Accessibility links

Rafael Cəbrayılovun deputat səlahiyyətinə xitam verilib


Oktyabrın 2-də Mərkəzi Seçki Komissiyası (MSK) V çağırış Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

Rafael Cəbrayılovun deputat mandatından imtina etməsi il bağlı müraciəti Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında elan edilib.

Cəbrayılov müraciətində seçicilərindən üzr istəyib.

Bu sosial şəbəkələrdə deputatın 300 min dollar borc müqabilində deputat vəsiqəsini girov qoyması barədə səs yazısı yayıldıqdan sonra baş verib. Səs yazısı geniş tənqidlərə yol açıb.

Bugünkü iclasda MSK katibi bildirib ki, Rafael Cəbrayılov müraciətində deputat vəsqəsini borc müqabilində girov qoyması ilə bağlı yayılan məlumatların yalan olduğunu vurğulayıb.

“Məktubda bildirib ki, bu məsələ tamamilə yalandır. Vəsiqəsi özündədir. Qeyd edim ki, onun 15 illik deputat fəaliyyəti ilə bağlı MSK-ya xüsusi şikayətlər daxil olmayıb. Son dövrlər mətbuatda yazılanlar isə onun nə qədər qeyri-səmimi davrandığını göstərir. Deputat mandatından kənar fəaliyyətlə məşğul olursansa, bu, həm öz adına, həm də Milli Məclisə xələl gətirir. Arzulayırdıq ki, deputat qanunazidd hərəkətlər etməsin. Əgər deputat mandatından imtina etmək istəyirdisə, o birinci növbədə Mərkəzi Seçki Komissiyasına müraciət etməli idi. Ancaq o, Milli Məclisə müraciət edərək, onların mərhəmətinə sığınmaq istəyib. Onun mandat daşımağa haqqı yoxdur," o qeyd edib.

Baş prokuror Zakir Qaralov isə oktyabrın 1-də bildirib ki, Mərkəzi Seçki Komissiyası fəaliyyətinə xitam verdikdən sonra Cəbrayılovla bağlı məsələ müzakirə olunacaq.

“Onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər. Hazırda iddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmədə dələduzluq və digər cinayətləri müəyyən edilsə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Daha sonra Baş Prokurorluqda araşdırma aparılacaq," o deyib.

Rafael Cəbrayılov 46 saylı Şirvan seçki dairəsindən deputat seçilib. Bitətəfdir. O, son üç çağırış Milli Məclisin deputatı olub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü idi.

Bu, indiyədək Milli Məclisin deputatı mandatından imtina edən ikinci deputatdır. Bundan öncə, 2012-ci ilin sentyabrında Gülər Əhmədova deputat mandatından imtina edib. Əhmədova mandatından imtina etdikdən sonra dələduzluq ittihamı ilə həbs edilib.

XS
SM
MD
LG