Accessibility links

Rəsmi qurumlar peyvənd vurduracaq vətəndaşlara müraciət edib


Vaksin
Vaksin

“Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunur.

Məlumatda deyilir ki, Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir:

“Bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar" deyə məlumatda deyilir.

Bundan əlavə rəsmi qurumlar qeyd edir ki, peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur:

"Bu cür halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş edirik ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün dəstək göstərilir”.

Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərin sayı açıqlanıb. Məlumata görə, martın 3-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,272 nəfər vaksinasiya olunub. Hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 337 315 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG