən istifadə etməyəcəksə, ödənişli şərtlərlə başqa bir tibb müəssisəsindən istifadə edəcəksə, məhz, təzad burada yaranır.

Amerikanın Səsi: İcbari sığortanın işlək olmasına necə inanmaq olar?

Rəşad Həsənov: Burada təbii ki, bizə zaman lazım olacaq. Burada sığorta bazarında bir rəqabət formalaşmalıdır. Özəl sektor prosesə aktiv şəkildə cəlb olunmalıdır. Sığota şirkətləri, özəl kommersiya sığorta şirkətləri prosesdə aktiv iştirak etməlidir. Belə olan təqdirdə pul verən tərəf kimi onlar aldıqları xidmətin keyfiyyətinə nəzarət mexanizmləri formalaşdıracaqlar. Bu da orta uzun müddətli dövrdə Azərbaycanda səhiyyə sektorunun, səhiyyə seqmentinin özünün inkişafına gətirib çıxaracaq. Amma təbii ki, indiki şərtlər daxilində, dediyimiz kimi, bu, neqativ hallarda vətəndaşların tibbi sığorta hüququndan deyil, başqa səhiyyə xidmətlərindən ödənişli şərtlərlə istifadəsinə gətirib çıxaracaq ki, bu da əslində bir təzaddır.

Amerikanın Səsi: İcbari tibbi sığortanın tətbiqinin sığorta bazarına təsiri necə olacaq, bu ümumiyyətlə tibbi siğorta xidmətlərinin keyfiyyətinə necə təsir edəcək?

Rəşad Həsənov: Keyfiyyətinə təsirlə bağlı nə isə demək çox çətindir. Amma, indiki şərtlər daxilində sığorta bazarının genişlənməsinə gətirib çıxaracaq. Çox böyük bazardan söhbət gedir. On milyon əhalinin tibbi sığortasından söhbət gedir. Bu, təbii ki, paralel olaraq digər xidmətlərin inkişafını müəyyən mənada dəstəkləyəcək. Çünki onların maliyyə təminatı da bu mənada güclənəcək. Heç də sığorta şirkətləri yığdıqları sığorta haqlarını tam olaraq həmin məqsədlərə sərf etmirlər. Onların likvidikliyi artacaq, onların aktivlərinin həcmi artacaq. Bu, bazara da meyillik güclənəcək, böyük ehtimalla yaxın gələcəkdə bazar iştirakçılarının sayı da artacaq.

Amerikanın Səsi: Azərbaycan konkret olaraq icbari tibbi sığortaya keçidə hazırdırmı?

Rəşad Həsənov: Hazır deyilsə belə, bu baş tutmalı idi. Böyük ehtimalla bu prosesin mükəmməl bir səviyyəyə, müasir tələblərə uyğun səviyyəyə çatması üçün bizə zaman lazım olacaq. Bu gün ən vacib olan odur ki, artıq nəhayət ki, Azərbaycanda icbarı tibbi sığorta institutu deyilən bir institut formalaşmağa başladı. Buna biz başladıq, böyük ehtimalla növbəti bir neçə ildə artıq bu istiqamətdə keyfiyyət dəyişikliklərinə də nail ola biləcəyik.

XS
SM
MD
LG