Accessibility links

Rəsmilər 20 ildir başa çatmayan Ərdəbil dəmir yolu layihəsi ilə bağlı yeni vədlər edib


Ərdəbil vilayətinə səfər edən İran İslam Respublikasının yeni hökumətinin rəsmiləri Ərdəbil dəmir yolu layihəsi ilə əlaqədar yeni vədlər verib.

İRNA xəbər agentliyinin yaydığı məlumata görə, prezident İbrahim Rəisi kabinetinin Yol naziri Rüstəm Qasımi Ərdəbil dəmiryolu layihəsinin tamamlanması ilə əlaqədar bir trilyon tümən büdcə ayrıldığını, ayrıca bu dəmir yolunun Azərbaycan Respublikasına qoşulacağı haqda vədlər verib.

Ərdəbil dəmir yolu layihəsinin tikinti işlərinin başlanmasını İranın sabiq prezidenti Məhəmməd Xatəmi 2002-ci ildə vilayətə səfəri zamanı açıqlamışdı. Təxminən 20 ilə yaxın sürən bu layihənin tamamlanması, hələ ki, mümkün olmayıb.

İran mediasında verilən məlumata görə, iki onillik ərzində rəsmilər layihənin “dağlıq və çətin ərazilərdə olması” və “büdcə çatışmazlığı” kimi səbəblərdən dolayı dəmir yolunun tikinti işlərinin gecikdiyini bildiriblər.

Ərdəbil dəmir yolu layihəsi Şərqi Azərbaycan vilayətində yerləşən Miyana şəhərini Ərdəbilə birləşdirir. Layihənin başlanmasından günümüzə qədər təxminən iyirmi il keçsə də, hakimiyyətə gələn hökumətlərin bununla bağlı verdiyi vədlər davam edir.

Xarici siyasət və enerji geosiyasəti üzrə ekspert Ümid Şükri öz Twitter hesabında Ərdəbil dəmir yolu layihəsinin başa çatmamasının səbəbinin hakimiyyətin “Ərdəbil və digər sərhəd vilayətlərinə qarşı təhlükəsizlik və ayrı-seçkilik baxışından” qaynaqlandığını qeyd edib. “Bu gün Rəisinin də bu layihənin açılışı ilə bağlı yeni vədi var. Ərdəbildə yollar naziri Rüstəm Qasemi də bu layihənin min milyard tümənlik kreditə ehtiyacının olduğunu açıqlayıb.” -deyə ekspert yazıb.

İbrahim Rəisinin Ərdəbil vilayətinə səfəri zamanı Yol naziri Qasımi layihənin tamamlanması üçün büdcənin ayrılacağına dair vəd etməklə yanaşı, dəmir yolunun Ərdəbildən Parsabad şəhərinə çəkiləcəyini və Azərbaycan Respublikasına qoşulacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG