Accessibility links

‘Rəqəmlər o qədər aşağı idi ki,...’


" ...Altı ayın yekunları onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb"

Bunu Prezident İlham Əliyev bir neçə gün əvvəl Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısının sözlərinə görə, altı ayın yekunları göstərir ki, Azərbaycan iqtisadiyyatı 2 faiz, qeyri-neft sənayesi isə 16,6 faiz artıb və daha da artacaq.

Qeyri-neft sektorunun inkişafı barədə artıq uzun illərdir deyilir.

Hətta 2014-cü il Azərbaycanda "sənaye ili" elan edilmişdi. Bu ilin 6 ayında senayde isə ümumilikdə 0,3 faiz azalma baş verdiyi açıqlanıb. Dövlət başçısının deməsinə görə, bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC ) + razılaşmasının yerinə yetirilməsidir.

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Lakin bəzi ekspertlər hesab edir ki, qeyri-neft sahəsinin inkişafı dolayı yolla neft sektorundan asılı vəziyyətdədir.

Bəs ümumilikdə qeyri-neft sektorunda vəziyyət necədir? Artım templəri qənaətbəxş sayıla bilərmi?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi-ndən "Turan" Agentliyinə bildirilib ki, bu ilin birinci yarısında Azərbaycanda iqtisadi artımın qeyri-neft-qaz sənayesində payı 16,6 faiz, bitkiçilikdə 8,9 faiz, heyvandarlıqda 2,4 faiz, informasiya, rabitə xidmətlərində 5,5 faiz və pərakəndə ticarət dövriyyəsində 1,7 faizdir :

"Bu il dünyada sənaye artımı 3,5 faiz proqnozlaşdırıldığı halda, Azərbaycanda qeyri-neft sənayesinin 16,6 faiz artması təqdirəlayiqdir. Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir".

"Qeyri-neft sektorunda 5,1 faizlik artım qeydə alınıb"

Qurumdan qeyd olunub ki, ümumiyyətlə, qeyri-neft sektorunda 5,1 faizlik artım qeydə alınıb:

"Qeyri-neft sektoru üzrə ixrac ilk beş ayda 25,8 faiz artıb. Fiskal vә monetar siyasәtin səmərəli koordinasiyası makroiqtisadi sabitliyi təmin edir".

Vurğulanıb ki, Azərbaycan iqtisadiyyatı Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılması perspektivi, habelə ölkənin müdafiə, rəqabət qabiliyyətinə qarşı yeni tələblərin müəyyənləşməsilə miqyas, keyfiyyət dəyişikliyi ərəfəsindədir.

Proqnozlaşdırılan artım

Mərkəzdən habelə bildirilib ki, ölkənin postkonflikt ( Qarabağ münaqişəsi ) quruculuğu beynəlxalq miqyasda da yüksək qiymətləndirilib:

"Bu il Azərbaycan "Doing Business" hesabatında 34-cü yerdən 28-ci yerə, "İqtisadi azadlıq indeksi" hesabatında 44-cü yerdən 38-ci yerə və "Qlobal kibertəhlükəsizlik" hesabatında 55-ci yerdən 40-cı yerə yüksəlib. Bu il Azərbaycanda Dünya Bankının proqnozlarına əsasən 1,9 faiz, gələn il isə 4,5 faiz iqtisadi artım olacaq. Beynəlxalq Valyuta Fondu isə Azərbaycanda bu il 2,3 faiz, gələn il 1,7 faiz iqtisadi artım proqnozlaşdırır".

Dövlət Statistika Komitəsindən də bildirilib ki, 2021-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azallb, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb:

"Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyun aylarında 23,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal edilib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2 faiz azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,6 faiz artıb".

"Qeyri-neft sənayesində əsas artım sənaye parklarında və... "

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna mövzu ilə bağlı bunları deyib: "Qeyri-neft sənayesində əsas artım sənaye parklarında və Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR ) törəmə şirkətlərində açılan yeni sahələri hesabına baş verib. Bunlar həm gübrə, həm plastik kütlələr, həm də boru istehsalıdır"

O, qeyd edib ki, qeyri-neft sənayesində artım kifayət qədər iri faizlə ifadə olunur:

"Rəqəm, dəyər olaraq isə hələ də çox aşağı rəqəmlər görünür. Əvvəlki qeyri-neft sənayesində istehsal olunan malların həcminin rəqəmləri o qədər aşağı idi ki, indi bir az artım olan kimi faiz ifadəsində ciddi artım kimi görünür."

Natiq Cəfərli vurğulayıb ki, hələlik, neft sənayesi qeyri-neft sənayesini xeyli üstələyir :

"Azərbaycanda dolayı yolla qeyri-neft sənayesində artım neft sənayesinə bağlıdır. Nə qədər qəribə səslənsə də, qeyri-neft ixracatında da lider şirkəti SOCAR-ın törəmə şirkətləridir. Ona görə də bizdə belə qəribə vəziyyət yaranıb".

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG