Accessibility links

Rəcəb Tayyib Ərdoğan prezident seçkisində qalib gəlib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə son illərin ən mübahisəli prezident və parlament seçkilərində səslərin 52 faizini qazanaraq öz hakimiyyətini qorumağa nail ola bildi.

Bazar ertəsi Ədalət və İnkişaf partiyasının qərargahı qarşısında toplaşan minlərlə tərəfdarı önündə çıxış edən Ərdoğan bazar günü keçirilən seçkiləri demokratiyanın qələbəsi kimi təsvir edib.

“Bu seçkinin qalibi demokratiya və milli iradədir. Bu seçkinin qalibi 81 milyon vətəndaşımızın hər bir fərdidir. Türkiyə siyasət tarixinin ən çox seçici fəallığının olduğu seçkidə məntəqələrə gedərək bu demokratiya festivalında iştirak edən hər kəsi təbrik edirəm”, deyə Ərdoğan bildirib.

Muharrəm İncə
Muharrəm İncə

Prezident seçkilərində Ərdoğanın əsas rəqibi olan CHP partiyasının namizədi Muharrəm İncə jurnalistlər qarşısında çıxış edərək ölkənin gələcəyi ilə bağlı narahatlıqlarını dilə gətirib.

“Ölkəmizin, demokratiyamızın və bizlərin indiki və gələcəkdəki həyatına dərindən təsir edəcək bir seçkilərin sonuna gəldik. Bu seçkilər elan edilməsindən tutmuş nəticələrinin açıqlanmasına qədər hər şeyi ilə ədalətsiz bir seçki oldu”, deyə Muharrem İncə qeyd edib.

İncə siyasi mitinqlərinə milyonlarla insanı cəlb etdiyi bir kampaniyadan sonra seçici səslərinin 31 faizini toplaya bilib.

2017-ci ildə baş tutan və çox sayda saxtakarlıq iddiları ilə üzləşən Konstitusiya referendumundan sonra indi Ərdoğan daha geniş səlahiyyətlərə sahib olacaq.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG